Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:58

Fantastika bizi betondan xilas edə bilərmi


Tikinti

Fantastika janrı internetdən mobil telefonlaradək çox şeyin proqnozunu əvvəlcədən verib. Bəs görəsən, o bizə gələcəyin betonsuz şəhərlərini qurmağa kömək edə bilərmi?

Fantastik əsərlərdə çoxlu şəhərlərə rast gəlirik: Fritz Lang-ın 1927-ci ildə çəkdiyi məşhur «Metropolis» filmindəki şüşə və dəmirdən tikilmiş utopik şəhəri, Ridley Scott-un «Blade Runner» (1982) filmindəki qorxunc, ancaq maraqlı despotik labirinti onlara misal göstərmək olar. Ancaq fantastik filmlərin yaradıcıları nadir hallarda bu şəhərlərin hansı materialdan tikildiyini göstərirlər.

Brilyantı kosmosdan gətizdirmək

1939-cu ildə keçirilmiş Nyu-York Dünya Yarmarkasının «Futurama» sərgisi ziyarətçiləri çoxmərtəbəli yaşayış binaları və avtomobil yolları (General Motors-un sponsorluğu ilə) ilə heyrətləndirmişdi. Sərginin dizayneri Norman Bel Geddes idi. Dizayn heyrətamiz olsa da, təklif olunan materiallar beton və poladdan ibarət idi. Vizion yeni, materiallar köhnə.

1950-ci və 60-cı illərin fantastika jurnalları gələcəyin şəhərinə aid təsvirlərlə dolu idi: şəffaf günbəzlərlə örtülmüş hay-tek metropolislər, antiqravitasiya yataqlarının üzərində atmosferin yüksək qatlarına qalxmış platformalar, dənizin altında salınmış şəhərlər. Ancaq belə materiallar nadir hallarda praktik məcraya keçirdi.

Lakin bəzən konstruksiya materiallarından da söhbət düşürdü. Arthur C Clarke-ın «Cənnətin fontanları» (The Fountains of Paradise) kitabında (1979) hiperfilament adlı supernazik və supergüclü materialdan söz açılır. O, «davamlı psevdo-birölçülü brilyant kristal» kimi təsvir olunur. Ondan köhnə binaları qoruyub saxlamaq üçün şəffaf örtük kimi istifadə oluna, yaxud tamamilə yeni binalar tikilə bilər. Ondan hətta orbitə qədər gedib çata bilən xüsusi liftlər üçün hündür qalalar da inşa etmək olar. Bunun üçün gərəkən nəhəng miqdarda brilyantsa kosmosdan əldə edilə bilər. Müəllif kitabda hətta Yupiterin nüvəsinin Yer kürəsi ölçüsündə brilyantdan ibarət olduğunu yazır.

Bulud geli, sinmayan şüşə, mars betonu

Kim Stanley Robinson-un «Sakit okean sahili» (Pacific Edge) adlı romanında (1990) hadisələr Kaliforniyada yerləşən, ekoloji davamlı tikinti materiallarına üstünlük verən kiçik icmaların yaşadığı utopik yaşıl şəhərdə cərəyan edir. Taxta divarların üstünü «bulud geli» (cloudgel) adlı parçadan hazırlanan materialdan ibarət damlarla örtürlər. Bu material aşağı temperaturlarda günəş işığını içəri buraxmaq üçün şəffaf, yüksək temperaturlarda isə günəş işığını əks etdirmək üçün tutqun olur.

Yevgeny Zamiatin-in 1921-ci ildə yazdığı «Biz» adlı distopiyası George Orwell-in «1984» və Aldous Huxley-nin «Gözəl yeni dünya» (Brave New World) romanı kimi, bir neçə əsərə ilham verib. Zamiatin-in min il sonrakı gələcəkdən bəhs edən dünya dövlətində insanlar tamamilə şüşədən tikilmiş çoxmənzilli bloklarda yaşayır ki, hər kəs daim nəzarətdə olsun. Özəl həyatın yoxa çıxması xoş olmasa da, bütün binaların gücləndirilmiş, sınmayan şüşədən inşa edildiyi şəhər betondan tikilmiş şəhərdən daha ekoloji olardı. Əlbəttə, qalan məsələləri pərdələrlə həll etmək olar.

Digər planetlərin məskunlaşdırılması məsələsi də yazıçı-fantastların düşüncəsini məşğul edib. ABŞ-ın Massaçusets ştatındakı Şimal-Qərb Universitetinin tikinti materiallarını öyrənən alimləri bu yaxınlarda maraqlı təklif irəli sürüblər. Onların sözlərinə görə, Marsda məskunlaşacaq kolonistlər bu planetdə bol olan kükürdü 240ºC-dək qızdırıb maye halına salaraq qırmızı planetin torpağı ilə qarışdıra, bu qarışığı soyudaraq xüsusi növ beton əldə edə bilərlər. Bu, adi betonla müqayisədə həm kosmik kolonistlər üçün daha rahat, həm də ekoloji cəhətdən daha əlverişli material olardı. «MIT Technology Review» jurnalı yazır ki, «Mars betonu sonradan qızdırılmaqla, kükürd əridilməklə dəfələrlə təkrar istifadəyə buraxıla bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG