Keçid linkləri

2026, 02 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:11

BVF mərkəzi bankların müstəqilliyindəki çatışmazlıqları araşdırıb – Azərbaycan da var

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı

Yaxın Şərq, Orta Asiya və Qafqaz ölkələrinin mərkəzi bankları inflyasiyanı nəzarətdə saxlamaq üçün siyasi təzyiqlərdən və hökumətlərin tələblərindən daha yaxşı qorunmalıdır. Bunu Beynəlxalq Valyuta Fondu (BVF) iyunun 2-də yayımladığı araşdırmada bildirib.

"Reuters" yazır ki, Yaxın Şərqdəki müharibə regionun həssas iqtisadiyyatlarında qiymət artımını yenidən gündəmə gətirdiyi bir vaxtda bu məsələ daha da aktuallaşıb. Sənəddə ABŞ və İsrailin İranla müharibəsi birbaşa təhlil olunmasa da, araşdırma məhz enerji qiymətlərinin bahalaşdığı bir dövrdə yayılıb.

Araşdırma müəlliflərinə görə, mərkəzi bankları güclü təminatlarla qorunan ölkələr qəfil iqtisadi şoklar dövründə inflyasiyanı daha uğurla cilovlaya bilirlər. Belə ki, daha müstəqil mərkəzi banklar neft və ya ərzaq qiymətlərindəki şokların qarşısını ala bilməsələr də, onların uzunmüddətli inflyasiyaya çevrilməsinə mane ola bilərlər.

Araşdırmada qeyd edilir ki, əsasən Qafqaz və Mərkəzi Asiya ölkələrində inflyasiya hədəfləmə rejimləri tətbiq olunur. Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistan pandemiyadan sonrakı qiymət artımına qarşı pul-kredit siyasətini çevik sərtləşdirən ölkələr kimi göstərilir.

Sabit məzənnə rejimindən istifadə edən ölkələr isə etibarlı nominal lövbər sayəsində inflyasiya ilə daha uğurla mübarizə aparıblar. Bu ölkələr sırasında Azərbaycanla yanaşı, Körfəz Əməkdaşlıq Şurası dövlətləri, İraq, İordaniya, Mavritaniya və Mərakeşin adı çəkilir.

Müəlliflər vurğulayırlar ki, pul siyasəti mexanizmlərinin zəif olduğu və ya fiskal təzyiqlərin güclü hiss olunduğu iqtisadiyyatlarda inflyasiyanı cilovlamaq çətinləşib. Buna Livan misal göstərilir – bu ölkədə iqtisadi çöküş nəzarətdən çıxmış inflyasiyaya səbəb olub. Misir və Pakistanda isə yüksək daxili borc mərkəzi bankların faiz dərəcələrini çevik şəkildə artırmaq imkanlarını məhdudlaşdırıb.

XS
SM
MD
LG