Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Hesabat: Plastik butulkada su təhlükəlidir


Su
Su

Dünyanın qablaşdırılmış içməli su istehsal edən markalarının məhsullarının tərkibində kiçicik plastik zərrəciklər mövcuddur. Bu zərrəciklərin qablaşdırma prosesində sızdığı ehtimal olunur.

Doqquz ölkədə aparılmış araşdırmanın nəticəsi olan hesabat çərşənbə günü – martın 14-də ABŞ-n «Orb Media» adlı qeyri-hökumət qurumu tərəfindən dərc edilib. Araşdırmanın rəhbəri mikroplastikləri tədqiq edən alim Sherri Mason-dur.

250 butulka su öyrənilib

Tədqiqatçılar Braziliya, Çin, Hindistan, İndoneziya, Keniya, Livan, Meksika, Tailand və ABŞ-da 250 butulka suyu sınaqdan keçiriblər. Götürülmüş su nümunələrinin 93 faizində plastik hissəciklər aşkarlanıb. Bura «Aqua», «Aquafina», «Dasani», «Evian», «Nestle Pure» «Life» və «San Pellegrino» kimi markaların məhsulları da daxildir.

Suyun tərkibində aşkarlanan plastikin arasında neylon, polietilen tereftalat (PET) və qapaqların hazırlandığı polipropilenin olduğu bildirilir.

«Bu araşdırmada aşkarladığımız hissəciklərin 65 faizi lif yox, fraqmentlərdir. Düşünürəm ki, bu, suyun qablaşdırılması zamanı baş verir. Mənə elə gəlir ki, gördüyümüz plastikin çoxu qabın özündən, qapağından və suyun qablaşdırılması ilə bağlı sənaye prosesindən gəlir», – deyə Mason AFP-yə bildirib.

Hesabatda deyilir ki, suyun tərkibində aşkarlanan hissəciklərin konsentrasiyası bir şüşədə 0-dan 10 minədək dəyişib. Başqa sözlə, bircə plastik şüşə suyun tərkibində 10 minədək plastik maddə hissəciyi aşkarlanıb.

Su dalınca qonşu kəndə gedənlər
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Xəstəliklərlə əlaqə

Orta hesabla suyun bir litrinə ölçüsü 100 mikron (0.10 santimetr) olan (bu ölçüdə olan hissəciklərə isə «mikroplastik» deyilir) 10.4 plastik hissəcik düşür. Ancaq bundan daha kiçik hissəciklərə daha çox rast gəlinib – hər litrə 325 hissəcik.

Məhsullarının tərkibində plastik aşkarlanmış digər markalarsa «Bisleri», «Epura», «Gerolsteiner», «Minalba» və «Wahaha»dır.

Ekspertlər xəbərdar edirlər ki, bu qəbildən olan çirklənmənin insan sağlamlığına təsiri öyrənilməmiş qalır.

«Bu hissəciklərlə xərçəngin müəyyən növləri, sperma sayının aşağı olması, diqqət defisiti və hiperaktivlik pozğunluğu (ADHD) və autizm kimi xəstəliklərin artması arasında əlaqə var», –deyə Mason vurğulayıb.

«Bilirik ki, bu xəstəliklər ətraf mühitdəki bu sintetik kimyəvi maddələrlə bağlıdır. Onu da bilirik ki, plastik həmin kimyəvi vasitələrin bədənimizə keçməsini təmin edir», – deyə o əlavə edib.

Plastikdən imtina etmək vaxtıdır?

«Orb Media» təşkilatının daha öncə apardığı araşdırma zamanı kran suyunun tərkibində də plastik maddə hissəcikləri aşkarlanmışdı, ancaq onun miqdarı qablaşdırılmış sudakı qədər deyildi.

«Ümumilikdə, kran suyu qablaşdırılmış sudan xeyli təhlükəsizdir», – Mason deyir.

Yeyilə bilən 'butulkalar' ixtira olundu
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Tədqiqatçılar üç ay davam edən araşdırma zamanı Şərqi Anqliya Universitetinin (UEA) Kimya Məktəbinin işləyib hazırladığı üsuldan yararlanıblar. Onlar mikroplastik hissəcikləri «görmək» üçün flüorisent «Nile Red» boyasından istifadə ediblər. Bu boyadan istifadə zamanı plastik hissəciklər mavi işıq fonunda işıq saçmağa başlayır.

«Araşdırmanın güclü və etibarlı olmasını təmin etmək üçün biz nəticələri və metodologiyanı müstəqil şəkildə nəzərdən keçirmişik», – UEA Kimya Məktəbinin baş tədqiqatçısı Andrew Mayes deyir.

Dənizlərin ekologiyası üzrə ixtisaslaşmış «Oceana» təşkilatının Şimali Amerika üzrə baş əməkdaşı, sözügedən araşdırmaya qatılmamış Jacqueline Savitz-in sözlərinə görə, bu tədqiqatın nəticələri sübut edir ki, cəmiyyət hazırda hər yeri basmış plastik butulkalardan istifadədən imtina etməlidir.

«Biz plastikin dəniz heyvanlarının bədənində toplandığını bilirik. Bu isə o deməkdir ki, özümüz də, hətta bəzilərimiz hər gün plastik maddələrin təsirinə məruz qalırıq», – o deyib.

«Bu gün daha təcili şəkildə plastik butulkalardan imtina etməliyik», – deyə o əlavə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG