Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:48

'Bunun üçün Konstitusiyaya dəyişikliklər olmalıdır'


A.Hacılı
A.Hacılı

Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün bərabər imkanlar varmı? Ölkədə bu suala fərqli yanaşmalar var...

Müsavat Partiyası başqanı Arif Hacılı AzadlıqRadiosuna deyib ki, çoxpartiyalı siyasi sistemin əsas şərti siyasi partiyalara bərabər şəraitinin yaradılmasıdır: «Amma Azərbaycanda siyasi partiyalara nəinki bərabər şəraiti yaradılmayıb, əksinə, hakimiyyətə yaxın partiyalar dövlət resursları hesabına fəaliyyət göstərir. Müxalifət partiyalarına isə hətta öz partiyadaxili fəaliyyətində belə maneələr törədilir».

Müsavat Partiyası rəhbəri vurğulayıb ki, gerçək müxalifət partiyaları dövlət büdcəsindən maliyyələşdirilmir, onların bir çoxunun ofisləri əllərindən alınıb:

«Azərbaycan hakimiyyəti nə Konstitusiyaya, nə də qanuna əməl edir»

«Əslində Azərbaycanda çoxpartiyalı sistemin mövcud olması Konstitusiya ilə təsbit edilib. «Siyasi partiyalar haqqında» Qanun partiyaların bərabərhüquqlu rəqabət şəraitini nəzərdə tutur. Amma təəssüf ki, Azərbaycan hakimiyyəti nə Konstitusiyaya, nə də qanuna əməl edir».

Yeni Azərbaycan Partiyasının təmsilçisi, deputat Musa Quliyev isə «Turan» agentliyinə açıqlamasında ölkədə siyasi partiyalara ayrı-seçkilik qoyulması barədə fikirləri əsassız sayıb:

M.Quliyev
M.Quliyev

«Partiyanın heç bir siyasi nüfuzu, dəstəyi yoxsa,...»

«Bu məsələlər «Siyasi partiyalar haqqında» Qanunla tənzimlənir. Əgər iddia edirlərsə ki, eyni şərait yaradılmır, parlamentdə 11 partiya təmsil edilir. Hamısına da eyni münasibət var. Parlamentdə olan partiyalara da fəaliyyətini gücləndirmək üçün dövlət tərəfindən dəstək göstərilir».

M.Quliyev daha sonra da deyib: «Parlamentdə o partiya təmsil edilir ki, heç olmasa, bir seçki dairəsində seçicilərin səsini almış olsun. İnsanlar yığılıb partiya yaradırsa, qanun buna icazə verir. Amma partiyanın heç bir siyasi nüfuzu, dəstəyi, cəmiyyət arasında gücü yoxsa, ona kim şərait yaratmalıdır?».

Müxalif partiyaların ofislərinin əlindən alınması ilə bağlı deyilənlərə gəlincə, M.Quliyev vurğulayıb ki, dövlət heç kəsin ofisini əlindən almayıb: «Partiya özü ofisini tapmalı, aidiyyəti dövlət qurumlarına müraciət etməli, icarə müqaviləsi bağlamalıdır».

F.Mustafa
F.Mustafa

«Proporsional seçki sistemi tətbiq olmayınca...»

Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da deyib ki, rəhbərlik etdiyi partiyanın fəaliyyətinə maneçilik yoxdur və parlamentdə də normal fəaliyyət göstərir. Amma F.Mustafa vurğulayıb ki, bütövlükdə ölkədə partiya demokratiyasının inkişafı üçün proporsional (Namizədlər partiya siyahısı ilə verilir-red.) seçki sistemi olmalıdır və bu, tətbiq olunmayınca, partiyalar inkişaf edə bilməyəcək: «Proporsional seçki sistemi tətbiq olmayınca isə, hətta hər hansı maneələr olmasa belə, partiyalar inkişaf edə bilməyəcək. Əgər partiya öz proqramı ilə heç yana çıxa bilmirsə, seçkiyə qatılmırsa, seçki rəqabətində olmursa, sabah parlamentdə də müəyyən fraksiya, koalisiya yarada bilmirsə, bunlar hamısı partiyaların inkişafını əngəlləyir. Bu isə ölkədə olan siyasi sistemin partiya demokratiyasına tam geniş mənada qapı açmaması ilə bağlıdır».

«Parlament partiyalarının maliyyələşməsi,...»

Seçki eksperti, hüquqşünası Hafiz Həsənov isə Azadlıq Radiosuna vurğulayıb ki, hakimiyyətin üzərində bütün siyasi partiyalar üçün eyni, əlverişli siyasi mühit yaratmaq öhdəliyi var: «Ona görə də hesab edirəm ki, istər siyasi partiyaların yaradılmasında, qeydə alınmasında, fəaliyyətində və maliyyələşməsində fərq olmamalıdır. Amma parlament partiyalarının maliyyələşməsi, digər partiyaların maliyyələşməməsi kimi fərqlər göstərir ki, belə siyasi fərqlər siyasi partiyalar arasında bərabər imkanları aradan qaldırır. Bu, daha çox hakimiyyət və hakimiyyətə yaxın partiyaların normal fəaliyyətinə hesablanıb».

H.Həsənov
H.Həsənov

H.Həsənov qeyd edib ki, siyasi partiyalara belə fərqlər qoyulması ölkədə vətəndaşların siyasi məsələlərdə passiv qalmasına əsas yaradan amillərdəndir: «Yəni, insanlar siyasi partiyalarda siyasətlə məşğul olurlar. Odur ki, partiyalar arasında belə fərq olanda onlar belə riskli siyasi fəaliyyətdən uzaq dururlar, müxalif siyasi partiyalardan kənarlaşırlar».

Proporsional seçki sisteminin tətbiqinə gəlincə, H.Həsənov deyib ki, bu, parlamentli ölkələr üçün xarakterik seçki sistemidir. O xatırladıb ki, bir neçə seçki öncə Azərbaycanda da 125 deputatın 25-i proporsional qaydada seçilib: «Amma Konstitusiyaya edilən dəyişikliklərlə bu da aradan qaldırıldı. Amma, ümumiyyətlə, hesab edirəm ki, siyasi partiyaların inkişafı, vətəndaşların idarəetmədə aktivləşməsi və ideyaların müzakirəsi baxımından proporsional seçki sistemi zəruridir. Bunun üçün isə Konstitusiyaya dəyişikliklər olmalıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG