Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:42

Seçkilərə getmirlər...


Seçki plakatı
Seçki plakatı

İki aydan sonra – dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bələdiyyə şurlarına üzv olmaq istəyənlərin namizədliklərini irəli sürmələrinə oktyabrın 19-dan start verilib.

AzadlıqRadiosu bir neçə partiyadan seçkilərdə iştirak edib-etməyəcəyini soruşub.

REAL seçkiyə qatılır, amma...

REAL Partiyasının icra katibi Natiq Cəfərli Mərkəzi Seçki Komissiyasına (MSK) ərizə verərək seçkilərə partiya kimi qatıla bilmədiklərini bildirir. Onun sözlərinə görə, hökumət zamanında onlara qurultay keçirmək üçün yer vermədiyindən tədbiri onlayn formatda keçirməyə məcbur qalıblar, bu da qeydiyyata alınmaq üçün yetərli deyil.

N.Cəfərli
N.Cəfərli

«Qeydiyyatımız olmadığından partiya formatında bələdiyyə seçkilərinə qatıla bilmirik, qanunvericilik buna imkan vermir», - N.Cəfərli deyir.

Amma icra katibi partiya üzvlərinin fərdi qaydada namizədliklərini vermək imkanlarının olduğunu söyləyir. N.Cəfərli bu istiqamətdə mütəxəssislərin iştirakıyla ciddi araşdırmalar apardıqlarını qeyd edir.

«Regionlarla bağlı araşdırma bitib. Yaxın günlərdə hansı bələdiyyələrdə, hansı formada iştirak etmək, seçkilərdə əsas şüar, tezislər, tələblər nə olacaqsa, bununla bağlı qərar veriləcək», - REAL-ın icra katibi bildirir.

O etiraf edir ki, bələdiyyə seçkilərinə çox aşağı səviyyədə maraq var, «səbəb də bələdiyyələrin institut olaraq Azərbaycanda ölü doğulmasıdır». Onun sözlərinə görə, bələdiyyələrə inam, onların səlahiyyətləri, maliyyə dayanıqlığı çox aşağı səviyyədədir.

«Elə buna görə də insanların bələdiyyə seçkilərinə inamı aşağıdır. Odur ki, insanları inandırıb seçkiyə gətirmək, bələdiyyə seçkilərində iştiraka sövq etmək çox çətin prosesdir. İndiki şəraitdə bələdiyyə seçkilərinin normal keçiriləcəyi ilə bağlı ehtimal çox azdır», - icra katibi deyir.

AXCP: «Seçki müzakirəsinə lüzum da yoxdur»

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli isə bələdiyyə seçkilərində iştirak məsələsinin nə partiyada, nə də Milli Şurada müzakirə edildiyini söyləyir. Onun qənaətincə, bu müzakirəyə lüzum da yoxdur:

N.Məmmədli
N.Məmmədli


«Çünki demokratik seçki mühiti olmayan bir ölkədə seçkiyə getmək xalqı öz məğlubiyyətiylə barşdırmaq, bu rejimə legitimlik donu geyindirməyə xidmət edir».

N.Məmmədliyə görə, «Azərbaycanda seçki sistemi tamamilə məhv edilib, seçkinin taleyi, kimin hara seçiləcəyi yuxarılarda və seçki komissiyalarında həll edilir»: «Hakimiyyətin seçki prosesinə qeyri-ciddi münasibəti onda təzahür edir ki, seçkilərə çox qısa müddət qalmasına baxmayaraq, hələ indi bu istiqamətdə hansısa addımlar atılır. Bu da ölkədə seçki sisteminin tamamilə məhv edilməsinin bariz nümunəsidir».

Ali Məclis sədri deyir ki, buna görə də Milli Şurada və ya AXCP-də seçkiyə hər hansı maraq yoxdur.

Müsavat da seçkilərə getmir

Müsavat Partiyasından isə deyiblər ki, partiyanın bələdiyyə seçkilərində iştirak etmək haqda qərarı yoxdur, veriləcəyi də gözlənilmir.

Partiyadan AzadlıqRadiosuna «Müsavat partiyasının yerli strukturlarında bələdiyyə seçkilərinə maraq göstərən kimsə yoxdur» deyə cavab verilib. Həmçinin, bələdiyyə seçkilərinin hər hansı maraq kəsb etmədiyi qeyd edilib. Səbəb kimi «bələdiyyələrin heç bir səlahiyyətinin olmaması, icra hakimiyyətinin əlavəsinə çevrilməsi, statusunun qeyri-müəyyən olaraq qalması» göstərilib.

Hakim partiyadan bir cümlə

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə bələdiyyə seçkilərində iştirak edəcək. Bu haqda partiyadan deyilib, əlavə şərh verilməyib.

H.Həsənov
H.Həsənov

Əvvəlkilərdən heç nə ilə fərqlənmir

«Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə deyir ki, bu seçkilər özündən əvvəlkilərdən heç nə ilə fərqlənmir: «Yəni, nə seçki qanunvericiliyində, nə bələdiyyələrin statusunda, nə də seçki administrasiyasının tərkibində dəyişiklik oldu. Əvvəlki seçkilərdə hansı komissiyalar hansı qanunla seçkini keçirirdisə, indi də həmin tərkib keçirir. Ona görə də hesab edirəm ki, bu seçkilər əvvəlki seçkilərdən heç nə ilə fərqlənməyəcək».

H.Həsənovun sözlərinə görə, 60 günlük seçki kampaniyası başlasa belə, ölkədə seçki olması hiss edilmir.

Seçki eksperti hesab edir ki, son günlər islahatlardan daha çox danışan hakimiyyət seçki islahatlarının aparılması yönündə real addımlar atsa, çox yaxşı olardı.

Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən keçirilməyə başlayıb. İndiyə kimi bələdiyyələrə 4 dəfə seçki olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG