Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:47

Bunları yeyəkmi, yeməyəkmi


Qida
Qida

Son zamanlar mal ətindən bəzi balıq növlərinə, avokadodan soyayadək bir çox qidalar ətrafında çoxlu etik və ekoloji suallar yaranıb. Bəzilərinin istehsalının meşələrin qırılmasına, ətraf mühitin çirklənməsinə yol açdığı, bəzi istehsalçıların uşaq əməyindən istifadə etdiyi, digərlərinin su ehtiyatlarını tükəndirdiyi iddia olunur. Artıq qida qəbulu narahatlıqla əhatələnib.

Bəs mütəxəssislər bu haqda nə deyirlər? Hansı qidalardan istifadə planetə və cəmiyyətə zərər vurmur?

Kahını qablaşdırılmamış alın

«The Guardian» yazır ki, dünyada avokadoya tələbatın artması Çilidə quraqlıqdan əziyyət çəkən fermerləri çayın istiqamətini dəyişməyə vadar edib. Bu isə dolayı yolla meşələrin azalmasına xidmət edir. Qəzet bunun əvəzinə Meksikanın ədalətli ticarət (Fairtrade) kollektivlərinin avokadolarını almağı tövsiyə edir.

Qəzetin yazdığına görə, qablaşdırılmış kahı Britaniyada ən çox atılan qida məhsulu imiş. Adamlar onu ağıllarında xüsusi bir yemək növünü düşünmədən alır, sonra da istifadə etmədən köhnəldib atır. Britaniyada alınan qablaşdırılmış kahının 40%-ə qədərinin atıldığı bildirilir. Qəzet bundansa yayda ölkənin özündə yetişdirilmiş, qablaşdırılmamış kahı almağı, qışda isə kələm və yaşıl yarpaqlı qış tərəvəzlərinə üstünlük verməyi tövsiyə edir.

Mal ətinin istehlakına qarşı arqument ilk növbədə günahsız canlıların insanın istəyinə qurban verilməsi və istixana qazlarının yaranması ilə əsaslandırılır. BMT-nin Qıda və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, ayrılan istixana qazlarının ən böyük hissəsi həm ət, həm də südünə görə yetişdirilən iribuynuzlu mal-qaranın payına düşür. Ancaq qurum həm də istehsal tərzinin böyük fərq yaratdığını etiraf edir. Başqa sözlə, ənənəvi otlaqlarda otarılan, açıq havada saxlanılan mal-qaranın ətraf mühitə ziyan vurduğu iddia olunmur. Əksinə, ənənəvi otlaqların karbon qazını tutub saxlayaraq onun atmosferə getməsini önlədiyi bildirilir.

Qoz-fındıq alıb özünüz yağ, spred düzəldin

Palma və qərzəkli meyvələrin yağı ətrafında da çoxlu ziddiyyətli fikirlər səslənir. Palma yağı istehsalının meşələrin qırılması ilə müşayiət olunduğu bildirilir. Hətta «dayanıqlı» istehsalın belə, meşələrin qırılmasına yol açmadığını iddia edə bilmərik.

Qərzəkli meyvələrdən Kaliforniya badamının istehsalının su ehtiyatlarını tükəndirdiyi, Türkiyə fındığını istehsal edənlərinsə uşaq əməyini istismar etdiyi iddia olunur. Keşyu fındığının yetişdiyi Vyetnamda isə insan hüquqları pozulur. Qəzet bu baxımdan «evə yaxın», yəni Avropada (Britaniya, İspaniya və İtaliyada) yetişən qoz-fındığa üstünlük verməyi, onu böyük həcmdə alıb yağ və spredləri evdə düzəltməyi tövsiyə edir. Bundan başqa, yerfındığının təbii olaraq az su tələb edən, azotu tutub saxlayan, ətraf mühitə ziyan vurmayan məhsul olduğunu, hətta digər bitkilərlə növbəli əkilən zaman torpağın eroziyasının qarşısını aldığını yazır.

«İnsanın soyadan birbaşa istifadəsi çox olmadığı üçün meşələrin qırılmasına görə tofu və soya südünü qınamaq düzgün deyil», – qəzet yazır. Ancaq, eyni zamanda, qeyd edilir ki, əsas problem ət və ət məhsullarının istehsalındadır. Çünki məhsulunu aldığınız istehsalçının mal-qaraya soya yedirdiyini bilmək demək olar ki, qeyri-mümkündür. Bu səbəbdən ət və balığı orqanik, yerli, mümkünsə, birbaşa fermanın, yaxud balıqçının özündən almaq tövsiyə olunur.

Kakao

Ən iri şokolad markaları soya və palma yağı işlətdiyi üçün bu məhsul da etik suallarla əhatə olunub. Kakaonun özünə gəlincə, onun çox hissəsi Fil Dişi Sahili və Qanadakı kiçik sahibkarlardan gəlir. Qiymətlərin dəyişməsi onları çox həssas vəziyyətə salır, yoxsulluğun artmasına yol açır. Bir qrup QHT-ni özündə birləşdirən konsorsiumun dərc etdiyi 2018-ci ilin «Kakao Barometri» hesabatında qeyd edilir ki, Fil Dişi Sahilində kakao yetişdirən ev təsərrüfatları gəlirin yalnız 37%-ni əldə edə bilir. Şokolad şirkətləri 2020-ci ilə qədər uşaq əməyini 70%-dək azaltmağa söz versələr də, onlardan heç biri bu öhdəliyə yaxın belə düşməyib.

Bundan başqa, kakao istehsalı meşələrin qırılmasına yol açır. «Ucuz kakaoya tələbat Qərbi Afrikanın təbii meşələrinin 90%-nin itirilməsinə səbəb olub», – qəzet yazır.

XS
SM
MD
LG