Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Malayziya təyyarəsinin vurulması işi üzrə şübhəli saxlanıb


BUK-332 qurğusunun daşınmasını göstərdiyi iddia edilən foto
BUK-332 qurğusunun daşınmasını göstərdiyi iddia edilən foto

Ukraynanın Təhlükəsizlik Xidməti – SBU 2014-cü ildə Malayziya Hava Yollarının MH17 reysi ilə uçan təyyarəni vurmuş Buk zenit-raket qurğusunu daşımaqda şübhəli bilinən şəxsin saxlandığını xəbər verir.

Ukrainskiye Novosti agentliyinin xəbərinə görə bu barədə məlumatı SBU-nun baş istintaq idarəsinin rəisi Vitali Mayakov verib.

Mayakovun sözlərinə görə saxlanmış şübhəli Buk raket kompleksini Donetsk ərazisində daşıyan avtoyedəyin sürücüsüdür.

İstintaqın versiyasına görə Buk raket kompleksi o vaxt Rusiyadan gətirilmişdi.

Bu da xəbər verilir ki, onun şəxsiyyəti mobil telefonla çəkilmiş video ilə müəyyənləşdirilib.

SBU sözçüsü bildirir ki, şübhəli Rusiya ilə sərhədin Ukraynanın nəzarətində olan keçid-buraxılış postunda saxlanıb.

Bununla belə şübhəlinin nə vaxt saxlandığı xəbər verilmir. Ukraynanın istintaq və məhkəmə orqanlarının bu şübhəli barədə qərarının olub-olmadığı da bilinmir.

SBU idarə rəisinin sözlərinə görə şübhəli “cəzasını Ukrayna ərazisində çəkir”.

Hazırda MH17 reysi ilə uçan Boeing-in qəzası üzrə 150 nəfər barədə araşdırma aparılır.

2014-cü il iyulun 17-də Ukraynanın Donetsk vilayəti üzərində Malayziya Hava Yolları şirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 198 nəfərin hamısı həlak olub.

Onlardan 193-ü holland, 27-si avstraliyalı, 4-ü belçikalıdır.

İyulun 17-də bu aviaqəzanın 5-ci ildönümü qeyd olunub. Hollandiyada və Malayziyada sərnişinlərin və ekipajın xatirə mərasimləri keçirilib.

Elə həmin gün Avropa Liderləri Şurası Rusiyanın hakimiyyət orqanlarını sərnişinlərin ölümü üçün öz payına düşən məsuliyyəti üzərinə götürməyə çağırıb.

Şura öz bəyanatında Moskvanı bu işin istintaqı ilə tam əməkdaşlığa çağırır.

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov deyib ki, Moskva özünün iştirakı olmayan istintaqa ciddi yanaşa bilməz.

İyunun 19-da Hollandiya prokurorluğu bu iş üzrə Rusiyanın 3, Ukraynanın 1 vətəndaşına qarşı rəsmi cinayət işi açıb. Onların hamısı Ukraynanın şərqindəki separatçıların sıralarında döyüşüblər.

Bunlar Donetsk separatçılarının keçmiş başçısı Igor Strelkov (əsl soyadı Girkin), onun müavini Sergey Dubinski (ləqəbi Xmurıy), Dubinskinin köməkçisi Oleg Pulatov (ləqəbi Gürzə) və Leonid Kharchenko-dur (ləqəbi Krot).

İstintaq hesab edir ki, onlar Buk zenit-raket kompleksinin Rusiya ərazisindən gətirilməsinin təşkilinə görə məsuliyyət daşıyırlar.

Təyyarənin məhz bu raket kompleksi ilə vurulduğu düşünülür.

Strelkov və Dubinski ittihamları qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG