Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 06:14

'Prezidentə yazırıq, cavab gəlmir'


Ə.Hacıyeva

«Artıq 7 aydır ki, qardaşımla nə görüşə bilirəm, nə də telefonla danışıram. Qanunla ona verilən bu hüquqları aylardır ki, pozulur. Məhkəməyə şikayət edirik, baxmaqdan imtina edilir, dövlət orqanları ərizələrimizə baxmır. Bu üç ildə gördüm ki, məmurlar nə qədər qanunsuzluqlar eləyir...», – Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın sözləridir.

Sentyabrın 13-dən qardaşının yaxınlarıyla telefonla danışmaq və görüş hüququnun məhdudlaşdırıldığını deyən Ə.Hacıyeva buna görə 1 Saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyini məhkəməyə verib. Amma 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəyə baxmaqdan imtina edib. Bakı Apellyasiya Məhkəməsi də bugünlərdə o qərardadı qüvvədə saxlayıb.

«İş o həddə çatıb ki, hətta bədii kitabları da Cahangirə vermirlər. Dövlət orqanlarına yazırıq, cavab gəlmir, məhkəmə şikayətə baxmır. Əminəm ki, prezidentə yazdığım məktubları da ona çatdırmırlar. Qanunsuzluğu edən məmurlar buna imkan verməzlər axı...», – Ə.Hacıyeva AzadlıqRadiosuna bildirib.

Qardaşına tətbiq olunan qadağaların onun səhhətinə təsirsiz ötüşmədiyini deyən Ə.Hacıyeva əlavə edib ki, şikayət və məktublarına qanun çərçivəsində baxılmasa, qanunsuzluqlar aradan qaldırılmasa, bununla əlaqədar beynəlxalq təşkilatlara müraciət edəcək: «Avropa Məhkəməsi mənim ölkədən çıxışıma qadağanı pozuntu sayıb. Bundan sonra yerli məhkəmə də o qadağanı aradan qaldırıb. Amma mən yenə də ölkədən gedə bilmirəm, buraxmırlar. Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə də bu haqda məlumat verəcəyəm».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, Bakı İstintaq Təcridxanasında C.Hacıyevə münasibətdə heç bir qadağa yoxdur: «Onun heç bir hüququ məhdudlaşdırılmır. Kitab məsələsinə gəlincə, Penitensiar Xidmət olaraq biz özümüz saxlanılan şəxslərin mütaliəli olmasında, kitab oxumasında maraqlıyıq. Əlbəttə, məhkumlara göndərilən kitablar senzuradan keçirilir, qadağan edilmiş ədəbiyyat deyilsə, onun verilməsində heç bir problem ola bilməz».

Xatırlatma

C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

Hazırda onun haqqındakı ikinci cinayət işi üzrə ümumilikdə 22 nəfərin məhkəməsi gedir. Onlara qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.

C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığı ilə keçmiş deputat Dünyamin Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib.

C.Hacıyev özünü təqsirli bilmir.

Multimedia

XS
SM
MD
LG