Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:29

Britaniya parlamentində 1629-cu il hadisəsi 'az qala' təkrar olunub


Parlamnetin dayandırılması qərarına etiraz aksiyası
Parlamnetin dayandırılması qərarına etiraz aksiyası

Sentyabrın 9-dan 10-a keçən gecə Britaniya parlamentində dramatik saatlar yaşanıb.

Buna səbəb parlamentin “proroqasiyası” və ya fəaliyyətinin müəyyən müddətə dayandırılmasının elan edilməsi olub.

Parlamentin spikeri İcmalar Palatasının fəaliyyətinin beş həftə müddətinə dayandırıldığını elan edən kimi onun masası qarşısında millət vəkilləri arasında fiziki çəkişmə və xaos başlanıb.

Bir qrup müxalif millət vəkili spiker John Bercow-un öz kürsüsünü tərk etməsinə imkan vermək istəmirdilər. Millət vəkilləri özlərini onun qabağına atır, yolunu kəsirdilər.

Spikerin özü proroqasiya barədə bunu “icra hakimiyyətinin amiranəliyi” adlandırıb.

Bercow hər halda kürsüsünü tərk etdikdən sonra onun yerinə “susdurulub” yazılmış lövhə qoyulub.

Millət vəkili Clive Lewis Twitter-də yazıb ki, bir sıra millət vəkilləri 1629-cu ilin səhnəsini təkrar etməyə cəhd göstəriblər.

1629-cu ildə kral I Charles parlamentin proroqasiyasını elan edəndə ovaxtkı millət vəkilləri spikerin öz kürsüsünü tərk etməməsi üçün onun paltarını kürsüyə mismarlamışdılar. Monarx və parlament arasında başlanmış müharibə 1649-cu ildə I Charles-ın edam edilməsi ilə nəticələnmişdi.

Oliver Cromwell I Charles-ın cənazəsinə baxir (1831)
Oliver Cromwell I Charles-ın cənazəsinə baxir (1831)

Britaniyanın siyasi simvolikasında spikerin kürsüsünü tərk etməsi parlamentin “dayandırılmasının” başlanğıcı sayılır.

Müxalifət və müstəqil millət vəkilləri hökumətin bu qərarını tənqid edir, “ar olsun” qışqırır və xorla mahnı oxuyurdular.

Bir çox millət vəkillərinin fikrincə baş nazir Boris Johnson parlamentin fəaliyyətini beş həftə müddətinə dayandırmaqla ölkəni Avropa İttifaqından sazişsiz çıxarmağa çalışır.

Bercow hökumətin bu qərarından hiddətləndiyini bildirib:

“Bu normal proroqasiya deyil. Tipik deyil. Standart deyil. Bu son onilliklərdə elan edilmiş ən uzun proroqasiyadır, təkcə mənin həmkarlarımın deyil, parlamentin çölündəkilərin gözündə də icra hakimiyyətinin özbaşınalığıdır”.

The Guardian yazır ki, 1629-cu ildə millət vəkilləri spikerin üstündə oturmuşdular. Amma Bercow-un üstündə oturmayıblar və o Lordlar Palatasını məlumatlandırmaq üçün İcmalar Palatasını tərk edə bilib.

Parlamentin iclası gecə saat 2-də başa çatıb və müxalifətdən olan millət vəkilləri spikeri alqışlarla yola salıblar.

Bununla belə baş nazir Boris Johnson erkən seçkilər barədə qərarını parlamentdən keçirə bilməyib.

"Vələmir quşu" əməliyyatı

Bundan başqa parlament Johnson-dan hökumətin sazişsiz Breksit planını açıqlaması üçün tələbnaməni 311-302 səs nisbəti ilə qəbul edib.

Hökumətin “Vələmir quşu sənədləri” (Yellowhammer documents) adlanan bu məxfi planı barədə məlumatlar sızmışdı. Hökumət bu kod adının təsadüfən seçildiyini bildirir.

Bu sənədlərdən birində deyilir ki, Britaniyanın Avropa İttifaqından sazişsiz çıxması dərman və ərzaq qıtlığı ilə nəticələnə bilər.

Parlament Boris Johnson-dan habelə parlamentin dayandırlmasına dair yazışmanın açıqlanmasını tələb edir.

Lakin hökumət mənbələri bildiriblər ki, Johnson bu sənədləri açıqlamaqdansa məhkəməyə müraciət etməyi üstün tutacaq.

Bu arada Reuters-in məlumatından bəlli olur ki, kraliça II Elizabeth I Charles-dan fərqli mövqe tutub.

Kraliça sentyabrın 10-da Britaniyanın oktyabrın 31-dək Avropadan sazişsiz ayrılmasını bloklayan qanunu təsdiqləyib.

İndi nə olacaq?

AFP agentliyi yazır ki, millət vəkilləri Boris Johnson-un erkən seçki təklifini ikinci dəfə rədd etdikdən sonra baş nazir dilemma qarşısında qalır.

Qarşıdan gələn həftələrdə bir neçə ssenari baş verə bilər:

Breksit yubadılır

Britaniya əgər Breksit üçün qoyulmuş son möhlətədək – oktyabrın 31-dək Avropa İttifaqından çıxmasa, London Brüsseldən Breksit müddətinin bir daha uzadılmasını rica edəcək. Bu rica Aİ-nin 27 üzvü tərəfindən yekdilliklə qəbul olunmalıdır.

Əgər qərar qəbul edilsə, Breksitin müddəti yanvarın 31-dək uzadılacaq. Bu baş nazir Avropa İttifaqı ilə oktyabrın 19-dək razılaşma əldə edə bilməsə baş verəcək.

Breksit sazişi

Johnson əgər Avropa İttifaqı ilə razılaşma əldə edə bilsə, ölkə ittifaqı oktyabrın 31-dək tərk edə bilər.

Amma bu, çox müşkül məsələyə oxşayır.

Keçmiş baş nazir Theresa May Aİ ilə razılaşmanı parlamentdən üç dəfə keçirə bilməyib.

Boris Johnson ümid edir ki, Aİ liderləri ilə oktyabrın 17-18-də keçiriləcək sammit zamanı dil tapa biuləcək.

Sazişsiz Breksit

Johnson deyib ki, onun üçün Breksitin müddətini uzatmaqdansa “ölüm yaxşıdır”.

Hökumət bildirir ki, Avropa İttifaqından sazişsiz ayrılmaq üçün qanunvercilikdəki boşluqları axtaracaq.

Boris Johnson-un istefaya gedə biləcəyini düşünənlər də var.

Erkən seçki

Parlamentdə müxalifətin tərəfinə keçmiş 21 mühafizəkar partiyadan xaric edildikdən sonra Johnson 650 yerlik parlamentdə çoxluğu itirib.

O belə şəraitdə çətin ki, fəaliyyət göstərə bilsin.

Baş nazir oktybarın 15-də erkən seçki keçirilməsini istəyirdi. O ümid edirdi ki, seçkini böyük səs çoxluğu ilə udsa, ölkəni Avropa İttifaqından sazişsiz də çıxara biləcək.

Lakin müxalifət bildirir ki, seçkiyə yalnız bir şərtlə razı ola bilər. Bunun üçün Aİ-dən sazişsiz ayrılma variantı masa üstündən götürülməlidir.

İndi seçkinin noyabrda keçiriləcəyinə dair söz-söhbətlər var.

Heç bir Breksit olmayacaq

Müxalif Leyborist Partiyası seçkidə qalib gəlsə, onda referendumun nəticəsi ləğv ediləcək və yeni referendum keçiriləcək. Bu referendumun nəticəsi tam fərqli ola bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG