Guardian yazır ki, Britaniya parlamentinin millət vəkilləri ölkənin Avropa İttifaqından ayrılmasına start verəcək 50-ci maddənin gecikdirilməsi barədə “tarixi qanunu” qəbul ediblər.
Bu qanun Birləşmiş Krallığın ittifaqdan hər hansı şəkildə sazişsiz ayrılmasını istisna edir.
Qəzet yazır ki, fövqəladə bir şəraitdə müxalif leyboristlərin nümayəndəsi Yvette Cooper və hakim Mühafizəkarlar Partiyasından Oliver Letwin tərəfindən redaktə edilmiş qanun layihəsi Lordlar Palatasından keçdikdən sonra aşağı palata - İcmalar Palatası tərəfindən də qəbul edilib.
Müxbirlər xəbər verirlər ki, bu qanun layihəsinin qəbul olunmasını ona edilmiş “misilsiz düzəliş” təmin edib. Bu düzəlişə görə hökumət sözü gedən səsverməyə müdaxilə edə bilməzdi.
Avropa İttifaqından Çıxış (nömrə 5) Aktı aprelin 8-də axşam saat 23 radələrində kraliçanın xeyir-duasını aldıqdan sonra baş nazir Theresa May 50-ci maddənin yubadılmasına və buna görə tarix müəyyən edilməsinə borcludur.
İcmalar Palatasının lideri Andrea Leadsom deyib ki, bu qanun layihəsi Lordlar Palatasından keçdikdən sonra hökumət onu bloklamaq iqtidarında deyil.
İcmalar Palatası qanunu 392 leyhinə, 85 əleyhinə olmaqla qəbul edib.
İndi bu qanuna uyğun olaraq hökumət Breksitin işə salınmasının hansı müddətə ləngidilməsini müəyyən etməlidir.
Bəzi məlumatlara görə Theresa May 50-ci maddənin yubadılmasının iyunun 30-dək davam edəcəyini nəzərdə tutur.
Lakin bu qərarın özü də aprelin 9-da səsə qoyulacaq və böyük bir ehtimalla ona düzəlişlər ediləcək.
Bunun ardınca, aprelin 10-da baş nazir Avropa İttifaqı liderlərinin Brüsseldə keçiriləcək təcili sammitinə yolanacaq.
Bəzi ehtimallara görə Avropa İttifaqı Breksitin daha uzun müddətə uzadılmasını tələb edə bilər.
Bu isə o demədkir ki, Britaniya may ayında keçiriləcək Avropa Parlamenti seçkilərinə qatılmalı olacaq.
Bir çox təhlilçilər qanunun belə çevikliklə və böyük səs çoxluğu ilə qəbul olunmasını vəziyyətin fövqəladəliyi ilə izah edirlər.