Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Britaniyada parlament hökuməti məğlub edir


Baş nazir Boris Johnson

Britaniya parlamentində müxalif millət vəkilləri və hakim mühafizəkarların Avropa İttifaqından sazişsiz ayrılmasını istəməyən deputatları ilkin mərhələdə baş nazir Boris Johnson-u və onun hökumətini məğlub ediblər.

Sentyabrın 3-də axşamın gec saatlarında gündəliyin təyin edilməsi səlahiyyətinin parlamentə verilməsinə dair qərar 328-301 nisbəti ilə qəbul olunub.

Bu isə o deməkdir ki, parlamentdə müzakirə olunacaq məsələləri hökumət yox, millət vəkilləri müəyyən edəcəklər.

Bu, öz növbəsində millət vəkillərinə ölkənin Avropa İttifaqından çıxışının ləngidilməsinə və ya sazişsiz çıxışın qarşısının alınmasına dair qanunların qəbulu imkanını verəcək.

Buna cavab olaraq Boris Johnson bildirib ki, o növbədənkənar parlament seçkilərinə dair təşəbbüs irəli sürəcək.

Baş nazir deyib ki, Britaniya “sazişli və ya sazişsiz” Avropa İttifaqını oktyabrın sonunadək tərk edəcək.

Müxalif leyborist Partiyasının lideri Jeremy Corbyn deyib ki, Breksitə dair qanun layihəsi hər hansı seçkidən əvvəl qəbul olunmalıdır.

Churchill-in nəvəsi Nicholas Soames
Churchill-in nəvəsi Nicholas Soames

Churchill-in nəvəsi

BBC xəbər verir ki, keçmiş kabinet nazirləri də daxil hakim Mühafizəkarlar Partiyasından 21 millət vəkili hökumətin məğlub edilməsində müxalifətə dəstək verib.

Yeri gəlmişkən bunların arasında Winston Churchill-in nəvəsi Nicholas Soames da var.

Bu səsvermədən əvvəl hökumət bildirmişdi ki, öz partiyasına qarşı səs verən millət vəkilləri partiyadan xaric ediləcəklər.

Beləliklə hökumətin öz partiyasına qarşı “qiyam” qaldıran millət vəkillərini partiyadan xaric olunmaqla və erkən seçki ilə qorxutmaq cəhdi baş tutmayıb.

Breksit yanvarın 31-dək ləngidilə bilər

Baş nazir Boris Johnson deyib ki, gündəliyin təyinatına parlamentin sahiblənməsi ölkənin Avropa İttifaqından çıxşına dair danışıqlarda Avropa İttifaqının mövqeyini möhkəmlədəcək.

O bildirib ki, indi erkən seçkilərin keçirilməsinə çalışmaqdan başqa yolu qalmır:

“İndi bu ölkənin adamları seçim etməli olacaqlar”.

Parlament səsverməsinin nəticəsi o deməkdir ki, sentyabrın 4-dən etibarən İcmalar Palatası qanun layihələri verməkdə tam ixtiyar sahibi olacaq.

Bu, öz növbəsində millət vəkillərinə baş nazirdən Breksitin yanvarın 31-dək uzadılmasını tələb etmək imkanı verəcək.

Hazırda Britaniyanın Avropa İttifaqından ayrılması üçün son müddət oktyabrın 31-dir.

BBC-nin məlumatına görə hökumət erkən seçkinin Avropa İttifaqının sammitindən iki gün əvvəl – oktyabrın 15-də keçirilməsinə çalışır.

80 ildə cəmi üç dəfə

Burası da var ki, Britaniya qanunlarına görə erkən seçki barədə qərarın qəbul edilməsi üçün Boris Johnson-a 650 millət vəkilinin üçdə ikisinin dəstəyi lazım olacaq.

Lakin müxalif leyboristlərin lideri Jeremy Corbyn deyib ki, Breksitə dair hər hansı qanun layihəsi seçkidən əvvəl səsə qoyulmalıdır.

Müxalifət bildirir ki, erkən seçkiyə razılıq verilməsindən əvvəl ölkənin Avropa İttifaqından sazişsiz çıxışını qadağan edən qanun qəbul olunmalıdır.

Amma müxalifətin istədiyi qanunvericilik aktının qəbul edilməsi üçün parlamentin vaxtı olduqca azdır, beləki baş nazir oktyabrın ortalarınadək parlamentin buraxılması üçün müraciət edib.

Millət vəkilləri buna cavab olaraq bildiriblər ki, yeri gəlsə istirahət günlərində də işləyəcəklər.

Britaniya parlamenti son 80 ildə yalnız üç dəfə istirahət günlərində iclas keçirib: İkinci Dünya Müharibəsi başlananda, 1950-ci illərdə baş vermiş Süveyş böhranı zamanı və Folklend adalarına görə müharibə məsələsi müzakirə olunanda.

Günün bütün mövzuları

XS
SM
MD
LG