Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:23

Sentyabrda Britaniya parlamentinin işi dayandırılacaq


Boris Johnson
Boris Johnson

Britaniya Kraliçası 2-ci Yelizaveta (Elizabeth II) Baş nazir Boris Johnson-un parlamentin işini dayandırmaqla bağlı xahişini təsdiqləyib. Bu, ölkənin Avropa Birliyindən planlaşdırılan çıxışından öncə baş verməlidir.

Müxalifət liderləri avqustun 28-də Johnson-un addımına qəzəbli reaksiya verib, bunun deputatların sazişsiz Breksiti əngəlləmək cəhdinə qarşı məqsədli addım adlandırıblar. Baş nazir iddiaları rədd edib.

Kraliçanın təsdiqi formal addım sayılır, çünki monarx siyasi baxımdan neytral qalmalı, siyasət məsələlərində hökumətin məsləhəti ilə hərəkət etməlidir.

Təsdiq o deməkdir ki, parlamentin işi sentyabrın 9-dan tez, 12-dən gec olmayaraq dayandırılmalıdır, yəni deputatlar iş başına qayıdandan bir neçə gün sonra. Breksit üçün son tarix isə oktyabrın 14-dək qoyulub.

Avropa Parlamentinin başçısı Guy Verhofstadt Johnson-un addımını “uğursuz” adlandırıb. O tvitində yazıb ki, “hərtərəfli seçimlər üzrə debatı boğmaq gələcəkdə sabit AB-Böyük Britaniya münasibətinə kömək etməyəcək”.


ABŞ Prezidenti Donald Trump isə Johnson-un hərəkətini “əla” adlandırıb.

“Boris Böyük Britaniyanın axtardığıdır və ‘əla’ olacağını göstərəcək! Britaniyanı sevirəm”, – Trump tvitində yazıb.

***

Britaniyanın Baş naziri parlamentin işinin dayandırılmasını istəyir

Britaniyanın Baş naziri Boris Johnson Kraliça Yelizavetadan (Elizabeth) parlamentin işini dayandırmağı xahiş edib. Bu, deputatların ölkənin Avropa Birliyindən çıxmasını müzakirə vaxtını kəskin azalda bilər.

Ötən ay baş nazir postuna keçmiş Johnson oktyabrın sonunadək ölkəni blokdan çıxaracağını bildirib, istər sazişlə olsun, istərsə də sazişsiz. Parlamentin buraxılması isə deputatların Breksitin əngəlləyəcək qanunvericilik təqdim etməsi üçün vaxtı daraldır.

“Bu səhər Əlahəzrət Kraliçayla danışaraq sentyabrın ikinci həftəsində indiki parlamentin işini dayandırmasını istədim”, – Johnson deputatlara məktubunda yazır.

Son tarixə 2 aydan bir az artıq müddət qalır və deputatlar Johnson-un Britaniyanı AB-dən hər hansı sazişsiz çıxarmasını önləməyə çalışırlar.

Londonda parlament qarşısında anti-Breksit etirazçı
Londonda parlament qarşısında anti-Breksit etirazçı

Deputatlar üçün qəfil gediş

160-dək deputat Johnson-un planlarını parlamentsiz gerçəkləşdirməsini önləməkdən ötrü “gərəkəni edəcəkləri”nə dair sənəd imzalayıblar.

Deputatların çoxu hazırda tətildədir və belə bir qəfil açıqlama gözləmirdilər.

İcmalar Palatasının spikeri John Bercow deyib ki, açıq-aşkar məqsəd “parlamentin Breksiti müzakirə etməsini, ölkənin kursunu formalaşdırmaq borcunu yerinə yetirməsini dayandırmaqdır”.

“Parlamentin bağlanması demokratik prosesə və xalqın seçilmiş təmsilçiləri olan parlamentarilərin hüquqlarına təhqirdir”, – o deyib.

Britaniyada üç il qabaq keçirilən referendumda 52 faiz AB-dən çıxmağa səs verib.

Parlament sentyabrın 3-də yay tətilindən qayıtmalı, iki həftə iclas keçirməli və sonradan partiyaların illik konfransları üçün fasilə verməliydi.

Yeni payız sessiyası oktyabrın əvvəlində Kraliçanın nitqilə başlanır.

Hələlik, Kraliçanın ofisindən Johnson-un xahişilə bağlı açıqlama verilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG