Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 11:17

Britaniya parlamenti Breksiti ləngitmək qərarını 1 səs fərqi ilə qəbul etdi


Britaniya parlamenti
Britaniya parlamenti

Britaniya millət vəkilləri Avropa İttifaqından sazişsiz ayrılmanın qarşısını alacaq qərarı 1 səs fərqi ilə qəbul ediblər.

Bu qərar baş nazir Theresa May-dən Britaniyanın Avropa İttifaqından çıxmasının, başqa sözlərlə Breksitin vaxtının uzadılması üçün Brüsselə müraciət etməsini tələb edir.

The Independent yazır ki, əks halda Britaniya İttifaqdan heç bir saziş imzalanmadan aprelin 12-də çıxmalıdır.

Müxalif Leyborist Partiyasından millət vəkili Yvette Cooper tərəfindən təklif edilmiş qanun layihəsi İcmalar Palatasına Avropa İttifaqından çıxışı ehtiva edən 50-ci maddənin müddətinin uzadılması məqsədilə Brüsselə müraciət edilməsinin səsə qoyulmasını tövsiyə edir.

Lakin indi bu qanun layihəsinin parlamentin yuxarı palatası – Lordlar Palatasından da keçməsi tələb olunur. Yalnız bundan sonra – artıq gələn həftə Avropa İttifaqı Londona daha uzun Breksit vaxtının verilməsi məsələsinə baxacaq.

Xanım Cooper-in Avropa İttifaqından Çıxış Qanunu Nömrə 5 adlanan layihəsi İcmalar Palatasından 313 leyhinə, 312 əleyhinə nisbəti ilə keçib.

Bu layihənin keçməsini hakim Mühafizəkarlar Partiyasından 14 millət vəkilinin tərəf dəyişməsi təmin edib.

Bu o deməkdir ki, layihə Lordlar Palatasından keçərsə, xanım May onu, çox güman gələn həftənin əvvəllərində bir daha İcmalar Palatasında səsverməyə çıxaracaq.

Baş nazir bundan sonra Brüsselə - Avropa İttifaqı liderlərinin təcili görüşünə yollanacaq.

Layihənin müəllifi xanım Cooper millət vəkillərinə deyib ki, “indi başlıca vəzifə Breksitlə parçalanmış milləti bir araya gətirməkdir”.

Hökumət hakim partiyadan olan millət vəkillərinə bu layihənin əleyhinə səs verməyi tapşırmışdı.

Bu arada baş nazir Theresa May və müxalifət lideri Jeremy Corbyn arasında danışıqlar başlanıb. Hər iki tərəf danışıqların ilk gününü “konstruktiv, lakin nəticəsiz” adlandırıb.

XS
SM
MD
LG