Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Britaniya baş nazirinə etimad səsverməsi keçiriləcək


Avropa İttifaqından çıxışa etiraz edənlərdən biri Britaniya Parlamenti qarşısında aksiya keçirir
Avropa İttifaqından çıxışa etiraz edənlərdən biri Britaniya Parlamenti qarşısında aksiya keçirir

Yanvarın 16-da Britaniya Baş naziri Theresa May-ə etimad səsverməsi keçiriləcək. Bir gün öncə parlament onun Avropa Birliyindən ayrılmaqla bağlı planını rədd edib.

Etimad səsverməsinin keçirilməsini Leyboristlər partiyasının liderləri tələb edib. Ancaq Mühafizəkarlardan ciddi sayda deputat qoşulmasa, bu cəhdin alınmayacağı gözlənir.

May-in Brekstin planının 432-202 səs fərqilə rədd edilməsi bir çoxları üçün sürpriz olub.

Bəziləri bunu müasir tarixdə hökumətin İcmalar Palatasında ən böyük məğlubiyyəti hesab edir.

“Palata danışdı və hökumət qulaq asacaq”, – May səsvermədən sonra deyib.

Theresa May parlamentdə səsvermədən sonra
Theresa May parlamentdə səsvermədən sonra

May gələcək addımları ilə bağlı deputatlarla məsləhətləşəcəyini deyib, ancaq indilik növbəti planlarını açıqlamayıb.

Bəzi siyasi ekspertlərin təxmininə görə, hökumət ya AB-dən çıxmaq tarixini ertələyə, ya da yeni referendum keçirə bilər.

Avropa Komissiyasının başçısı Jean-Claude Juncker deyib ki, May-in razılaşmasının rədd olunması “Britaniyanın birlikdən nizamsız çıxma riskini artırır”.

***

Britaniyanın baş naziri Theresa May-in ölkənin Avropa İttifaqından ayrılması üçün təklif etdiyi variant parlament səsverməsində ağır məğlubiyyətə uğrayıb.

Brexit-ə, yəni ölkənin Avropa İttifaqından rəsmən ayrılmasına 10 həftə qaldığı bir vaxtda baş nazirin ittifaqla razılaşdırdığı kompromis variantın rədd edilməsi siyasi böhranın dərinləşməsinə səbəb olacaq.

Beləliklə Britaniya parlamentinin aşağı palatası – İcmalar Palatasındakı səsvermədə Britaniya hökuməti ilə Avropa İttifaqı arasında hələ noyabrda razılaşdırılmış ayrılma sənədi 432 əleyhinə, 202 leyhinə nisbəti ilə rədd edilib.

Anti-Breksit nümayişçi, arxiv fotosu
Anti-Breksit nümayişçi, arxiv fotosu

Diqqətəlayiqdir ki, Theresa May-in təklif etdiyi plan nə avropayönlüləri, nə də breksitçiləri razı sala bilməmişdi.

2016-cı ilin iyununda keçirilmiş referendumda Britaniya seçicisi kiçik fərqlə ölkənin Avropa İttifaqından ayrılmasına səs verib.

Yanvarın 15-də parlamentdə keçirilən səsvermədən sonra müxalif Leyborist partiyasının lideri Jeremy Corbyn baş nazirin məğlubiyyətini “fəlakətli” adlandırıb. O May-in Mühafizəkar hökumətinə etimad məsələsinin səsə qoyulması təşəbbüsü ilə çıxış edib. Bu səsvermə üçün debatların artıq yanvarın 16-da başlanacağı gözlənilir.

Donald Tusk: "Britaniya üçün ən yaxşı variant ittifaqda qalmaqdır"

Bu səsvermə nəticəsini şərh edərkən Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, Britaniya üçün yeganə müsbət həll yolu Avropa İttifaqının tərkibində qalmaqdır.

Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker isə bildirib ki, Avropa İttifaqı özünü Britaniyanın bloku heç bir saziş olmadan tərk edəcəyi ssenariyə hazırlamalıdır.

Əgər ölkənin ittifaqdan çıxmasına dair saziş ratifikasiya olunmasa, onda Britaniya martın 29-da Avropa İttifaqını heç bir razılaşma olmadan tərk etməlidir.

Ekspertlər bu qənaətdədirlər ki, ittifaqdan sazişsiz çıxış Britaniya iqtisadiyyatını xaosa sala bilər.

May-in təklifini tənqid edənlər deyirlər ki, onun planı Britaniyanı bundan sonra da Avropa İttifaqının tabeçiliyində saxlayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG