Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:47

Brilyant alverçisi MTN polkovniki dələduzluqda suçlanır


Brilyant
Brilyant

MTN polkovniki Tofiq Rəcəbov indi də dələduzluq suçlamasıyla hakim önünə çıxarılır. O, iki nəfəri aldadaraq pullarını ələ keçirməkdə günahlandırılır.

Rəcəbovun adı keçmiş MTN generallarının işində, özəlliklə Akif Çovdarovla bağlı hissədə də keçirdi. O, həm istintaqda, həm də məhkəmədə dindirilmişdi. Amma indikindən fərqli olaraq, həmin işdə zərərçəkmiş statusunda idi.

T.Rəcəbov 2002-ci ilə qədər MTN-də işləyib, ondan sonra bizneslə məşğul olub – daş-qaş, brilyant alveri ilə. Çovdarovgilin cinayət işində də «brilyant alverçisinin hədələnib pullarının alınması» epizodunda adı keçirdi.

***Buna da bax-Keçmiş MTN-çilərin işi: General xanım peşman oldu?

80 min dollarını alıb buraxıblar

Cinayət işinin materiallarına əsasən, T.Rəcəbovla bir nəfər əlaqə saxlayıb, onlarda olan brilyantı almaq istədiyini deyib. O da dostu Elçin Hacıyevə xəbər verib. Onlar E.Hacıyevin əmisi oğlunu da götürüb brilyant alıcısıyla vədələşdikləri yerə gediblər. Orada gələn iki nəfərə 14 karatlıq brilyantı göstəriblər. İki nəfər ayrılıb gedəndən dərhal sonra təxminən 15 nəfər MTN əməkdaşı onların üçünü də tutub, nazirliyin binasına aparıb. Bir müddət saxlayandan sonra 80 min dollar alıb onları buraxıblar.

Amma keçmiş həmkarları T.Rəcəbov və onunla birlikdə saxlanmış iki nəfərin iddialarını qəbul etmir. Deyirlər ki, bu adamların tarixi-arxeoloji əşyaların qaçaqmalçılığıyla məşğul olması haqda MTN-ə məlumat gəlib. Həmin məlumat əsasında yoxlama aparıblar.

«Yoxlama zamanı məlum oldu ki, Elçin və Tofiqin qaçaqmalçılıqla ölkəyə gətirilən qiymətli daşı satmaq niyyətləri var. Əməliyyat qrupu yaradıldı, onların yeri müəyyən olundu. Onlar saxlanılaraq idarəyə gətirildi. Həmin şəxsləri dindirdim. Məlum oldu ki, Elçin və Tofiqdəki qiymətli daşlar miras sertifikatlı olub. Bundan sonra onlar barəsində olan siqnal dayandırıldı. Məsələ ilə bağlı Akif Çovdarova məruzə elədim, sərbəst buraxıldılar», – MTN hadisələrinə görə 5 il azadlıqdan məhrum edilmiş Akif Əliyev belə deyib.

***Buna da bax-Eldar Mahmudovun vəkili etiraz edir: 'İndi bu adam hər kəsi günahkar biləcək'

Torpağa mülkiyyət sənədi almaq

İndi isə T.Rəcəbov özü Bakı sakini Taleh Həsənovu aldadıb, 124 min manatını ələ keçirməkdə günahlandırılır. İttiham aktında yazılıb ki, MTN polkovniki bu pulun qarşılığında T.Həsənovun torpağına mülkiyyət sənədi almalıymış. Uzun müddət keçsə də, nə pulunun qayıtdığını, nə də torpağın sənədləşdirildiyini görən T.Həsənov polisə müraciət edib.

Məhərrəm Məhərrəmov adlı başqa bir zərərçəkmiş isə MTN polkovnikinin ondan hələ 2011-ci ildə torpaq satmaq adıyla 100 min dollar alıb qaytarmadığını iddia edir.

İyulun 16-da məhkəmədə təqsirləndirilən polkovnikin vəkili bu iş üzrə istintaqın düzgün aparılmadığını deyib. İstintaq dövründə müvəkkilinə qarşı kobud pozuntuların olduğunu deyən vəkil cinayət işinin yenidən araşdırılmasından ötrü prokurorluğa qaytarılması haqda vəsatət qaldırıb.

Məhkəmə bu məsələ ilə bağlı qərarını iyulun 18-də elan edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG