İsrail Müdafiə Ordusu (SAXAL) Tehran yaxınlığında "Minzadehey" gizli nüvə kompleksinə zərbə endirildiyini açıqlayıb. Ordunun mətbuat xidməti iddia edir ki, iranlı alimlər yeraltı mərkəzdə nüvə silahının əsas komponentinin hazırlanması üzərində gizli işləyib.
İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) hələlik İsrailin bəyanatına reaksiya gəlməyib.
SAXAL İsrail aviasiyasının İranın təxminən 300 buraxılış qurğusunu sıradan çıxardığı da bildirir. Bu isə İranın İsrailə qarşı atəşlərinin intensivliyinin azalmasını izah edir.
İsrail və ABŞ fevralın 28-dən İranın hərbi və nüvə infrastrukturuna, hökumət binalarına zərbələr endirir. ABŞ prezidenti Donald Tramp bildirib ki, əməliyyatın məqsədi İranın nüvə silahı hazırlamasının qarşısını almaqdır. İran cavabında İsrailə, ABŞ hərbi bazalarının yerləşdiyi Yaxın Şərq ölkələrinə hücum edir.
Martın 3-ü axşam saatlarında Dubaydakı ABŞ konsulluğuna hücum edildiyi barədə məlumatlar yayılıb. Zərbəni İran dronunun vurduğu ehtimalı var. BƏƏ hakimiyyətinin bildirdiyinə görə, kiçik yanğın baş verib, tez də söndürülüb, xəsarət alan olmayıb.
Şahidlər konsulluğun yerləşdiyi ərazidən tüstü qalxdığını bildiriblər. Sosial şəbəkələrdə zərbə anının videosu olduğu deyilən görüntü yayılıb.
ABŞ İranın 17 hərbi gəmisini batırıb
Birləşmiş Ştatlar dörd gündən az müddətdə İranın biri sualtı qayıq olmaqla 17 hərbi gəmisini məhv edib, ölkə üzrə 2 minəcən hədəfə zərbələr endirib. Bunu martın 3-də ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper bildirib.
O, X platformasında videoçıxışında deyib ki, "bu gün Fars körfəzində, Hörmüz boğazında və Oman körfəzində hərəkətdə olan bircə dənə də İran gəmisi yoxdur".
"Epik Qəzəb" əməliyyatına nəhəng hərbi güc səfərbər olunub. Admiralın sözlərinə görə, əməliyyatda 50 mindən çox ABŞ hərbçisi, 200-dən artıq qırıcı təyyarə, iki təyyarədaşıyan zərbə qrupu və uzaqmənzilli bombardmançılar iştirak edir. O, ilkin mərhələnin 2003-cü ildə İraqdakı "şok və dəhşət" kampaniyasından, demək olar, iki dəfə böyük olduğunu bildirib.
Kuper deyib ki, ABŞ qüvvələri:
Təxminən 2 min hədəfi 2 mindən çox sursatla vurub;
İranın hava hücumundan müdafiə sistemlərini ciddi şəkildə zəiflədib;
Yüzlərlə ballistik raket buraxılış qurğusunu və dronu məhv edib;
İranın 17 gəmisini batırıb, onların sırasında bir sualtı qayıq da var.
Onun sözlərinə görə, ABŞ-nin B-2 və B-1 bombardmançıları İran daxilində raket obyektlərinə dərin zərbələr endirib, B-52 bombardmançıları isə ballistik raket infrastrukturunu və komandanlıqları hədəfə alıb.
İranın cavab zərbəsi
Kuper bildirib ki, Tehran cavabında 500-dən çox ballistik raket, 2 mindən artıq dron buraxıb, İranı mülki əhalini fərq qoymadan hədəfə almaqda ittiham edib.
Onun dediyinə görə, İranın cavab zərbələrinə baxmayaraq, onun ABŞ qüvvələrinə və regional tərəfdaşlara zərbə endirmək qabiliyyəti zəifləyir.
"Bizə atəş aça biləcək bütün vasitələri vurmağa fokuslanmışıq", – deyən Kuper əlavə edib ki, ABŞ qüvvələri hazırda İranda qalan mobil ballistik raket buraxılış qurğularını axtarır.
O, hava zərbələri kampaniyasını "son dərəcə mürəkkəb və tarixi" adlandırıb.
"Hələ yeni başlamışıq. Ancaq tərəfdaşlarımızla birlikdə hərbi məqsədlərimizə çatacağımızdan tam əminəm", – Kuper vurğulayıb.