Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:04

ABŞ-da ‘Putinin aşpazına’ və onun ‘troll fabrikinə’ qarşı ittihamlar irəli sürülüb


Biznesmen və iaşəçi Yevgeni Priqojin
Biznesmen və iaşəçi Yevgeni Priqojin

ABŞ Böyük Jürisi 13 rusiyalıya və Rusiya şirkətinə qarşı Amerika seçkisinə müdaxiləyə və başqa əməllərə görə ittihamlar irəli sürüb. Bu şirkətlərin arasında qeyri-rəsmi olaraq “Rusiyanın Troll Fabriki” kimi tanınan qurum da var.

Fevralın 16-da xüsusi prokuror Robert Mueller-in ofisi tərəfindən bəyan edilmiş bu ittihamlar, Mueller-in Rusiyanın ABŞ-dakı fəaliyyətləri ilə bağlı irəli sürdüyü ən əhəmiyyətli cinayət iddialarıdır.

Mueller-in açıqladığı məhkəmə sənədlərində böyük jüri bildirir ki, Rusiya ABŞ-dakı siyasi proseslərə ən geci 2014-cü ildən bəri müdaxilə etməyə başlayıb.

Sənəddə deyilir ki, barələrində ittiham irəli sürülmüş şəxslərdən bəziləri özlərini “ABŞ personası” kimi təqdim ediblər və sonradan prezident Donald Trump-ın seçki kampaniyasındakı fərdlərlə kommunikasiyaya giriblər.

Sənəddə deyilir ki, bu fərdlər rusiyalılarla “bilməyərəkdən” kommunikasiyada olublar.

Bu ittihamların elan edilməsinə dair media xəbərlərini şərh edən baş prokuror müavini Rod Rosenstein deyib ki, Rusiyanın müdaxiləsinin 2016-cı ilin prezident seçkisi nəticələrini təsirləndirdiyini göstərən heç bir əlamət yoxdur.

Rosenstein deyib ki, “ittihamlar Rusiya qəsdçilərinin Birləşmiş Ştatlarda ixtilaf toxumu səpdiyini və ictimaiyyətin demokratiyaya inamının sarsıdılmasına çalışdığını iddia edir və biz bu cəhdlərin uğur qazanmasına yol verməməliyik”.

Kremlin sözçüsü hələki bu ittihamlarla “tanış olmadığını” bildirib.

Bu itthamların hədəflədiyi əsas qurumun Rusiyadakı İnternet Araşdırmaları Mərkəzi olduğu bildirilir.

Qeyd olunur ki, bu ittiham üzrə müttəhimlər 2016-cı ilin əvvəllərindəm ortalarınadək bəzi namizıədlər barədə gpözdən salan postlar yazıblar.

Bu da vurğulanır ki, “müttəhimlərin” əməliyyatlarına ovaxtkı namizəd Donald Trump-ın seçki kampaniyasını dəstəkləmək və Hillary Clinton-u gözdən salmaq daxil idi.

Mediada “troll fabriki” adını qazanmış bu mərkəz bloqlar, çat otaqları, xəbər portalları vasitəsilə yanlış və ya çaşdırıcı informasiyalar yayıb.

Sankt Peterburqda mənzillənmiş bu şirkətin Yevgeni Priqojin adlı şəxs tərəfindən maliyyələşdirildiyi düşünülür. Priqojin Kremllə bir sıra iaşə xidməti kontraktlarına görə “Putinin aşpazı” kimi tanınır.

Bundan əvvəl Ukraynanın şərqindəki separatçıları dəstəklədiyinə görə ABŞ Maliyyə Nazirliyinin maliyyə sanksiyaları ilə hədəflənmiş Priqojinin adı bu ittihamnamədə rəsmən çəkilir.

RIA-Novosti xəbər agentliyinə verdiyi şərhdə Priqojin bu iddiaları rədd edib.

O deyib: "Amerikalılar çox emosionaldırlar. Onlar görmək istədiklərini görürlər. Əgər onlar iblis görmək istəyirlərsə, qoy görsünlər”.

Bu məhkəmə sənədinə qəsd, bank fırıldağı, kimlik oğuluğu və ABŞ qanunlarına uyğun olaraq xarici agent kimi qeydiyyatdan keçməmək ittihamları daxildir.

Mueller-in müstəntiqlər və prokurorlar komandası Rusiyanın seçki müdaxiləsinə, habelə Trump-ın yaxın adamları ilə Rusiya rəsmiləri arasında şübhəli əlaqələrə dair geniş istintaq aparır.

Xüsusi prokuror Robert Mueller
Xüsusi prokuror Robert Mueller

Mueller bundan əvvəl Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort və keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-ə qarşı ittihamlar irəli sürüb.

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, Mueller komandasının, habelə üç Konqres komitəsinin Rusiyanın seçki müdaxiləsini araşdırmasının Moskvanı bu əməllərdən çəkindircəyi düşünülürdü.

Lakin bu həftənin əvvəllərində Amerikanın FTB, MKİ və MTA də daxil kəşfiyyat orqanlarının başçıları Senata ifadələrində Rusiyanın bu cəhdləri hələ də davam etdirdiyini bildiriblər.

Fevralın 13-də Senatın Kəşfiyyat Komitəsində ifadə verən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyi (MTA) və daha üç başqa kəşfiyyat orqanının rəhbərləri, Moskvanın ABŞ siyasətinə təsir göstərmək cəhdlərinin 2016-cı il prezident seçkisindən bu yana dayanmadığı barədə qiymətləndirmə ilə razılaşıblıar.

ABŞ Milli Kəşfiyyatının başçısı Dan Coats deyib ki, “ABŞ-a və onun Avropa müttəfiqlərinə qarşı seçkilərdən demokratiyanın sarsıdılması məqsədi ilə istifadə edən inadlı və pozucu kiberəməliyyatlar davam edəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG