Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 07:28

Boris Johnson İslamın müsəlmanları 'geri qoyduğunu' iddia edib


Boris Johnson
Boris Johnson

Britaniyanın gələcək baş nazirliyinə ən real namizəd Boris Johnson İslamın müsəlmanları “sözün əsl mənasında” Qərbdən geridə qoyduğunu iddia edən məqaləsinə görə kəskin tənqid edilir.

Boris Johnson-un 2006-cı ildə nəşr olunmuş “Roma arzusu” kitabına dinin yüksəlişinə dair əlavə olaraq yazdığı bu məqaləni ictimai diqqət mərkəzinə Guardian qəzeti gətirib.

Johnson bu məqalədə yazırdı ki, İslamın içində inkişafı əngəlləyən nəsə var və “müsəlman narazılığının” bir faktor kimi bütün münaqişələrin kökündə dayanmasına da səbəb budur.

Johnson-un bu mülahizələrini antimüsəlman nifrətini monitorinq edən Tell Mama kampaniyası “uyğunsuz və problemli” adlandırıb.

Britaniya Müsəlmanlar Şurası isə bildirib ki, “indi çox sayda insanı ölkənin baş naziri olacaq bu şəxsin “İslamın doğrudan da inkişaf və azadlığa əngəl olduğunu” düşünüb-düşünmədiyini bilmək istəyəcək”.

"Və müsəlmanlar gəldilər"

Ötən il Johnson Telegraph qəzetində yazdığı köşə məqaləsində burqa geyinən qadınları “poçt qutusuna” və “bank qarətçilərinə” bənzətməklə hiddət və tənqidə səbəb olmuşdu.

“Və müsəlmanlar gəldilər” adlı məqalə Johnson-un Roma imperiyası barədə yazdığı kitabın 2007-ci il nəşrinə əlavə edilib:

“İslamda nəsə elə bir şey var ki, orada burjuaziyanın, liberal kapitalizmin yüksələ bilməməsinin və buna görə də müsəlman dünyasında demokratiyanın yayıla bilməməsinin səbəbini izah etməkdə kara gəlir”.

Boris Johnson daha sonra yazır:

“Bu barədə düşünmək belə heyrətamizdir ki, Roma-Bizans imperiyaları zamanında Konstantinopol şəhəri elmin şamını min illər yanar vəziyyətdə qoruyub saxladığı halda, Osmanlı dövründə İstanbulda ilk çap dəzgahı 19-cu əsrin ortalarınadək görünməyib. Nə isə onların əsrlərcə geri qalmasına səbəb olub”.

Bosniyadan Fələstinə, İraqdan Kəşmirə

Mühafizəkarlar partiyasının liderlərindən biri olan Boris Johnson daha sonra qeyd edir ki, Bosniyadan Fələstinə, İraqdan Kəşmirə qədər qlobal münaqişələrin kökündə elə bu “müsəlman narazılığı” dayanır.

Buna cavab olaraq Britaniya Müsəlman Şurası bəyan edib ki, “biz əlbəttə, İslamın həm müsəlman dünyasında, həm də evimiz olan Qərbdə inkişaf və firavanlıqda rolu olduğundan əminik”.

Mühafizəkarların Müsəlman Forumunun keçmiş sədri Mohammed Amin deyib ki, Johson-un təhlili “antimüsəlman nifrətinin qızışdırılması” kimi təhlükə yaradır.

Amin bu forumun sədrliyindən ötən iyunda qovulub. Buna səbəb onun partiya liderliyinin İslamofobiyaya dair hesabatını tənqid etməsi və Boris Johnson-u Adolf Hitlerə bənzətməsi olub.

Boris Johnson-un bu kitabı hələ çapdan əvvəl televizya oçerkləri kimi yayınlanıb.

Babası Ali Kemal...

Britaniyanın Avropa İttifaqından çıxması üçün təbliğatın ön sırasında getmiş Johnson, heyranlıqla Roma imperiyasını Avropa İttifaqına bənzədir və onun “qitələr boyunca insanları birləşdirmək qüdrətini” tərənnüm edir.

Bu məqalə yazılarkən Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair danışıqlar davam edirdi və Johnson Ankaranın Avropa ailəsinə qəbulunu müdafiə edirdi.

O bildirirdi ki, Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsi “Roma imperiyasının iki yarısının yenidən birləşdirilməsinə yol açardı”.

Ovaxtkı xarici işlər naziri Boris Johnson (solda) Türkiyənin Aİ işləri naziri Ömer Celiklə mətbuat konfransında (2016. Ankara)
Ovaxtkı xarici işlər naziri Boris Johnson (solda) Türkiyənin Aİ işləri naziri Ömer Celiklə mətbuat konfransında (2016. Ankara)

Johnson etiraf edirdi ki, Türkiyədə insan haqları “mükəmməl deyil”, lakin bu ölkədəki mütərəqqi qüvvələrə dəstək verilməsi üçün “Ankaranı Avropa İttifaqının relsləri üstündə saxlamaq lazımdır”.

Guardian yazır ki, Boris Johnson Britaniyada Breksitlə nəticələnmiş referendumun təşviqat kampaniyasında tamam başqa cür danışır, britaniyalıları Türkiyənin tezliklə Aİ-yə qoşulacağı ilə qorxudurdu.

Johnson sözü gedən məqalədə bunu da etiraf edir ki, Xristianlığın da “iyrənc qəddarlıq” dövrü olub:

“Biz özümüz də kitabları və kafirləri yandırmışıq”.

Johnson özünü tənqidlərdən qorumaq üçün bunu da deyirdi ki, babası Ali Kemal türk siyasətçisi və müsəlman olub və bu səbəbdən də onu Winston Churchill-in bir deyimini sitat gətirdiyinə görə islamofobiyada ittiham etmək olmaz.

Johnson-un məqaləsində Winston Churchill-in belə bir deyimi sitat gətirilir ki, “dünyada İslamdan daha böyük əngəl qüvvəsi yoxdur”.

“Dərinə çirkabın içinə baş vurmağın və Winston Churchill-dən Roma papasına qədər bir çoxlarının dediyi “İslamın problemi elə İslamdır” fikrini öyrənməyin vaxtıdır. Biz doğruçu olmalı və dinin iqtisadi və sosial nəticələrini təhlil edən Churchill-in yazdıqlarında həqiqət toxumunun olduğunu etiraf etməliyik”.

"Bu, İslamı başa düşməməkdən irəli gəlir"

Johnson öz məqləsində Sikstin kilsəsinin gözəliyyini qeyd etdikdən sonra yazır:

“Müsəlman incəsənətində buna bənzər heç nə yoxdur və bunun səbəbi İslam incəsənətinin texniki qabiliyyətinin olmamasında yox, bunun teoloji baxımdan İslam üçün kufr görünməsindədir”.

Tell Mama kampaniyası bildirib ki, Johnson-un yazdıqlarından İslamın “zehni əngəl” olması kimi yanlış bir təsəvvür oyanır:

“Bu, İslamı başa düşməməkdən irəli gəlir. Özlərinin həyata və gözəlliyə məhəbbət həyatında bir çox müsəlmanlar İslamdan ilhamlanaraq incəsənətin bəzi ən gözəl nümunələrini yaradıblar. Biz ümid edirik ki, Johnson gələcəkdə bütün icmaları dəstəkləyəcək. Biz bu işdə ona yardım və dəstək verməyə hazırıq”.

Guardian yazır ki, Johnson-un təşviqat kampaniyası şərh verməkdən boyun qaçırıb.

XS
SM
MD
LG