Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 13:00

Britaniyanın ‘potensial baş naziri’ Boris Johnson məhkəməyə verildi


Boris Johnson
Boris Johnson

Britaniyada baş nazir vəzifəsinə ən real namizədlərdən biri, keçmiş xarici işlər naziri Boris Johnson 2016-cı ildə Avopa İttifaqına üzvlük referendumunun təbliğat kampaniyasında Britaniyanın guya Avropa İttifaqına hər həftə 350 milyon funt sterlinq (440 milyon dollar) ödədiyinə dair yalan bəyanat verdiyinə görə məhkəməyə verilib.

Avropa İttifaqında qalmaq tərəfdarları bu qənaətdədirlər ki, Boris Johnson-un bu yanlış bəyanatı referendumun nəticəsinə ciddi təsir göstərib.

Keçmiş xarici işlər nazirini məhkəməyə fərdi qaydada kampaniyaçı Marcus Ball verib. O məhkəmə xərcləri üçün lazım olan 200 min funt sterlinqi ictimaiyyətin ianələri ilə toplayıb.

BBC-nin xəbər verdiiyinə görə cənab Johnson-a yaxın mənbələrdən biri deyib ki, bu məhkəmə işi “Britaniyanın Avropa İttifaqından ayrılmasını – Breksiti əngəlləmək məqsədi güdən siyasi motivli cəhddir”.

Bu iş üzrə ilk dinləmə Uestminister məhkəməsində keçirilməlidir. Bundan sonra iş baxılmaq üçün Tac Məhkəməsinə - Yüksək Məhkəmənin cinayət bölümünə göndəriləcək.

Boris Johnson artıq 2016-cı ilin referendumundan dərhal sonra istər ölkə daxilində, istərsə də xaricdə Britaniya xalqını aldatmaqda ittiham olunurdu.

Azadlıq Radiosu bu reportajı 2016-cı ildə hazırlamışdı:

350 milyon funt söhbəti

Təhlilçilər bildirirlər ki, bu məhkəmə işi Boris Johnson üçün çox həlledici dövrə təsadüf edir və növbəti baş nazir və Mühafizəklarlar Partiyası liderinin seçilməsində onun şanslarına zərbə ola bilər.

Britaniya baş naziri Theresa May artıq istefasını elan edib və onun postunu tutacaq şəxsin təyin edilməsi üçün Mühafizəkarlar Partiyası daxilində xüsusi seçki keçirilməlidir. Bu seçkidə Boris Johnson-un şəksiz lider olduğu bildirilirdi.

Boris Johnson Breksit mitinqində çıxış edir (2016-cı il)
Boris Johnson Breksit mitinqində çıxış edir (2016-cı il)

“350 milyon funt söhbəti” bütün referendum kampaniyası ərzində breksitçilər tərəfindən geniş təbliğ olunurdu və bu rəqəm hətta onların təşviqat avtobusunun üstündə yazılmışdı. Breksitçilər “boş yerə Avropaya verilən bu qədər pulla” milli səhiyyəni maliyyələşdirməyin mümkün olduğunu deyirdilər.

Boris Johnson 2016-2018-ci illər arasında Britaniyanın xarici işlər naziri olub.

O hazırda “vəzifədə ikən nalayiq davranışda” ittiham olunur.

İddiaçı tərəfin vəkili Lewis Power deyib ki, bu iddiadan məqsəd 2016-cı il referendumununnəticəsinə kölgə salmaq yox, hökumət qulluqçusunu bilərkdən ictimaiyyəti çaşdırdığına görə mühakimə etdirməkdir.

“Vəzifədə ikən nalayiq davranış” ittihamı 13-cü əsrdən bəri Britaniyanın qanunlarında yer alıb və ömürlük həbs cəzası ilə də nəticələnə bilər.

Yeni fəlakət fürsəti

Britaniya qanunlarına görə ölkənin baş prokuroru bu işi baxılmaq üçün qəbul və ya rədd edə bilər.

Boris Johnson və Breksitin tərəfdarları hazırda bu işin məhz baş prokuror tərəfindən dayandırıla biləcəyinə ümid edirlər.

Lakin ekspertlərin fikrincə birinci instansiya hakimi işi qəbul etməklə artıq bu işdə cinayət tərkibininolduğu barədə rəy verib.

Belə hallarda adətən baş prokuror məsələyə müdaxilə etmir.

İxtisasca jurnalist olan Boris Johnson özünün kəskin qələmi və siyasətçi kimi ziddiyyətli bəyanatları ilə ad çıxarıb.

Onun bir neçə məşhur kəlamları belədir:

“Mənim baş nazir olmaq şansım Elvisi Marsda tapmaq və ya mənim zeytun ağacı kimi yenidən doğulmağım kimi bir şeydir”.

“Dostlar, mən bu qənaətə gəlmişəm ki, fəlakətlər yox, fürsətlər var. Və əlbəttə təzə fəlakətlər fürsəti”.

Son hadisələr Boris Johnson üçün daha bir belə “fürsətin” düşdüyünü göstərir.

XS
SM
MD
LG