Bolqarıstan prezidenti Rumen Radev Ukraynaya 100 PDM (piyadların döyüş maşını-red) verilməsinə dair artıq ölkə parlamentində təsdiq edilmiş qərara veto qoyub.
Bu barədə məlumatı AzadlıqRadiosunun Bolqar xidməti verib.
Xəbərdə deyilir ki, Radevin sözlərinə görə, bu hərbi maşınlar Bolqarıstanın özünə, məsələn sərhədin mühafizəsində və ya təbii fəlakətlər zamanı lazım ola bilər:
"Mən onu rəhbər tuturam ki, Bolqarıstan vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı və həyatı əsas prioritet olmalıdır”.
Vetoya üstün gəlinə bilər
Lakin bununla belə, Novinite saytının yazdığına görə baş nazir Nikolay Denkovun parlament çoxluğu bu həftənin sonuna qədər prezident vetosuna üstün gələcək və razılaşmanın icrasına nail olacaq.
100 Bolqarıstan zirehli transportyorunun Ukraynaya pulsuz olaraq göndərilməsinə dair qərar noyabrın 22-də ratifikasiya edilib.
Sayt bildirir ki, sənədin ratifikasiyasına parlament fraksiyalarının əksəriyyəti səs verib və yalnız sosialistlər və rusiyayönlü “Dirçəliş” fraksiyası bu qərara qarşı çıxıb.
PDM-lərin Ukraynaya verilməsinə dair razılaşmanı avqust ayında iki ölkənin Daxili İşlər Nazirlikləri imzalayıblar.
Köhnəlmiş və istifadəsiz texnika
Ukrayna silahlı qüvvələrinə verilməli olan zirehli maşınlar 40 il əvvəl istehsal olunub və onlardan Bolqarıstan polisi 1980-ci illərin sonlarında ölkənin türk əhalisinin zorla köçürülməsi zamanı istifadə edib.
Bolqarıstan Daxili İşlər Nazirliyi bu maşınları köhnəlmiş hesab edir.
AzadlıqRadiosu bildirir ki, Ukraynaya silahların verilməsi Rusiyanın bu ölkəyə tammiqyaslı müdaxiləsinin əvvəlindən bəri hay-küylü mübahisələrə səbəb olub.
Bu da qeyd olunmalıdır ki, söhbət əsas etibarilə köhnəlmiş və istifadəsiz qalan hərbi texnikadan gedir.
Prezident Rumen Radev, eləcə də “Dirçəliş” və sosialist partiyaları Ukraynaya hərbi yardım göstərilməsinin həmişə əleyhinə olublar.