Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:53

Venesuela Qayananın neftlə zəngin ərazisini ilhaqa hazırlaşır?


Nikolas Maduro
Nikolas Maduro

Venesuelada keçirilən referendumda iştirak edənlərin 95 faizi hakimiyyətin qonşu Qayananın neftlə zəngin Essekibo hissəsini Venesuelaya birləşdirmək planını dəstəkləyib.

Venesuela prezidenti Nikolas Maduronun təşəbbüsü ilə keçirilmiş referendumda belə bir sual qoyulmuşdu:

“Essekibo regionunda Venesuela dövlətinin yaradılmasına, oradakı əhaliyə Venesuela vətəndaşlığının verilməsinə və bu ölkənin Venesuealanın dövlət xəritəsinə daxil edilməsinə razısınızmı?”

Bu suala səsverənlərin əksəriyyəti - 10.5 milyon nəfər müsbət cavab verib.

Qayana prezidenti İrfan Ali hələ sözü gedən referendum yekunlaşdırılmazdan əvvəl bu tədbiri “Venesuela hakimiyyətinin təcavüzü” adlandırmışdı.

Qayana rəsmiləri narahatdırlar ki, böyük hərbi potensiala malik Venesuela referendumun nəticəsindən Qayanaya hərbi müdaxilə üçün sui-istifadə edə bilər.

Prezident Maduro deyib ki, belə bir planı yoxdur, referendum isə məşvərət məqsədilə keçirilib. Başqa sözlərlə hakimiyyyət mümkün danışıqlarda xalqın dəstəyinə malik olub-olmadığını bilmək istəyir.

Burası da var ki, Venesuela rəsmilərinin “məşvərətçi” adlandırdığı referendum BMT beynəlxalq məhkəməsinin qərarına rəğmən keçirilib.

Həmin qərarda deyilirdi ki, Venesuela Qayana ilə ərazi mübahisəsində situasiyanın dəyişdirilməsinə yönəlik heç bir addım atmamalıdır.

Mübahisə

Xəbər verilir ki, vəziyyət 2015-ci ildə sözü gedən ərazidə zəngin neft və qaz yataqlarının aşkar edilməsindən sonra gərginləşib.

1899-cu ildə Parisdəki arbitraj məhkəməsi Qayana-Essekibo ərazisini Qayananın tərkib hissəsi kimi tanımışdı. O vaxt Qayana Böyük Britaniyanın müstəmləkəsi idi.

İndi isə Venesuela həmin məhkəmə qərarının ədalətsiz olduğunu bildirir. Bununla əlaqədar Qayana hökuməti BMT-nin beynəlxalq məhkəməsinə müraciət edib.

Məhkəmə bu referendumun ərəfəsində Venesuelanın Qayana ərazisi üzərində nəzarəti dəyişəcək hər hansı hərəkətlərdən çəkinməli olduğunu bildirib.

Bununla belə məhkəmə qərarında referendumun keçirilməsi qadağan olunmayıb.

XS
SM
MD
LG