Bolqarıstanda Rusiyayönümlü mövqeyi ilə tanınan keçmiş prezident Rumen Radev seçkilərdə böyük fərqlə qələbəyə yaxınlaşır. Rəsmi nəticələr artıq rəy sorğularını da üstələyir.
Səslərin 60 faizi sayılandan sonra Radevin "Proqressiv Bolqarıstan" koalisiyası 44.6 faiz toplayıb. Bu isə onun güclü azlıq hökuməti ilə təkbaşına hakimiyyət qura biləcəyini göstərir. Ancaq Radev avropayönlü bir qrupla, yaxud daha kiçik partiya ilə koalisiya qura biləcəyini də istisna etməyib.
Avropayönlü "Dəyişikliyi davam etdiririk – Demokratik Bolqarıstan" (PP-DB) koalisiyası 14.2 faiz, keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi, uzun müddət hakimiyyətdə olmuş GERB partiyası isə 13 faiz səs yığıb.
"Bu, ümidin inamsızlıq üzərində, azadlığın qorxu üzərində və nəhayət, istəsəniz, mənəviyyatın qələbəsidir", – Radev yekun nəticələrin açıqlanmasından bir gün öncə deyib.
Keçmiş prezident avroskeptik mövqeyi ilə seçilir, Rusiyaya qarşı müharibədə Ukraynaya hərbi dəstəyə qarşı çıxır. Keçmiş hərbi pilot olan Radev parlament seçkilərində iştirak etmək üçün yanvarda prezident vəzifəsindən istefa verib. Dekabrda kütləvi etirazlar isə əvvəlki hökuməti devirmişdi.
Keçən ilin sonlarında Bolqarıstanda bir neçə iri etiraz aksiyası keçirilib. Etirazlar hökumətin 2026-cı il üçün təklif etdiyi büdcəyə narazılıqla başlayıb, sonradan genişmiqyaslı nümayişlərdə iqtisadi idarəetmə, korrupsiyanın qarşısının alınmaması tənqid olunub. Gərginlik dekabrda hökumətin istefası ilə nəticələnib.
Bolqarıstanda uzun müddətdir siyasi qeyri-sabitlik hökm sürüb. Aprelin 19-da keçirilən səsvermə ölkədə son beş ilin səkkizinci parlament seçkisi idi.