Boeing şirkəti bildirir ki, uçuşlarına qadağan qoyulmuş 737 MAX tipli sərnişin təyyarələri üçün kompüter proqramını yeniləyib və bu yenilənmiş proqramın yerləşdirildiyi təyyarələrlə 200 sınaq uçuşu keçirib.
Boeing mayın 16-da bəyan edib ki, bununla da şirkət 737 MAX tipli təyyarələrin təhlükəsizliyinə dair ABŞ Federal Aviasiya İdarəsinin tələbini yerinə yetirib.
Öz növbəsində ABŞ Federal Aviasiya İdarəsi dünya boyunca bütün hava nəqliyyatı əməliyyatçılarına Boeng-in yeni kompüter proqramı və onunla bağlı pilotların treninqi barədə məlumat vermək məqsədilə mayın 23-ə müşavirə təyin edib.
Dünya boyunca ölkələr Efiopiya Hava yollarına məxsus təyyarənin qəzasından sonra 737 MAX tipli bütün təyyarələrin uçuşlarını dayandırıblar. Sözü gedən təyyarə martın 3-də Əddis-Əbəbə hava limanından qalxdıqdan sonra qəzaya uğramışdı. Bu qəzada 153 nəfər həlak olub.
Bu, eyni modeldən olan təyyarənin ikinci qəzası idi. Bundan əvvəl ötən ilin oktyabrında Lion Air şirkətinin təyyarəsi İndoneziya sahillərində qəzaya uğrayaraq okeana düşmüşdü. Bu qəzada isə 189 nəfər həyatını itirib.
Təyyarələrin qəzasına idarəetmə kompüter proqramındakı problemin səbəb olduğu bildirilirdi.
İndi Boeing bu proqrama lazımi düzəliş verdiyini bildirir.
Boeing 737 MAX 8 təyyarələri 2017-ci ildə istismara verilmişdi.