Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Bir çox ölkələr və şirkətlər Boeing 737 MAX 8 təyyarəsinin uçuşlarını dayandırıb


Boeing 737 MAX 8 təyyarəsi
Boeing 737 MAX 8 təyyarəsi

Dünya boyunca çox sayda ölkələr və hava yolları şirkətləri Efiopiya Hava Yolları şirkəti təyyarəsinin qəzası və bunun nəticəsində 157 nəfərin həlak olmasının ardınca Boeing 737 MAX 8 markalı təyyarələrin uçuşlarını dayandırıblar.

Avropa İttifaqı, Norveç, Avstraliya, Çin, Malayziya, Sinqapur, İndoneziya, Braziliya, Meksika, Hindistan və başqa ölkələr martın 12-də bildiriblər ki, bu tipdən olan təyyarələrin uçuşlarını dayandırır və müvəqqəti tədbir kimi hava məkanlarını onların uçuşları üçün bağlayırlar.

Avropa Aviasiya Assosiasiyası bildirir ki, bu qərar Boeing 737-8 MAX və 737-9 MAX modellərinə aiddir.

Bundan əvvəl buna bənzər qərarı Almaniya və Fransa elan etmişdilər.

Türk hava Yolları, TUI Airlines, Norwegian və Icelandair şirkətlərinin əməliyyatçıları da bu modeldən olan təyyarələrin uçuşlarına qadağan qoyublar.

Qəzanın təhqiqatında Efiopiyaya köməklik göstərən Birləşmiş Ştatlar bildirib ki, Boeing 737 MAX modellərinə qadağan qoyulması qərarı “erkən” qəbul olunub.

Dünyanın ən böyük təyyarə istehsalçısı olan Boeing bəyan edib ki, təyyarənin təhlükəsizliyi barədə “tam əminliyə malikdir” və uçuşlara nəzarət üçün hazırlanmış yeni kompüter proqramlarından istifadəni davam etdirəcək.

Qəzanın mümkün səbəbləri

Martın 10-da Efiopiyada Əddis-Əbəbədən Keniya paytaxtı Nayrobiyə uçan Boeing 737 MAX 8 markalı təyyarə qəzaya uğrayıb.

Efiopiyada qəzaya uğramış təyyarənin qalıqları toplanır
Efiopiyada qəzaya uğramış təyyarənin qalıqları toplanır

Bu qəzanın səbəbləri hələlik araşdırılır. Lakin 2018-ci ilin payızında güzəştli qiymətlərlə bilet satan Lion Air şirkətinin elə bu tipdən olan təyyarəsi Cakarta hava limanından qalxdıqdan 13 dəqiqə sonra dənizə düşmüşdü. O vaxt 189 nəfər həlak olmuşdu.

Həmin qəzanın təhqiqatına dair materiallarda deyilirdi ki, hadisəyə bu tip təyyarələrdə quraşdırılan yeni idarəetmə kompüter proqramı səbəb olub.

Bir sıra ekspertlər AzadlıqRadiosuna bildiriblər ki, Efiopiyada qəzaya uğrayan təyyarə də “özünü Cakartadan uçan təyyarə kimi aparıb”.

FlightRadar24 ekspert saytı yazır ki, təyyarə uçuşun hündürlüyünü və sürətini tez-tez dəyişirmiş.

Qeyd olunur ki, yeni hərəkət sistemi hətta sürətin itmədiyi hallarda da təyyarənin burnunu yerə doğru əyirdi. Pilotlar vəziyyəti dəyişmək üçün 20 cəhd göstərsələr də avtomatika reaksiya verməyib.

Xəbər verilir ki, yeni sistem Boeing təyyarələrinə təzəlikcə qoyulub. Buna səbəb qanad hissələrində yerdəyişmənin edilməsi idi.

Bu barədə The Air Current nəşrinin redaktoru Joe Ostrover yazıb. O qeyd edir ki, yeni sistemin istismarına məhz Boeing 737 MAX markasından başlanıb.

Boeing 737 tipli təyyarələr artıq 40 ildir ki, istehsal olunur və şirkətin ən kütləvi satılan modeilidir.

Bu da qeyd olunur ki, yeni manevr sistemi təyyarədə yanacağın işlədilməsinə 14 faiz qənaət etmək imkanı verir. Bu məqsədlə konstruktorlar yeni mühərrikləri bir qədər irəli çəkiblər.

Bu zaman əlavə qaldırıcılıq gücünü kompensasiya etmək üçün yeni manevr sistemi tətbiq olunmalıydı.

Bu sistem təyyarənin burun hissəsini yuxarıya doğru yönəltməli, quyruq hissədəki stabilizatorları isə avtomatik şəkildə endirməlidir.

Ekspert sözü

AzadlıqRadiosunun suallarına Rusiya Aviasiya Həvəskarları Federasiyasının prezidenti, keçmiş SSRİ-nin əməkdar sınaq təyyarəçisi Viktor Zabolotsky cavab verib.

O deyib ki, texniki qüsurlar əsasən sınaq uçuşları zamanı üzə çıxır, amma bu sınaqlarda bir qayda olaraq mütəxəssislərin nəticələrini təsdiqləmək lazım gəlir:

“Onlar sadəcə olaraq deyirlər ki, təhlükəsizdir. Amma əgər əngəl çıxsa, onda bütöv bir problem yaranır. Deməli problemi həll etmək, vəziyyətdən çıxmaq lazımdır”.

Təyyarəçi belə bir hadisəni yada salır:

“Belə hallar olur. Bilirəm ki, mənim yoldaşlarım Tu-154-də uçurdular. Bu təyyarələrdə stabilizatorların meyllənməsi baş verirdi. Təyyarəçilər əlavə səy göstərirdilər və hətta vəziyyəti bir balaca ört-basdır edirdilər. Çünki Tu-154-ləri dayandırmaq, ölkənin yarısındakı uçuşları dayandırmaq demək olardı”.

Zabolotsky bildirir ki, müasir təyyarələrdə vəziyyət daha birmənalıdır:

“Axı indi təyyarələr məsafədən avtomatik idarə olunur: pilot oturur, idarə edir, hərçənd Boeing təyyarələrində sükan kompüterin oyun coystiki kimidir. O kompüter vasitəsilə təxmini idarə edir. İnsan sadəcə olaraq bu avtomatik idarəetmə xəttinə qoşulub, o təyyarəni idarə edən əsas həlqədir. Amma təyyarədə qurulmuş kompüter uçuşu müəyyən çərçivələrdə saxlayır, böyük manevrlər etmək imkanı vermir. Məsələn kəskin eniş etməyə və ya aşırı təzyiqin azaldılmasına imkan yaratmır. O sadəcə olaraq buna imkan vermir”.

Ekspertin fikrincə buna görə də kompüter proqramlarında hər hansı səhv vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Amma Viktor Zabolotsky bunu da əlavə edir ki, dedikləri bir ehtimaldır. Lakin ekspert əmindir ki, Boeing şirkəti həm maliyyə, həm də imic ziyanı görəcək.

Təhlilçilər bidlirirlər ki, belə bir vəziyyət şirkətin rəqibləri üçün əlverişlidir.

Rəqabət güclənəcək

Boeing 737 MAX 8 əvvəlcədən Avropanın Airbus şirkətinin A320 neo tipli təyyarələrinə cavab olaraq yaradılmışdı. 2014-cü ildən bəri A320 neo bu rəqabətdə uduzurdu.

Amma Boeing 737 MAX 8 təyyarələrində son beş ayda baş vermiş iki faciəli qəza rəqabətin istiqamətini dəyişə bilər.

Bu da nəzərə alınmalıdır ki, ortalığa üçüncü rəqib – Çin də çıxıb. Onun Comac C919 təyyarələrinin ən üstün cəhəti ucuzluğudur. Bir təyyarənin qiyməti 50 milyon dollardır.

Bu arada Azərbaycan Hava Yolları şirkətinin prezidenti Cahangir Əsgərov deyib ki, “bu ilin sonundan etibarən Azərbaycana 3 il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyərə gətiriləcək".

O əlavə edib ki, Boeing şirkəti təhqiqatın nəticələri barədə Azərbaycan tərəfini məlumatlandıracaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG