Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

BMT Belarus və Polşaya miqrantlara görə çağırış edir


Belarus-Polşa sərhədi
Belarus-Polşa sərhədi

Belarus BMT təmsilçilərini ölkəyə buraxmayıb

BMT-nin İnsan Haqları ofisi Belarus və Polşaya sərhəddə miqrantlar və qaçqınlarla rəftarla bağlı müraciət edib, onların çox vaxt soyuqda, yemək, təmiz su, təhlükəsiz sığınacaqsız qaldığını bildirib.

BMT agentliyi dekabrın 21-də iki ölkəni bu “dəhşətli vəziyyət”i yoluna qoymağa, sərhəddə qalanların ağır şəraitini yüngülləşdirməyə çağırıb. Miqrantlardan bəzilərinin Belarus təhlükəsizlik qüvvələri tərəfindən hədələndiyi, döyüldüyü də vurğulanır.

Zorakılıq və təhdid

Avropa İttifaqı (Aİ) Belarusu idarə edən Alyaksandr Lukaşenkanı miqrantları blok üzvü Polşa, Latviya və Litva ilə sərhədə gətirməkdə ittiham edir. Bunun blokun sanksiyalarına cavab olaraq edildiyi bildirilir. Lukaşenka ötən il mübahisəli prezident seçkisinin nəticələrinə etiraz edənlərə amansızlıqla divan tutduğuna görə sanksiyalarla üzləşib.

BMT-nin insan haqları ofisindən nümayəndələr noyabrın sonu-dekabrın əvvəlində Polşada qaçqınları və miqrantları danışdırıblar. Onlar Belarusda zorakılıq və təhdidlə üzləşdiklərini, soyuqda ac qaldıqlarını deyiblər.

“Müsahiblər sərhədin hər iki tərəfində ağır şəraitdən danışıblar, yemək, təmiz su, sığınacaq olmadığını, çox vaxt şaxtada qaldıqlarını deyiblər”, – BMT-nin sözçüsü Elizabet Trosel jurnalistlərə söyləyib.

Belarus sərhəd böhranı yaratmadığını deyir, Aİ-ni sərhəd boyunca humanitar fəlakətdə suçlayır.

Sərhədə buraxılmayıblar

BMT-nin İnsan Haqları ofisi hər iki ölkənin onların sərhəd ərazisinə girişini məhdudlaşdırdığını bildirib. Polşada BMT komandası son aylar sərhədi keçənləri danışdırıb.

Belarus isə BMT komandasını ölkəyə buraxmayıb.

Polşa xüsusi xidmətinin sözçüsü ölkənin qanun çərçivəsində hərəkət etdiyini, ölkənin sərhədlərini qorumaqdan ötrü addımlar atıldığını bildirib.

“Belarus xidmətlərinin nəzarət etdiyi və təşkil etdiyi miqrasiya marşrutu Minskdəki rejimin istifadə etdiyi alətdir”, – Stanislav Zarin söyləyib.

Polşa miqrant böhranına cavab olaraq addımlar atıb. Sərhəddə tikanlı məftil çəkilib, Belarusla 400 km sərhəd boyunca minlərlə əsgər yerləşdirilib.

XS
SM
MD
LG