Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Ukrayna dili Təhlükəsizlik Şurasında söz müharibəsinə səbəb oldu


Rusiyanın BMT-dəki səfiri Vassily Nebenzya
Rusiyanın BMT-dəki səfiri Vassily Nebenzya

BMT Təhlükəsizlik Şurasında Ukraynada Ukrayna dilinin dövlət dili elan edilməsinin müzakirəsi Moskva ilə Qərb arasında əsl söz müharibəsinə səbəb olub.

Rusiya iyulun 16-da keçirilən iclasda Ukraynada qəbul edilmiş dil qanununu pisləyib və bildirib ki, “Ukraynanın milli kimlik uğrunda mübarizəsi rusdilli azlığın hüquqlarını pozmamalıdır”.

Rusiyanın BMT-dəki səfiri Vassily Nebenzya deyib:

“Biz Ukrayna dilinə qarşı deyilik. Biz rusları müdafiə etmək istəyirik”.

Lakin bu iclasda Birləşmiş Ştatlar, Britaniya və Fransa Rusiyadan Krımın ilhaqına son qoyulmasını və yarımadada milli azlıqların hüquqlarının pozulmasının dayandırılmasını tələb edib.

BMT-dəki ABŞ diplomatı Rodney Hunter deyib ki, Rusiya Krımın işğalına son qoymayınca ona qarşı bu ilhaqa və Ukraynanın şərqində törətdiyi təcavüzə görə elan edilmiş sanksiyalar qüvvədə qalacaq.

Qərb ölkələri bu iclasda habelə rusiyayönlü separatçıların nəzarətində olan ərazidə beş il əvvəl vurulmuş Malayziya Hava Yollarının MH17 reysində həlak olan 298 insan üçün ədalətin icra olunmasını tələb ediblər.

Bundan başqa ABŞ və onun müttəfiqləri Rusiyadan ötən il Kerç boğazında həbs edilmiş 24 Ukrayna dənizçisinin və üç Ukrayna gəmisinin azad olunmasını tələb ediblər.

BMT-nin bu sessiyası Ukraynada qəbul edilmiş dil qanununun müzakirəsi üçün çağırılmışdı.

Ukraynada iyulun 16-da qəbul edilmiş qanunda Ukrayna dili ölkənin yeganə dövlət dili elan olunur. Bu, öz növbəsində yayın və çap mediasında dil kvotalarının Ukrayna dilinin xeyrinə dəyişdirilməsinə səbəb olacaq.

Qanunda deyilir ki, Ukraynada hər hansı başqa dilin dövlət dili elan edilməsi cəhdləri “konstitusiya qurulşunun zorla dəyişdirilməsinə cəhd” kimi qiymətləndiriləcək.

Bundan başqa Ukrayna dilinin təhqirinə görə cinayət ittihamı da nəzərdə tutulur və bu, maddə kimi Cinayət Məcəlləsinə daxil edilir.

Bu qanun bütün rəsmi sənədlərin, məhkəmə yazışmalarının, seçki və referendum kağızlarının, habelə beynəlxalq saziş və əmə müqavilələrinin Ukrayna dilində olmasını tələb edir.

Ukrayna dili 45 milyonluq ölkə əhalisinin 67 faizinin, rus dili isə 30 faizinin ana dilidir.

Rusiya Təhlükəsizlik Şurasının bu iclasını məhz bu qanuna dair “təcili məşvərətin” keçirilməsi üçün çağırmışdı.

Avropa Şurasındakı daimi Rusiya Missiyası da həmin qurumu bu qanuna reaksiya göstərməyə çağırıb.

Bu qanunu Ukraynanın keçmiş prezidenti Petro Poroshenko postunu tərk etməyə iki ay qalmış təsdiqləmişdi.

Ukraynanın yeni prezidenti Volodymyr Zelenskiy qanunu “qadağanlar və cəzalar məcmusu” adlandıraraq tənqid edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG