Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Vaşinqton, Moskva, Pekin: Nüvə müharibəsini kimsə uda bilməz


BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası

ABŞ, Rusiya, Çin, Britaniya və Fransa razılığa gəliblər ki, nüvə silahlarının bundan sonra yayılmasına və nüvə müharibəsinə yol verilməməlidir

ABŞ, Rusiya, Çin, Britaniya və Fransa razılığa gəliblər ki, nüvə silahlarının bundan sonra yayılmasına və nüvə müharibəsinə yol verilməməlidir.

Reuters agentliyi bildirir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün yanvarın 3-də yayılmış birgə bəyanatında nüvə ölkələri arasında müharibələrin yolverilməzliyi vurğulanır.

Bəyanatda deyilir ki, BMT TŞ-nin daimi üzvləri nüvə müharibəsinə yol verilməməsini və strateji risklərin azaldılmasını özlərinin əsas məsuliyyəti kimi tanıyırlar.

Kremlin saytında dərc olunmuş bəyanat mətnində deyilir:

"Biz bir daha təsdiq edirik ki, nüvə müharibəsində kimsə qalib gələ bilməz və belə bir müharibə heç vaxt olmamalıdır. Nüvə silahından istifədənin uzaqgedən nəticələri ola bilər və biz təsdiq edirik ki, nüvə silahları mövcud olduqca, onlardan yalnız təcavüzün və ya müharibənin qarşısının alınması üçün çəkindirici müdafiə məqsədlərilə istifadə oluna bilər”.

Daimi üzvlərin öz aralarındakı gərginlik

Reuters yazır ki, P5 qrupu kimi tanınan ölkələrin bu bəyanatı Birləşmiş Ştatlar və Rusiya arasında münasibətlərin Soyuq müharibədən bəri ən aşağı səviyyədə olduğu vaxta təsadüf edir.

Eyni zamanda ABŞ və Çin arasında da münasibətlər gərgindir.

Pentaqonun ötən noyabrda açıqlanmış təxminlərinə görə Çinin yaxın gələcəkdə özünün nüvə arsenalını xeyli artıracağı gözlənilir.

Qeyd olunur ki, Çin 2027-ci ilədək 700-dək, 2030-cu ilədək isə 1000-dək nüvə başlığına malik ola biləcək.

ABŞ dəfələrlə Çini Moskva ilə Vaşinqton arasında yeni nüvə silahlarına nəzarət müqaviləsinə qoşulmağa çağırıb.

Son aylarda Moskva və Qərb arasında münasibətlər son dərəcə gərginləşib. Bu, ilk növbədə Rusiyanın Ukrayna yaxınlığında böyük qoşun cəmləşdirməsi ilə bağlıdır.

ABŞ prezidenti Co Bayden ötən həftə rusiyalı həmkarı Vladimir Putinə xəbərdarlıq edib ki, Moskvanın Ukraynaya mümkün müdaxiləsinin onun üçün çox ağır nəticələri ola bilər.

ABŞ və Rusiya rəsmiləri bu gərginliyin çözülməsi üçün yanvarın 10-da Cenevrədə danışıqlar aparacaq.

Böyük nüvə müqaviləsinin müzakirəsinə həsr olunacaq BMT konfransı isə pandemiya ilə bağlı avqust ayınadək təxirə salınıb.

XS
SM
MD
LG