Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 12:33

Bloomberg: Türkiyə Baghdadi-nin yerini bilirdimi?


İraqlı gənclər televiziya xəbərlərinə baxırlar
İraqlı gənclər televiziya xəbərlərinə baxırlar

Bloomberg yazır ki, ABŞ kəşfiyyatı ötən həftə İslam Dövləti ekstremist təşkilatının həlak olmuş lideri Abu Bakr al-Baghdadi-nin düşərgəsindən tapılmış elektron və kağız sənədlərin təhlili ilə məşğuldur və bu məqamda beyinlərdə olan əsas sual onun Suriyanın Türkiyənin nəzarətində olan hissəsində necə gizlənə bilməsidir.

ABŞ-ın siyasi dairələrində yaxşı tanınan jurnalist Eli Lake-in yazdığına görə ABŞ milli təhlükəsizliyinin üç rəsmisi ona məhz bu sualla maraqlandıqlarını deyib.

Məqalədə deyilir ki, təşkilatın sözçüsü Abul Hassan al-Muhajirin də Ankaranın nəzarətində olan bölgədə öldürülməsi Türkiyə kəşfiyyatı ilə İD arasında münasibətlər barədə yeni suallar doğurur.

Muhajir Hələb qəzasında Türkiyə silahlı qüvvələrinin nəzarətində olan Carablus şəhərində aşkar olunub. Baghdadi-nin aşkar edildiyi İdlib qəzasında isə Türkiyə hərbiyyəsinin çox sayda yoxlama postları var.

Eli Lake yazır ki, əlbəttə, bu iki terrorçunun NATO müttəfiqinin burnunun altında gizlənə bilməsini nəzəri cəhətdən qəbul etmək də olar, amma ABŞ kəşfiyyatı bu ehtimala şübhə ilə yanaşır.

Jurnalistin sözlərinə görə həm də bu şübhələr təkcə Muhajir və Baghdadi-nin aşkar olunduğu yerlərlə bağlı deyil.

Amma Lake bunu da qeyd edir ki, Türkiyə hərbçiləri əl-Qaeda və İD-in gizli düşərgələrinə çoxsaylı reydlər həyata keçirib.

Məqalədə deyilir ki, Suriyada vətəndaş müharibəsinin başlanğıcında Türkiyə kəşfiyyat xidməti Avropa və Afrikadan olan xarici səfərbərlərin öz ərazisindən keçərək Suriyaya daxil olmasına imkan yaradırdı. O vaxtlar Ankara Bashar al-Assad rejiminə qarşı cihadçıları dəstəkləməklə Suriyada rejim dəyişikliyi siyasəti yürüdürdü.

Lake yazır ki, bu yaxınlarda ABŞ hökuməti İD-in azı bir vəzifəli nümayəndəsinin Türkiyədə yaşadığını müəyyən edib. ABŞ Xəzinədarlığı 2017-ci ilin avqustunda bildirirdi ki, ekstremist təşkilatın “maliyyə naziri” həmin ilin əvvəllərində İraqdan Türkiyəyə keçib.

ABŞ rəsmilərindən biri jurnalistə deyib ki, “Türkiyə Suriya vətəndaş müharibəsi teatrında ən pis aktyorları dəstəkləmək üçün əlindən gələni edib”.

Pakistanda da belə olmuşdu

Lake yazır ki, bütün bunlar Pakistanda baş verənlərlə müqayisə edilə bilər.

1980-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Sovet İttifaqına qarşı vuruşan qiyamçılara dəstək verən Pakistanla işbirliyində idi. Suriya münaqişəsinin ilk vaxtlarında da MKİ Assad rejiminə qarşı döyüşən cihadçıları dolayısı ilə dəstəkləyirdi.

Lakin zaman keçdikcə Pakistanda əl-Qaeda və Talibanın, Türkiyədə isə İslam Dövləti qruplaşmasınınyüksəlişi ilə ABŞ-ın öz müttəfiqinə münasibəti dəyişib.

Osama bin Laden 2011-ci ildə məhz Pakistanın ən prestijli hərbi akademiyasının yerləşdiyi Abbotabadda öldürüldü. Baghdadi isə Türkiyə hərbiyyəsinin nəzarəti altında olan İdlibdə tapıldı.

O vaxtdan ABŞ-ın Pakistanla münasibətləri pisləşmişdi, lakin sonradan münasibətlər Pakistan baş nazirinin Vaşinqtona dəvəti ilə normallaşdı.

Erdogan: ABŞ Nümayəndələr palatasının qərarına cavab veriləcək
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Bloomberg yazır ki, Türkiyə ilə də eyni ssenari təkrarlana bilər. Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ağ Evə dəvət olunub.

Hərçənd Erdoğan bildirib ki, ABŞ Nümayəndələr Palatası “erməni soyqırımını” tanıyan qətnamə qəbul etdikdən sonra o bu dəvətdən imtina edə bilər.

Bu arada Suriyanın kürd liderləri bildirirlər ki, Türkiyə hərbiyyəsi atəşkəs sazişini pozaraq Suriyanın şimalında kürd əhaliyə qarşı kampaniyanı bərpa edib.

Bloomberg diqqəti buna da çəkir ki, Baghdadi-nin tapılmasında əsas rolu kürdlərin Suriya Demokratik Qüvvələri oynayıb.

Lake-in yazdığına görə mümkündür ki, ABŞ kəşfiyyat təhlilçiləri Türkiyənin Baghdadi-nin harada gizləndiyini çoxdan bilmiş olduğunu aşkara çıxarsın.

Xatırlatma

Ankara bir qayda olaraq cihadçı qruplaşmalarla gizli əlaqələrinə dair ittihamları rədd edir.

Əksinə, Türkiyə rəsmiləri Türkiyə silahlı qüvvələrinin indiyədək 7 mindən çox terrorçunu məhv etdiyini bildirirlər.

Ankara bunu da bildirir ki, Baghdadi-yə qarşı əməliyyat Türkiyə hərbçiləri ilə koordinasiya edilib.

XS
SM
MD
LG