İslam Dövləti (İD) ekstremist təşkilatı qruplaşmanın lideri Abu Bakr al-Baghdadi-nin ölümünü təsdiq edib və yeni liderin adını bildirib.
Təşkilatın qollarından biri oktyabrın 31-də internetdə yaydığı səs yazısı ilə bildirir ki, Abu Ibrahim al-Hashemi al-Qurayshi yeni “xəlifə” elan edilir.
İD-ə 2014-cü ildən bəri liderlik edən Baghdadi oktyabrın 26-da ABŞ xüsusi qüvvələrinin Suriyanın şimal-qərbindəki İdlib qəzasında keçirdiyi reyd zamanı həlak olub.
Qurayshi-nin kimliyi hələki aydın deyil, çünki İD bir qayda olaraq liderlərini onların tayfalarına bağlı ləqəblərlə adlandırır. Bu adlar isə tez-tez dəyişdirilə bilər.
Bu səs mesajında İD qruplaşması habelə Baghdadi-nin yaxın müşaviri və qrupun sözçüsü Abu Hassan al-Muhajirin də həlak olduğunu təsdiqləyib.
O oktyabrın 27-də Suriyanın şimalında ABŞ-kürd qüvvələrinin birgə reydində öldürülüb. Bundan bir neçə saat əvvəl Baghdadi tunel dalanına düşdükdən sonra üstündəki intihar jiletini partlatmışdı.
Bu arada Pentaqon bildirib ki, Baghdadi-nin qalıqları onun ölümündən 24 saat keçmədən dənizdə “dəfn” edilib.
İlk foto və videolar açıqlanıb
Pentaqon habelə gecə əməliyyatının ilk rəsmi foto və videolarını açıqlayıb.
Bunlardan birində Delta Force komandosunun Baghdadi və başqalarının olduğu düşərgənin divarlarına yaxınlaşdığı görünür.
Başqa bir videoda ABŞ xüsusi qüvvələrini daşıyan helikopterlərə atəş açan silahlılara hava zərbələrinin endirildiyi görüntülənib.
ABŞ hərbçiləri əməliyyatdan sonra düşərgəni partladıblar. Məqsəd düşərgə yerinin Baghdadi-nin ziyarətgahına çevrilməsinin qarşısını almaq idi.
ABŞ komandosunun Suriyanın daxilində əməliyyat yerindən bir saatlıq uçuş məsafəsində olan nöqtədən gətirildiyi bildirilir.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kenneth "Frank" McKenzie həmin məkanın dəqiq yerini bildirməyib.
Baghdadi üstündəki bombaları partladanda onun yanında iki uşaq da ölüb.
General McKenzie deyib ki, daha 11 uşaq təhlükəsiz yerə aparılıb.
General bunu da bildirib ki, düşərgənin içində üstlərində partladıcılar olan dörd qadın və iki kişi təslim olmaqdan imtina etdikdən sonra öldürülüblər.
McKenzie deyib ki, əməliyyat zamanı yaralanmış hərbi it xidmətə qayıdıb. O artıq 4 ildir ki, ABŞ Xüsusi Əməliyyatlar Birləşməsində xidmət edir.
General bildirib ki, əməliyyat zamanı çox sayda sənəd və elektron cihazlar aşkar olunub.