Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Rusiya İrana S-400 satmaqdan imtina edib?


Rusiyanın S-400 raketləri Kalininqradda
Rusiyanın S-400 raketləri Kalininqradda

Bloomberg bir vəzifəli Rusiya rəsmisi də daxil məsələdən xəbərdar olan iki mənbəyə istinadən yazır ki, Moskva Tehranın ona S-400 raketdən müdafiə sistemləri satılmasına dair xahişini rədd edib.

Adlarının çəkilməsini istəməyən rəsmilər bildiriblər ki, Tehranın bu ricası birbaşa prezident Vladimir Putin tərəfindən rədd edilib.

Bu da qeyd olunur ki, Tehranın bu ricasını İranın xarici işlər naziri Mohammad Javad Zarif mayın 7-də Moskvaya səfəri zamanı çatdırmışdı.

Mohammad Javad Zarif (solda) mayın 8-də Moskvaya səfəri zamanı Sergei Lavrovla mətbuat konfransı keçirir
Mohammad Javad Zarif (solda) mayın 8-də Moskvaya səfəri zamanı Sergei Lavrovla mətbuat konfransı keçirir

Rusiyanın Xarici İşlər Nazirliyi Bloomberg-in bu barədə sorğusuna cavab verməyib. Bu haqda İrandan da şərh almaq mümkün olmayıb.

Bloomberg yazır ki, ümumiyyətlə Yaxın Şərqdə raket sistemlərinin satılması çox ziddiyyətli məsələdir.

Rusiyadan S-400 raket sistemləri almaq qərarına görə Türkiyə uzun müddətdir ki, NATO müttəfiqi ABŞ-la qarşıdurmadadır və Ankara buna görə ABŞ sanksiyaları ilə üzləşə bilər.

Məqalədə deyilir ki, Rusiyanın İranın istəyinə reaksiyası Fars körfəzindəki kövrək qüvvələr balansı ilə izah oluna bilər.

Bu bölgədə ABŞ və onun Körfəz müttəfiqləri ilə İran arasında son zamanlar gərginlik xeyli yüksəlib.

ABŞ bu ay Yaxın Şərq bölgəsinə əlavə hərbi qüvvələr göndərmək barədə qərar qəbul edib.

ABŞ və onun ərəb müttəfiqləri İranı neft tankerlərinə və neft qurğularına qarşı hücum və təxribatlarda ittiham edirlər.

İran və Rusiya arasında son illərdə kifayət qədər yaxşı münasibətlər formalaşıb. Onlar Rusiyanın Suriyaya hərbi müdaxiləsindən bəri bu ölkədə sıx müttəfiqlik edirlər.

Moskva da Tehranın güclənməsində maraqlı deyil

Lakin ekspertlərin fikrincə, Moskva son vaxtlar istər Suriyada, istərsə də daha geniş Yaxın Şərq regionunda İranın rolunu azaltmağa çalışır.

Moskvadakı Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin başçısı Ruslan Pukhov Bloomberg-ə deyib ki, bu, Rusiyanın Yaxın Şərqin başqa oyunçuları ilə sıx münasibətlər qurmaq niyyətindən irəli gələ bilər:

“İranın istənilən real və ya xəyali gücləndirilməsi eskalasiyaya aparıb çıxarır. Əgər Rusiya İranın belə bir ricasını doğrudan da rədd edibsə, bu o deməkdir ki, Moskva Səudiyyə və İsraillə yaxın və işlək münasibətlərini qoruyub saxlamağa çalışır. Bu, Rusiyaya habelə Trump-la danışıqlar fürsəti verir”.

Pukhov-un sözlərinə görə, əgər Rusiya Tehrana S-400 raket sistemlərini satmaq razılığı versəydi, bu onun Səudiyyə və İsraillə münasibətlərinə və deməli Rusiyanın öz milli maraqlarına ziyanlı olardı.

Buna baxmayaraq Rusiya İranı da əldən buraxmaq niyyətində deyil. Moskva 2015-ci ilin nüvə sazişini imzalamış başqa güclər kimi bu razılaşmanın saxlanmasına çalışır.

Bundan başqa Rusiya və İran Suriyada hələki müttəfiq olaraq qalırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG