Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:39

Universitetə 1,8 milyard dollar ianə verən Bloomberg


Michael Bloomberg
Michael Bloomberg

2020-ci ildə prezidentliyə namizədliyini vermək haqda düşünən Nyu York şəhərinin keçmiş meri Michael Bloomberg ötən həftəsonu Johns Hopkins Universitetinə 1,8 milyard dollar ianə edəcəyini deyib. Bu, indiyədək hər hansı ABŞ universitetinə verilən ən iri ianədir.

Bu ianə Baltimorda yerləşən bu özəl, araşdırma yönlü universitetin bundan sonra tələbələri maddi imkanlarına görə deyil, sırf qabiliyyətlərinə görə qəbul etməsinə imkan verəcək. Bloomberg-in özü 1964-cü ildə Johns Hopkins Universitetindən məzun olub.

İSTEDADLI TƏLƏBƏLƏRƏ YOL AÇMAQ

Universitet və Bloomberg Philantropies qurumunun birgə keçirdikləri mətbuat konfransında bu ianənin bu vaxtadək hər hansı ABŞ universitet və ya kollecinə verilmiş ən böyük məbləğ olduğu bildirilib. 1967-ci ildən bəri universitetlərə ən böyük ianələr haqda məlumat dərc edən “Chronicle of Higher Education” jurnalı da bu məlumatı dəstəkləyir.

“Əmin olmaq istəyirəm ki, mənə şans vermiş məktəb eyni qapını, maddi imkandan asılı olmayaraq, daim…istedadlı tələbələrə açacaq”, – Bloomberg New York Times-da dərc etdirdiyi köşə yazısında qeyd edib.

Milyarder və xeyriyyəçi Bloomberg Nyu York şəhərinin meri olduğu dövrdə eyni zamanda həm respublikaçı, həm də siyasi bitərəf kimi fəaliyyət göstərib.

Bu gün o, artıq Demokratik Partiyanın üzvüdür. O, prezidentliyə namizədlik haqda düşünən çoxsaylı demokratdan biridir. O bu il keçirilən aralıq seçkilərində Nümayəndələr Palatasının üzvü olan demokratların yenidən seçilmək üçün uğurlu kampaniya apara bilməsinə milyonlarla dollar vəsait xərcləyib.

Bloomberg-in Johns Hopkins Universitetinə hədiyyəsi ABŞ-da insanların təhsil borclarının ümumi həcminin 1,5 trilyon dollara çatdığı bir vaxta təsadüf edir. Eyni zamanda Amerikanın ən yaxşı universitetlərinin aşağı və orta gəlirli ailələrdən tələbələr üçün maddi baxımdan əlçatan olmaması ilə bağlı narahatlıq artmaqdadır.

“Məktəb daha çox və daha səxavətli maddi yardım edə, bir çox tələbənin təhsil kreditlərini stipendiya qrantları ilə əvəzləyə biləcək. Bu, bir çox məzunun borc yükünü azaldacaq. Eyni zamanda universitet kampusunu sosial-iqtisadi baxımdan daha rəngarəng yerə çevirəcək”, – Bloomberg deyib.

5 DOLLAR

Bloomberg-in fikrincə, kollecləri tələbələrə maddi yardımı və aşağı və orta gəlirli tələbələrin qəbulunu artırmağa həvəsləndirməyin vaxtıdır. O eyni zamanda məzunları bitirdikləri məktəblərə az da olsa ianə verməyə çağırıb.

Bloomberg deyib ki, o, Johns Hopkins-ə ilk ianəsini universiteti bitirəndən sonrakı 1 il ərzində edib və bu məbləğ cəmi 5 dollar olub. Ancaq o zamandan bəri o, araşdırma, tədris və maddi yardım məsələlərinə 1,5 milyard dollardan artıq maliyyə dəstəyi verib. Son ianə isə tamamilə yenidir.

Bloomberg Philanthropies qurumu bundan başqa qarşısına 50 min aşağı gəlirli tələbənin 296 universitetə cəlbi, qəbulu və onu bitirməsi məqsədini qoyan Amerika İstedad Təşəbbüsünü (American Talent Initiative) dəstəkləyir. Bu qurum son altı ildə layihənin iştirakçısı olan tələbələrin 70%-nin universiteti bitirməsi ilə tanınır.

Bloomberg və universitet bildiriblər ki, bakalavr təhsilinin illik qiymətinin 50 min dollar olduğu Johns Hopkins Universiteti bu ianə sayəsində tələbələrinə kreditsiz maliyyə yardımı paketləri təklif edə biləcək.

Bu vaxta qədər Johns Hopkins Universitetinin maliyyə fondu bu qəbildən olan institutlarla müqayisədə daha aşağı idi. Bu ianə sayəsində isə o, hər tələbəyə verilən maddi yardım və dəstəyin həcminə görə ilk 10 universitet arasında yer alacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG