Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 00:33

Blinken Ankarada çətin danışıqlara başlayır


Antoni Blinken Ankarada
Antoni Blinken Ankarada

ABŞ Dövlət katibi Antoni Blinken (Antony Blinken) noyabrın 6-da Türkiyədə çətin danışıqlara başlayır. "France-Presse" yazır ki, danışıqların məqsədi Vaşinqtonun ən strateji, amma çətin müttəfiqlərindən birinin Qəzzada tökülən qanla bağlı hiddətini azaltmaqdır.

Oktyabrın 7-də HƏMAS radikal qruplaşmasının üzvləri İsrailin cənubuna girəndən sonra İsrail cavab zərbələrinə başlayıb. Bu zərbələr həm Türkiyə küçələrində, həm də prezident Rəcəb Tayyib Ərdoğanın sarayında hiddətə səbəb olub.

Blinken bazar günü Ankaraya çatıb. Bundan bir neçə saat öncə polis Türkiyənin cənub-şərqində ABŞ qüvvələrinin yerləşdiyi bazaya doğru yürüş edən yüzlərlə etirazçını su şırnaqları və gözyaşardıcı qazla dağıdıb.

Ərdoğan özü də bazar ertəsi Türkiyənin uzaq şimal-şərqinə səfərə çıxır ki, bu da Vaşinqtondan gələn baş diplomatına qarşı etinasız davranış kimi görünür.

Blinkenin Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlarında müzakirə olunası problemlər onsuz da yetərincədir.

İsrail HƏMAS-ın kökünü kəsməkdən ötrü Qəzzanı bombalamağa başlayandan 9 min 800 nəfərə yaxın insan öldürülüb. Buna qruplaşma üzvlərinin İsrailə girərək azı min 400 nəfəri öldürməsi, azı 240 nəfəri girov götürməsi səbəb olub.

ABŞ-Türkiyə münasibətləri

Bu müharibə Vaşinqtonun Türkiyə ilə münasibətlərinə təhdid yaradır. NATO üzvü Türkiyə qətiyyətli xarici siyasət yürüdür, Yaxın Şərqdəki münaqişələrdə öz maraqları var.

Vaşinqton Türkiyə parlamentinin İsveçin NATO üzvlüyünü, nəhayət, ratifikasiya edəcəyini səbirsizliklə gözləyir.

Birləşmiş Ştatlar Rusiyanın Qərb sanksiyalarından yayınmasına kömək etdiyini düşündüyü Türkiyə vətəndaşları və şirkətlərinə sanksiyaları da sərtləşdirir.

Ankara isə Türkiyənin hava qüvvələrinə ABŞ istehsalı F-16 qırıcıları verilməsi sazişini Konqresin hələ də təsdiqləməməsindən narazıdır. ABŞ prezidenti Co Bayden (Joe Biden) bu sazişi dəstəkləyir.

Türkiyə həmçinin ABŞ-ın Suriyadakı kürd qüvvələrinə dəstəyinə həmişə ehtiyatla yanaşıb. Ankaranın qadağan olunmuş PKK silahlılarına bağlı saydığı bu qüvvələr "İslam Dövləti" qruplaşması üzvlərinə qarşı mübarizənin önündə gediblər.

Oktyabrda Ankarada baş vermiş hücuma görə PKK məsuliyyəti öz üzərinə götürüb. Hücum edənlərdən ikisinin öldüyü həmin hadisədən sonra Ankara Suriya və İraqda silahlı kürd qruplaşmalarına havadan zərbələri gücləndirib.

Blinkenin görüşləri

Blinken Ankaradan öncə İordan çayının Qərb sahilində olub, Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşüb.

Ərəb ölkələri Blinkeni dərhal atəşkəsə dəstək göstərməyə çağırırlar.

İsrail isə bildirir ki, yalnız HƏMAS girovları azad edəndən sonra əlavə yardıma imkan verəcək humanitar fasiləni qəbul edə bilər.

Blinken bir yandan İsrailin mövqeyini dəstəkləyir, digər yandan regional oyunçuları əmin edir ki, Vaşinqton humanitar əziyyətin azaldılmasına fokuslanıb.

Ərdoğan bazar günü deyib ki, "zorakılığı dərhal dayandırmaq müstəqil Fələstin dövlətinin dəstəkçisi olaraq Türkiyənin borcudur". Onun sözlərinə görə, Ankara Qəzzaya fasiləsiz humanitar yardım axını üçün regional müttəfiqlərlə "səhnəarxası" işləyir. Ancaq o, İsrailin baş naziri Binyamin Netanyahu ilə əlaqələri kəsərək İsraildən səfiri geri çağırıb.

XS
SM
MD
LG