ABŞ-ın Dövlət katibi Entoni Blinken (Antony Blinken) sentyabrın 6-da Kiyevə qəfil səfər edib. Bu səfərdən bir neçə saat öncə Ukrayna paytaxtında hava həyəcanı verilib.
Dövlət Departamenti Blinkenin səfərinin məqsədini açıqlamayıb. Amma səfərdən qabaq Prezident Volodimir Zelenski Müdafiə Nazirliyində böyük dəyişikliyin anonsunu verib. Ukraynada müharibə vaxtı hərbi kontraktlarla bağlı korrupsiya sarıdan narahatlıq var.
ABŞ-ın adı çəkilməyən iki rəsmisi “Associated Press” və CNN-ə deyib ki, Blinkenin səfərində məqsəd Ukraynanın 3 aydır gedən əkshücumunu dəyərləndirmək, VAşinqtonun Kiyevə dəstəyinin davam edəcəyi siqnalını verməkdir.
Rəsmilərin sözlərinə görə, Blinken 175 milyon dollardan 200 milyon dollaradək yeni hərbi yardım paketini açıqlayacaq. Daha böyük bir paketin isə bu həftənin sonuna elan ediləcəyi gözlənilir.
Rusiyanın Ukrayna paytaxtını kruiz raketləri ilə hədəfə aldığı bildirilir. İtki, ziyan olmadığı xəbər verilir.
Cəbhədə baş verənlər
Odessanın cənub-qərbində yerləşən İzmail limanında isə Rusiyanın üç saat çəkən dron hücumlarında azı bir nəfər öldürülüb. Region qubernatoru Telegram-da yazıb ki, limana və ona bağlı kənd təsərrüfatı infrastrukturuna ziyan dəyib.
İzmail NATO üzvü Rumıniya ilə həmsərhəddir, Ukraynadan taxıl və kənd təsərrüfatı daşımaları üçün əsas marşruta çevrilib. Rusiya iyulda Ukrayna taxılının Qara dənizlə daşınmasına imkan verən BMT sazişindən çıxıb.
Son həftələr sazişin dirçəldilməsi üçün danışıqlar getdiyi vaxtda Rusiya Ukraynanın Odessa və Mikolayev vilayətlərinə hücumları gücləndirib.
Bu həftənin əvvəlində Ukrayna rəsmiləri Rusiya dronlarının Rumıniya ərazisinə düşdüyünü desə də, Buxarest sonradan bu iddianı “qətiyyətlə təkzib edib”.
Rumıniya Prezidenti Klaus Yohannis (Klaus Iohannis) sentyabrın 5-də deyib ki, hücumlar ölkəsinin sərhədlərinə “çox, çox yaxın” baş verib.
Korrupsiya məsələləri
Blinken ötən ilin sentyabrından bəri Kiyevə ilk səfərini edir. Bu arada Zelenski hökumətin Ukraynanı illərlə cənginə almış korrupsiya ilə yetərincə mübarizə aparmaması haqda əndişələri azaltmağa çalışır.
Antikorrupsiya fəalları və bəzi deputatlar silah kontraktları və təchizat prosedurları ilə bağlı suallar qaldırıblar. Ukraynanın ən böyük hərbi avadanlıq donoru Birləşmiş Ştatlarda bəzi konqresmenlər narahatlıq ifadə ediblər.
Ötən ay Zelenski bütün hərbi çağırış mərkəzlərinin başçılarını işdən çıxarıb. Belə ki, çağırış yaşlı kişilərin ölkədən qanunsuz çıxışına icazə verilməsi sarıdan suallar vardı. Ukrayna müdafiə nazirinin müavini də korrupsiya iddiaları ilə üzləşəndən sonra istefa verib.
Ötən həftə Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) müharibə dönəmində rüşvətxorluğu müzakirə etmək üçün Ukraynanın üç aparıcı rəsmisi ilə görüşüb.