Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:37

'Biznes kreditlərinə də kompensasiya...'-media icmalı


Azərbaycan manatı
Azərbaycan manatı

Biznes kreditlərinə dövlət dəstəyinin mümkünlüyü, universitetlərin fəaliyyəti, qeyri-neft sektorunun vəziyyəti və başqa məsələlər medianın yer ayırdığı mövzularındandır...

Biznes kreditlərinə də güzəşt olsunmu?

“Müsavat.com” saytı-nda “Biznes kreditlərinə də kompensasiya verilməsi gündəmdə” sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif porblemli biznes kreditləri ilə bağlı məslələri bank sahəsi üzrə ekspert Əkrəm Həsənovla müzkairə edib.

Yazıda bildirilir ki, 10 min dollara qədər banka borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı ( prezident İlham Əliyev bununla bağlı 2019-cu il fevralın 28-də fərman imzalayıb-A.R) məsələ yekun mərhələdədidir. Fərmanın əhatə dairəsinə düşən fiziki şəxslərin mühüm bir hissəsi kompensasiyalar əldə ediblər.

Yazıda habelə qeyd edilir ki, bu prosesin sona yaxınlaşması, nəzərləri problemli biznes kreditlərinə,sahibkarlara dövlət dəstəyi məsələsi ətrafında müzakirələrin başlanmasına yönəldib.

Amma ekspert Əkrəm Həsənov hesab edir ki, dövlətin biznes kreditləri üzrə devalvasiya itkilərini ( 2015-ci ildə iki devalvasiya baş verib. Manat iki dəfə dəyər itirib-A.R) indiki mərhələdə öz üzərinə götürməsi real deyil:

“Çünki belə bir niyyət, dövlətin imkanı olsaydı, onda elə istehlak kreditləri üzrə dəstəyin əhatə dairəsi daha geniş götürülə bilərdi. Yəni demirəm ki, 10 min dollardan yuxarı olan kreditlərin də bütün məbləğinə, ən azı 10 minə qədər olan hissəyə görə kompensasiya verilərdi”.

Ə.Həsənov vurğulayıb ki, qanunvericiliklə qadağan olunmasına baxmayaraq 3-5 milyon dollar istehlak krediti verilməsi halları var, amma hüquq-mühafizə orqanları bu faktlarla bağlı cinayət işləri başlatmırlar:

“Bir çox bankların sənədlərini şəxsən görmüşəm - 10 milyon dollar istehlak krediti alan var. Belə kreditlərin heç birinə güzəşt tətbiq olunmamalıdır”.

Ekspertin fikrincə, biznes kreditlərinə görə, də dövlət dəstəyi ancaq kiçik və orta sahibkarlara edilə bilər:

“Dövlətin ayırdığı vəsait bizim hamımızın ödədiyimiz vergilərdən formalaşır. Biznes risklərini qiymətləndirməyi bacarmayan iri sahibkara bu vəsaitlər hesabına yardım edilməsi düzgün addım olmaz”.

​“Ali məktəblərin maddi - texniki bazası zəifdir”

Təhsil Nazirliyi,2014
Təhsil Nazirliyi,2014

“Yenisabah.az” saytı-nda “Belə universitetin fəaliyyət göstərməsi lazım deyil” sərlövhəli yazı oxumaq olar.

Müəllif təhsil müəssisələrinin akkreditasiyadan keçməsini və bu sahəyə aid başqa məsələləri ekspert Kamran Əsdəovla nəzərdən keçirib.

“Ali təhsil müəssisələri 5 ildən bir akkreditasiyadan keçirlər. Bu müddət ərzində əlbəttə ki, dünya təhsil sistemində ciddi dəyişikliklər baş verir, yeniliklər olur”, K.Əsədov qeyd edib.

O vurğulayıb ki, universitetlər yarananda lisenziya almaqdan ötrü dövlət rüsumu ödəyirlər:

“Bu müddətdə universitetlərin maddi - texniki bazası köhnəlir. Buna görə də, Təhsil Nazirliyi tərəfindən universitetlərin akkreditasiyadan keçirilməsi zəruridir. Nəzərə alsaq ki, universitetlər yarananda lisenziya almaq üçün dövlət rüsumu ödəyirlər. Ona görə də, akkreditasiyadan keçəndə bunun üçün rüsumun ödənilməsi problem deyil”.

Amma ekspert hesab edir ki, əgər universitet hansısa bir rüsumun ödənilməsindən ötrü tələbələrin təhsil haqqını artırırsa, bu onun rentabelli fəaliyyət göstərməməsinin göstəricisidir:

“Biz də hətta dövlət universitetləri var ki, akkreditasiyadan keçə bilməyiblər. Çünki bu prosesə ciddi yanaşmayıblar. Ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirə bilmirlər. Onların maddi - texniki bazası zəifdir, laboratoriyaları yox dərəcəsindədir”.

Yazının sonunda da xatırlanıb ki, mayın 17-də Milli Məclisdə Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsindən ötrü dövlət rüsumunun məbləği müəyyən edilib. Məktəbəqədər təhsil müəssisələrinin dövlət rüsumu 3.000, ümumi təhsil müəssisələrinki 5.000, məktəbdənkənar təhsil müəssisələrinki 7.000, peşə təhsili müəssisələrinki 10. 000, orta ixtisas müəssisələrinki 15. 000, ali təhsil müəssisələrinki də 20. 000 manat müəyyən edilib.

Qeyri-neft sektoru

Sumqayıt sənaye parkının modeli
Sumqayıt sənaye parkının modeli

“Azərbaycan” qəzeti-ndə isə “İndi Azərbaycan dünyada təkcə neft-qaz ölkəsi kimi tanınmır” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanda aparılan iqtisadi islahatların əsas məqsədlərindən birinin qeyri-neft sektorunu inkişaf etdirmək olduğu məlum faktdır. Yazıda vurğulandığına görə, bu, ölkənin neft amilindən asılılığını aradan qaldırmaqla yanaşı, ixrac qabiliyyətini də artırır:

“Digər tərəfdən, yerli istehsal hesabına bir çox məhsulların idxalına son qoyulur və bu hesaba həm də ölkənin valyuta ehtiyatlarının xaricə axınının müəyyən qədər qarşısı alınır”.

Müəllif hesab edir ki, qeyri-neft sektorunun inkişafında istiqamətlərədn biri də sənaye parklarının və məhəllələrinin yaradılmasıdır:

“Hazırda Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində müxtəlif sahələr üzrə sənaye parkları fəaliyyət göstərir. Neftçalada, Masallıda, Şirvanda, Sabirabadda sənaye məhəllələrinin daha geniş fəaliyyəti üçün mühüm işlər görülür. Neftçala və Masallı sənaye məhəllələrində isə istehsal edilən məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də idxal olunur”.

Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılışı, 16 may 2019
Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılışı, 16 may 2019

​Daha sonra Pirallahı Sənaye Parkı haqqında bəhs edən müəllif qeyd edib ki, prezident İlham Əliyev-in iştirakı ilə mayın 16-da orada “Diamed” şpris istehsalı zavodunun açılışı keçirilib.

Yazının sonunda isə oxuyuruq:

“Ölkəmizin ixrac coğrafiyası da getdikcə genişlənir. İtaliya, Türkiyə, Almaniya, Çin, İspaniya, Hindistan, İsrail, Gürcüstan, Çexiya, Portuqaliya, Rusiya, Avstriya, Yunanıstan və digər ölkələrin bu gün Azərbaycandan idxal etdikləri məhsullar arasında qeyri-neft sektorunun payı kifayət qədər yüksəkdir. Bütün bunlar təsdiqləyir ki, indi Azərbaycan dünyada təkcə neft ölkəsi kimi tanınmır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG