Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:51

Bitkoyn mərkəzi bankları işə salıb


Bitkoyn

«Reuters» agentliyi yazır ki, mərkəzi banklar bitkoyn və başqa kriptovalyutaların uğurunu sadəcə «qovuq» adlandırsalar da, bu məsələ onların yuxusuna haram qatıb. Bu özəl valyutalar mərkəzi bankların bank sistemi və pul bazarına nəzarətini hədələyir. Bu isə öz növbəsində mərkəzi bankların inflyasiyanın nəzarətdə saxlanmasında yararlandıqları üsulları laxlada bilər.

Son səkkiz gündə 50%-dən artıq bahalaşan bitkoyn bu həftə 10 min dollar həddinə yüksəlib. Ümumilikdə o, ilin əvvəlindən 10 dəfə, oktyabrın əvvəlindən bəri isə iki dəfə bahalaşıb. Mərkəzi banklar həm də bazar çökərsə, qınanacaqlarından narahatdırlar.

245 MİLYARD DOLLARLIQ BAZAR

Bu səbəbdən bir neçə mərkəzi bank bu məsələdə nəzarətin tətbiqini təşviq edir. Bəzi başqa banklarsa özlərinin rəqəmsal valyutalarını təklif etmək barədə düşünür, ödəmə platformalarını sınaqdan keçirirlər.

«Bitkoynla bağlı problem ondan ibarətdir ki, o, asanlıqla partlaya və mərkəzi banklar heç nə etmədiklərinə görə suçlana bilərlər. Buna görə də biz bankların kriptovalyuta ticarəti ilə bağlı fəaliyyətinin daha yaxşı tənzimlənməsinə ehtiyac olub-olmadığını anlamağa çalışırıq», – Avropa Mərkəzi Bankından (AMB) Ewald Nowotny «Reuters»ə deyib.

Hazırda qlobal kriptovalyuta bazarının dəyəri 245 milyard dollardır. Bu, Yaponiya, ABŞ və Avropa mərkəzi banklarının trilyonlarla dollarla ölçülən balansları ilə müqayisədə çox cüzi rəqəmdir.

Sözügedən mərkəzi banklar yen, dollar və avronu bilavasitə fiziki nağd pul, yaxud bank hesablarındakı məbləğ formasında buraxır.

HAKER HÜCUMLARI VƏ DİGƏR RİSKLƏR

Kriptovalyutalar isə mərkəzləşməyib. Onlar hər hansı tənzimlənən banka və ya ənənəvi ödəmə sistemlərinə bağlı deyil. Bunun əvəzinə kriptovalyutalar çox zaman onlayn tranzaksiya aləti olan blokçeyndən istifadə edir. Blokçeynsə internetdəki anonim kompüterlər şəbəkəsi tərəfindən idarə olunur. Bu, haker hücumlarına həssaslıq baxımından narahatlıq doğurur.

Bundan başqa, kriptovalyuta dövlət yox, belə demək olarsa, özəl qurumlara bağlıdır, onlarsa fəaliyyətini dayandıra bilər.

Bitkoyn
Bitkoyn

Bu səbəblərdən mərkəzi banklar kriptovalyutaları real iqtisadiyyatda hər hansı dəyər daşımayan riskli məhsul kimi rədd edir.

Rusiya Mərkəzi Bankı bitkoyn satan saytları bloklayacağını deyib. Avropa Mərkəzi Bankı (AMB) isə ötən il Avropa parlamentinə virtual valyutaları dəstəkləməməyi tövsiyə edib. «Çünki onlar prinsipcə mərkəzi bankların pul bazarına nəzarətinə təsir edə bilər», -AMB deyib.

YAPONİYA BİTKOYNU TANIYIB

Ancaq bu ilin aprelində Yaponiya hökuməti bitkoynu qanuni təklif kimi tanıyıb, bir neçə şirkəti isə dövlət qeydiyyatından keçmək şərtilə kriptovalyuta mübadilə operatoru kimi təsdiqləyib.

AMB, Yaponiya Bankı və Almaniyanın Bundesbankı artıq blokçeyni sınaqdan keçirir, onun bir ödəmə sistemi kimi gələcəyinin ola biləcəyini deyirlər.

Ötən il Yaponiya Mərkəzi Bankı və AMB blokçeynin dünyanın ən böyük ödəmə sistemlərinə təsir edə bilməkdən ötrü yetərincə yetkin olmadığı qənaətinə gəliblər. Kommersiya banklarına gəlincə, onlar mövcud rəqəmsal valyutalara neytral yanaşırlar. Ancaq elektron ödəmələrin nağd ödəmələri geridə qoymağa başlaması ilə müştərilərin rəqəmsal valyutalara üstünlük verməsi ehtimalı da artır. Bu isə bankları narahat etməyə bilməz.

Bu səbəbdən İsveçrənin bank nəhəngi UBS daha beş bankla birlikdə konsorsium yaradaraq, mərkəzi bankların dəstəklədiyi valyutaların rəqəmsal ekvivalentinin yaradılması üzərində çalışır. Bu, maliyyə bazarlarının ödəmələri və tranzaksiyaları daha tez yerinə yetirməsinə imkan verəcək. Ancaq bu, bank və ödəmə sistemlərinin fəaliyyətinə cavabdeh olan mərkəzi banklara yeni risklər yaradacaq.

MƏRKƏZİ BANKLARIN RƏQƏMSAL VALYUTA İSTƏYİ

İsveçin və İngiltərənin mərkəzi bankları da öz rəqəmsal valyutalarını tətbiq etmək barədə düşünürlər. Bank eynilə fiziki əskinaslarda olduğu kimi, bu valyutaya sahib şəxslər qarşısında cavabdehlik daşıyacaq, ancaq bu zaman iri həcmdə nağd pul saxlamağa ehtiyac olmayacaq.

Satış fəaliyyətinin əksər hissəsinin elektron ödəmələrlə gerçəkləşdiyi İsveçdə mərkəzi bank (Riksbank) müştərilər, şirkətlər və hökumət arasında kiçik ödəmələrdə elektron kronun (e-krona) tətbiqi barədə düşündüyünü bildirib.

Mərkəzi bankların rəqəmsal valyutası həm də pul siyasətinin yürüdülməsi üsullarına təsir edə bilər. Belə ki, bu zaman mərkəzi banklar inflyasiyanı artırmaq istərlərsə, pulun maliyyə sektorundan keçmədən birbaşa real iqtisadiyyata keçməsinə imkan yarada biləcəklər. İngiltərə Bankının iqtisadçılarının hesablamalarına görə, bu, monetar siyasəti daha effektiv edə bilər.

Ancaq maliyyə böhranı zamanı əmanətçilər öz rəqəmsal pullarını ənənəvi bank pullarına çevirmək istəsələr, bu, böyük risk daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG