Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 23:17

Bəzi şəxslər birdəfəlik yardımdan məhrum edilib


İlk mərhələdə 190 manat birdəfəlik ödəməni kartından çıxarmamış və buna görə də növbəti mərhələdə 190 manat almaqdan məhrum edilmiş şəxslər var.

Bu barədə iyulun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirilib.

Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qeyd etdi ki, 190 manat məbləğində birdəfəlik ödəmə verilmiş müəyyən sayda şəxs bir ay müddətində həmin vəsaitdən istifadə etməyiblər:

"Bu pul insanlara birdəfəlik yardım üçün verilib və həmin vəsait kartdan çıxarılmayıbsa, deməli, həmin şəxslərin bu vəsaitə ehtiyacları olmayıb. Əgər insan obyektiv səbəbdən, məsələn, xəstəlikdən o vəsaiti götürə bilməyibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər”.

Koronvurus pandemiyası ilə bağlı Azərbaycanda martin 24-dən karantin rejimi elan edilib. Bu zaman bəzi iş və xidmət sahələrinin fəaliyyəti dayandırılıb. Bununla bağlı ölkə üzrə təqribən 600 min işsiz və ya karantin müddətində işini itirən şəxsə aprel və may aylarında 190 manat yardım edildiyi açıqlanıb.

Aprelin 27-də karantin rejimi mərhələli şəkildə yumşaldılıb. Amma sonradan yoluxma artdığından Bakı və bəzi yerlərdə karantin rejimi yenidən sərtləşdirilib. Həmin yerlərdə yenidən 190 manat birdəfəlik yardım verilməyə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyulun 10-da bildirib ki, xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi prosesi başa çatdırılıb:

“Ötən ayın 21-dən xüsusi karantin rejimi tətbiq olunan 8 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron) üzrə birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu həftənin ilk günlərində ödənildi. Bu gün (iyulun 10-u) isə nazirlik əlavə olaraq iyulun 5-dən xüsusi karantin rejiminə başlanan 8 şəhər və rayonda (Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) birdəfəlik ödəmələrin köçürülməsini təmin etdi”.

Nazirlik bildirib ki, ümumilikdə 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri - formal işləyən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı başa çatıb:

“Bu məqsədlə 55 milyon manata yaxın vəsait sərf olunub”.

Xatırladaq ki, bundan əvvəl aprel-may aylarında da respublika üzrə həmin kateqoriyalardan olan 600 min şəxs aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib və bunun üçün 229 milyon manat xərclənib”.

Şərhlər

XS
SM
MD
LG