Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 03:47

Yanan binanın sakinləri pulların mənimsənilməsindən şikayətçidir


Binəqədidə yanan bina. 20May2015

Binəqədidə bina yanğınından zərərçəkənlər hadisədən sonra dövlətin ayırdığı vəsaitin təyinatı üzrə istifadə olunmamasından şikayətlənirlər. 2015-ci il mayın 19-da baş vermiş yanğında 15 nəfər həlak olmuşdu.

Şikayətçilər iddia edirlər ki, təmir, zərərçəkənlərə kompensasiya və s. məqsədlə ayrılmış 8 milyon manatdan artıq vəsait mənimsənilib. Bu haqda mayın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzov məlumat verib. Bina yanğınına görə cinayət məsuliyyətinə cəlb olunanların apellyasiya şikayətinə Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ Binəqədi yanan bina işi: 'O binanı yandırıblar...'

“BUNU ARAŞDIRA BİLMƏRİK”

Hakim bildirib ki, məhkəməyə zərərçəkmişlərin məktubu daxil olub: "Bizə müraciət edərək, dövlətin ayırdığı 8 milyondan çox vəsaitin mənimsənildiyini və düzgün istifadə olunmadığını deyirlər. Bu məsələnin bizim baxdığımız cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Ona görə, biz bunu araşdıra bilmərik. Zərərçəkmişlər bu məsələ ilə əlaqədar istintaq orqanına müraciət edə bilərlər".

Hakim məlumat verib ki, təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə bir xeyli vəsatətlər təqdim ediblər. Məsələn, binanı üzləmiş "Global Construction" və həmin üzlükləri istehsal edən "Global Stone" şirkətlərinin təsisçisi, yanğına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmiş Miryusif Mahmudovun vəkilləri onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılmasını istəyirlər.

Buna da bax: Binəqədi yanğın işi: 'Əzizlərimin 3-nü verəndən sonra icradan gəldilər'

Digər təqsirləndirilən şəxslərin vəkilləri də bu qəbildən olan vəsatətlər qaldırıblar.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı mayın 24-nə təyin olunub.

XATIRLATMA

Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsində həmin olaya görə cinayət məsuliyyətinə cəlb edilmiş 8 nəfərə hökm oxunub. Yanan binanı üzləmiş «Global Construction» və poliuretan üzlükləri buraxmış «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov 8 il, «Global Stone» MMC-nin baş direktoru olmuş Uğur Bəşirov 5 il, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin keçmiş müdiri Ədalət Rəcəbov və «Global Stone»un keçmiş sədr müavini Ələkbər Əsgərovun hər biri 4 il, binanın yerləşdiyi ərazi üzrə 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov 3 il 6 ay həbs cəzası alıb.

Buna da bax:​ 'Yanan bina işi' vəkilləri ortaq fikrə gəldilər

Təqsirləndirilən şəxslərdən iki nəfərə - «Dərnəgül Boru Zavodu» QSC-nin sınaq laboratoriyasında müqavilə əsasında işləmiş, BDU-nun müəllimi Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyova şərti cəza verilib. Onlar ibtidai istintaq və məhkəmə dövründə də həbsdə olmayıblar.

Həmin bina yanğını ilə əlaqədar məhkəmə önünə çıxarılanlar Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG