Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:49

'Binamın sökülməsi azdır, hələ vergi də ödəməliyəm?'


Pul
Pul

Təxminən 10 il öncə Bakının keçmiş Karl Marks dairəsi yaxınlığında - Səttar Bəhlulzadə küçəsində sökülən çoxmərtəbəli bina hələ də məhkəmədə araşdırma predmetidir. O binanı işadamı Sahib İbrahimov tikdirmişdi. Xeyli vaxtdır Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan S.İbrahimovdan 2 milyon 200 min manat vergi ödəmək tələb olunur.

Həmin binalar inşa olunan vaxt S.İbrahimovun qardaşlarından biri Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, digər qardaşı Tağı İbrahimov isə «Azad Azərbaycan» (ATV) teleradio şirkətinin rəhbəri idi. Onların bir qardaşı da «Avesta» şirkətinin rəhbəri, «Xəzər adaları» layihəsinin (Xəzər dənizinin sahilində süni adalarda salınmış yaşayış məntəqələri) müəllifi İbrahim Nehrəmlidir.

«Pulumu nə vaxt alsam, ödəyərəm»

Aprelin 10-da S.İbrahimovun məhkəməsində Vergilər Nazirliyinin əməkdaşı Emin Kərimov ifadə verib. Deyib ki, sənədlər əsasında S.İbrahimovun rəhbərlik etdiyi şirkətlərdə yoxlama aparıblar. Yoxlamalar 2012-ci il fevralın 1-dən 2015-ci il fevralın 1-nə qədər olan dövrü əhatə edib. Onun sözlərinə görə, Səttar Bəhlulzadə küçəsindəki bina və S.İbrahimovun rəhbərlik etdiyi «Galaxy Palace» şirkətinin Həsən Əliyev küçəsində inşa etdiyi bina ilə bağlı yoxlamalarda 2.2 milyona yaxın vergidən yayınma halı aşkar edilib.

İddia olunur ki, S.İbrahimov lisenziya almadan Nərimanov rayonu, Həsən Əliyev 50 ünvanında ikibloklu yaşayış binası tikib. «Galaxy Palace» MMC-nin inşa etdiyi həmin binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından 1 milyon 61 min manat gəlir əldə olunub.

Vergilər Nazirliyinin əməkdaşı deyir ki, araşdırma zamanı obyektlərin satıldığı, amma verginin ödənilmədiyi üzə çıxıb.

S.İbrahimov onunla razılaşmayıb. Deyib ki, Həsən Əliyev küçəsindəki binada olan obyektlər satış üçün nəzərdə tutulmayıb. Onlar sökülən binanın sakinlərinə verilib. Təqsirləndirilən işadamının sözlərinə görə, həmin sakinlərin prokurorluqda bu haqda verdikləri ifadələr də var: «Səttar Bəhlulzadədəki bina dövlət əhəmiyyətli layihə üçün söküldü. Həmin sakinlər Həsən Əliyev küçəsində inşa edilən binaya köçürüldü. Köçürülmə də belə oldu ki, biz vətəndaşları çətin vəziyyətdə qoymaq istəmədik, obyekt verməyi təklif etdik. Onlar da razılaşdı. Sadəcə onlara təqdim etdiyimiz obyektlərə qoyduğumuz qiymətlər yüksək idi. Vergi işçiləri də həmin qiymətlərə görə vergi hesablayıb. Halbuki, mən həmin obyektləri satmamışam, qazanc əldə etməmişəm. İnşa etdiyim bina sökülüb, vətəndaşlar narazı qalmasın deyə, başqa ünvana köçürmüşəm. Amma binam söküldüyü halda pul almamışam. Bu da az deyilmiş kimi, milyon yarım da vergi ödəməliyəm? Pulumu nə vaxt alsam, ödəyərəm».

S.İbrahimov əlavə edib ki, obyektlərin yerləşdiyi bina yaşayış kompleksi olmayıb: «Həmin yer biznes mərkəzi idi. Rəsmi sənədlərdə də belə göstərilib. Belə olan halda, biz vergi ödəməli deyildik. Amma Vergilər Nazirliyi həmin tikilini yaşayış binası kimi rəsmiləşdirib».

50 faiz sanksiya

Vergilər Nazirliyinin əməkdaşı isə söyləyib ki, heç bir rəsmi qurumdan həmin tikilinin biznes mərkəzi olması ilə bağlı rəsmi sənəd əldə etmək mümkün olmayıb.

Şahidə həmçinin bildirilib ki, ittihamda 1 milyon 438 min manat vergidən yayınmadan söhbət gedir, o isə 2 milyon 200 min manat deyir. Şahid izahat verib ki, 50 faiz də sanksiya tətbiq edilib və vergi 2 milyon 200 minə çatıb.

S.İbrahimov CM-in 178 (dələduzluq), 213 (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. O, ötən ilin avqustunda həbs olunsa da, sentyabrda ev dustaqlığına buraxıldı.

S.İbrahimov özünü təqsirli bilmir.

Keçmiş Karl Marks dairəsi ətrafında illər öncə xeyli bina söküldü. Onların arasında beşmərtəbələr, paytaxtın ilk 16-mərtəbəli binasıyla yanaşı, yeni inşa olunmuş iki çoxmərtəbəli bina da vardı. O zaman yayılan söz-söhbətə görə, yaxınlıqda prezident iqamətgahı inşa olunduğundan həmin çoxmərtəbəli binalar sökülürdü ki, kənardan iqamətgahın daxili görünməsin.

Amma sonradan həmin ərazidə kiçik şəhərcik salındı, orada çoxlu villalar tikildi. Xüsusi girişli həmin şəhərciyin adı da «Baku City Villas» oldu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG