Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:10

Biləsuvardakı köçkün qəsəbəsindən xəbər var


Məcburi köçkünlərin aksiyası.

Cəbrayıl rayonundan olan məcburi köçkünlərin Biləsuvar ərazisində məskunlaşdığı qəsəbələrdə həyat əvvəlki normal axarına dönüb.

Artıq elektrik problemi də aradan qalxıb, sakinlərin işıqdan narazılığı yoxdur. Ancaq məcburi köçkünlərin həmişəki sosial problemləri də elə əvvəl olduğu kimi qalmaqdadır...

Bu haqda məcburi köçkün qəsəbələrinə səfər edən keçmiş məhbus Məhəmməd Məcidli məlumat verib:

«Qəsəbədə baş verən olaylardan sonra elektrik verilməsində cəmi 1-2 dəfə qısamüddətli kəsinti olub. O da qəzalarla əlaqəli. Demək olar ki, elektrik verilməsində hər hansı problem yaranmayıb. Qəsəbə sakinləri düşünürlər ki, deməli, bunu əvvəl də edə bilərdilər, belə bir insident də yaşanmazdı».

Buna da bax-Deputatların Biləsuvar hadisələrinə reaksiyaları

MƏCBURİ KÖÇKÜNLƏRİN YEGANƏ PROBLEMİ ELEKTRİK DEYİL

M.Məcidlinin deməsinə görə, etiraz aksiyası elektrik verilməsindəki problemlərdən qaynaqlansa da, məcburi köçkünlərin yeganə problemi bu deyil: «İnsanların digər minimal sosial istəkləri də var. Məşğulluqla, qazlaşdırma ilə bağlı problemlər var, qalır. Bu istiqamətdə heç bir addım atılmayıb».

Məcburi köçkünlər dekabrın 22-də keçirilmiş aksiyadan sonra həbs olunanlarla bağlı ciddi narahatdırlar. Onlar hesab edir ki, həbsdəkilər ən qısa zamanda azad edilməlidirlər:

Buna da bax-'Çəlimsiz uşaqdır, nə canı var, polisə də neyləyə?'

CAMAAT SAXLANILAN 5 NƏFƏRİN SƏRBƏST BURAXILMASINI GÖZLƏYİR

«Məcburi köçkünlər deyir ki, onların etirazları tamamilə qanuni olub. Onlar heç bir qanunu pozmayıblar. İcra qurumları öz vəzifələrini yerinə yetirməyiblər. İnsanların buna etirazlarını bildirməsi tamamilə normaldır. Ona görə də, camaat saxlanılan 5 nəfərin tezliklə sərbəst buraxılmasını gözləyir».

M.Məcidlinin deməsinə görə, məcburi köçkünlərlə maraqlanan yoxdur. Son günlərdə heç bir rəsmi onların halını sormayıb. Həbs olunanların buraxılması istəyi ilə müxtəlif rəsmi qurumlara üz tutsalar da, hələ ki, onları qəbul edən, dinləyən olmayıb.

Buna da bax-Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'

MÜDAFİƏ KOMİTƏSİ YARADILACAQ

M.Məcidli yaxın on gün içində həbs olunanların və bütünlükdə sosial çətinliklər içində yaşayan məcburi köçkünlərin hüquqlarının müdafiəsi məqsədilə komitə yaradacaqlarını da qeyd edib.

Məhəmməd Məcidlinin özü də məhbus həyatı yaşayıb. AXCP-nin şöbə müdiri olan M.Məcidli müxalifətin 2011-ci il aprelin 2-də keçirilən aksiyası zamanı həbs edilmişdi. Ona 2 il 6 ay həbs cəzası verilmişdi. Ayrı-ayrı zamanlarda da inzibati qaydada həbs edilən M.Məcidli hüquq-müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahısında yer alıb.

XATIRLATMA

Dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər.

Aksiyanın ardınca - dekabrın 23-də etirazlarda iştirak edənlərdən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanıblar. Onlara qarşı hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürülüb.

Dekabrın 24-də isə digər qəsəbə sakinləri Ülvi Quliyev və İlkin İsgəndərov eyni ittihamla həbs edilib. Saxlanılan şəxslər barəsində məhkəməyə qədər həbs qərarı verilib. Digər saxlananlar da olsa da, onlar az sonra sərbəst buraxılıblar.

XS
SM
MD
LG