Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:37

'Bəzi bankların bağlanması aktuallaşa bilər' -media icmalı


Azərbaycan manatı
Azərbaycan manatı

Minimum əməkhaqqının artırılması, ölkənin bank sektorunda vəziyyət, deputatdan iqtisadiyyatla bağlı hökumətə təkliflər və başqa məsələlər medianın diqq't verdiyi mövzularındandır...

Azərbaycan banklarında nə baş verir?

“Yenisabah.az” saytı-nda “Azərbaycan banklarında nə baş verir? – “Bağlanma aktuallaşa bilər” sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkənin bank sistemindəki mövcud vəziyyəti iqtisadçı Natiq Cəfərli ilə təhlil edib.

“Əslində, ölkənin bank sektoru ilə bağlı təlatümlər artıq 4 ildir ki, davam edir. Bu, 2015-ci ildə başlandı. Əsasən də 2015-ci ilin fevral devalvasiyasından sonra təlatüm və bank sektorundakı problemlər artdı. Bu gün də davam edir”, deyə iqtisadçı vurğulayıb.

Natiq Cəfərlinin fikrincə, Azərbaycan Beynəlxalq Bankının borclarını dövlət öz üzərinə götürsə də problemlər hələ də qalır:

“Bura külli miqdarda vəsait xərcləndi, daxildəki 10 milyard manata yaxın passiv aktivləri dövlət öz üzərinə götürdü. Xarici borcunun isə 3,2 milyard dollarını öhdəsinə götürdü... Amma bu günə qədər bilinmir ki, həmin pullar hara və necə xərclənib? 10 milyard manatlıq borc geri qayıdacaqmı? “

Natiq Cəfərli
Natiq Cəfərli

​İqtisadçı hesab edir ki,bu il banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı prezident fərmanı ilə problemli kreditlər məsələsi böyük ölçüdə öz həllini tapıb. Onun fikrincə bu məsələdə də banklara ciddi dəstək verilib.

N.Cəfərlinin fikrincə, indi problemlər kreditlərə qoyulan yüksək fazilərlə bağlıdır:

“Faizlər çox yüksəkdir. Faizlərin yüksək olması isə bankların həm gəlirliliyinə təsir göstərir, yəni kreditlərə maraq azalır, əsasən də biznes kreditlərinə, həm də növbəti problemli kreditlərin yaranma ehtimalını yüksəldir”.

Bankların birləşməsi prosesinin baş vermədiyini deyən ekspert hesab edir ki, kiçik bankların problemi bir müddət sonra yenidən bu məsələni aktuallaşdıracaq:

“Çünki passivlər aktivlərdən çoxdursa, sadə dillə desək, verəcəkləri alacaqlarından çoxdursa, bir müddət sonra problem idarəolunmaz hala gələ bilər. Ona görə düşünürəm ki, yaxın gələcəkdə bank sektorunda növbəti təmizləmə, sağlamlaşdırma əməliyyatı həyata keçirilə bilər. Bəzi bankların ya bağlanması, ya birləşdirilməsi yenidən aktuallaşa bilər”.

Deputatdan hökumətə təkliflər...

Deputat Əli Məsimli, mart 2014
Deputat Əli Məsimli, mart 2014

“Yeni Müsavat” qəzeti-ndə “Deputatdan iqtisadiyyatımızla bağlı önəmli təkliflər, ilginc şərhlər" sərlövəhli yazı yer alır.

Bu yazıda isə ölkədəki iqtisadi vəziyyətlə bağlı deputat Əli Məsimli-nin düçücələri təqdim edilir. Yazıda vurğulandığına görə, deputat Əli Məsimli deyib ki, “Üç amil" - insan kapitalı-sərvət-inteqrasiya - prinsipinə əsaslanan optimal inkişaf modelinin reallaşdırılmasına dair təkliflər paketi hazırlayıblar və hələ 2 il bundan əvvəl onun birinci hissəsini Nazirlər Kabinetinə göndəriblər. Deputatın vurğulamasına görə, təklif etdikləri yeni inkişaf modelinin hərəkətverici qüvvəsi neft və qaz deyil.

Əli Məsimli qeyd edib ki, bu neftdən sonra yalnız kənd təsərrüfatı və onun xammalı əsasında yüngül, yeyinti sənayesini inkişaf etdirməkdir:

“ ... Tranzit ölkə imkanlarından faydalanmaqla gəlir götürməklə kifayətlənməsi yox, neft gəlirlərindən də səmərəli istifadə etməklə Azərbaycanda güclü intellektual bazaya, müasir biliklərə və səriştəyə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılmasıdır. Həmçinin, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, bilik, savad, səriştə dəyərlər sisteminin effektiv kombinasiyasından qaynaqlanan istehsal mədəniyyətinə, innovasiyalara hədəflənmiş Yeni Azərbaycan quruculuğu məqsədi dayanır".

Deputataın deməsinə görə, hökumət verdikləri təkliflər paketinə ciddi yanaşsa 2020-ci ildən iqtisadiyyatıın rəsmi hökumət proqnozlarındakından 2 dəfə sürətli - 6 faiz və ondan yüksək artım trayektoriyasına çıxması mümkündür:

“ Bundan ötrü Azərbaycan iqtisadiyyatında artımın keyfiyyətinin və həyat səviyyəsinin ölkənin potensialına uyğunlaşdırılması istiqamətində 2019-cu ildən başlanan islahat xarakterli tədbirlər davam etdirilməlidir...”.

“Vətəndaşının rifahı...”

İlham Əliyev ilin iqtisadi və sosial yekunları ilə bağlı hökumətin iclasında ,25 fevral 2019
İlham Əliyev ilin iqtisadi və sosial yekunları ilə bağlı hökumətin iclasında ,25 fevral 2019

“Azərbaycan” qəzeti-ndə isə “Azərbaycan vətəndaşının rifahı dövlətin sosial siyasətinin qayəsini təşkil edir” sərlövhəli yazı dərc edilib.

Yazıda prezidentin verdiyi sərəncamla sentyabrın 1-dən minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması dəyərləndirilir.
Müəllif yazıb ki, Prezident İlham Əliyev-in əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı son illər imzaladığı sərəncamların Azərbaycan vətəndaşının həyat səviyyəsinin və onun sosial rifahının yüksəlməsinə xidmət etməsi şəksizdir.Yazıda vurğulandığına görə, dövlət başçısı ötən ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra çox geniş islahatlar paketini həyata keçirəcəyini, ciddi sosial qərarlar qəbul edəcəyini bildirmişdi və dediyinə də tez bir zamanda əməl etdi:

“Bu ilin fevralında imzaladığı sərəncamla minimum əməkhaqqını 130 manatdan 180 manata çatdıraraq yaşayış minimumu ilə eyniləşdirdi. Bu qərardan qısa müddət sonra ikinci sosial paket qəbul edildi. Beləliklə, təxminən son yarım il ərzində minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırıldı”.

​Yazıda qeyd edildiyinə görə, minimum əməkhaqqının 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə maaşların orta hesabla 40 faiz artaraq 265 manatdan 367 manata yüksəlməsinə imkan verəcək. Müəllifin bildirməsinə görə, bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon manat vəsait ayrılmalıdır.

“Bütün bunlar bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrini uğurla davam etdirən, ona daim müasirlik, yenilik gətirən Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti möhkəm elmi əsaslara söykənir, dərin araşdırmalar əsasında qurulur”, deyə müəllif sonda da yazıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG