Beynəlxalq Bankın Şamaxı filialının müdir müavini Əlisultan Məmmədov və bu qurumun daha üç əməkdaşı – Ramin Səməndərov, Kifayət Səmədova və Hacalı Cavadov məhkəmə qarşısına çıxarılıb. Onlar kredit maxinasiyasında - müxtəlif adamların xəbəri olmadan onların adına kredit rəsmiləşdirib, həmin pulların mənimsənilməsində günahlandırılır.
Bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Təqsirləndirilən şəxslər həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Buna da bax: Beynəlxalq Bank kiçilsə də...
Noyabrın 17-də məhkəmədə bu hadisələr baş verdiyi dövrdə bankın Şamaxı filialının müdiri olmuş Sahibpaşa Əliabbasov dindirilib. 2008-2014-cü illərdə banka rəhbərlik etmiş Əliabbasov şahid qismində ifadə verib, deyib ki, vətəndaşların xəbəri olmadan onların adlarına kreditlərin rəsmiləşdirilməsi və mənimsənilməsindən xəbəri olmayıb. Onun sözlərinə görə, həmin kreditlər qayda-qanun çərçivəsində rəsmiləşdirilib, heç bir problem yaranmayıb. Ona görə də bu məsələlərdən çox sonra xəbər tutub:
"Əgər mən onların problemli kredit olduğunu bilsəydim, iş bu vəziyyətə gəlib çıxmazdı. Kreditlər ayrılanda sənədlərin hamısı qaydasında olub. Bir müddət də ödənişlər vaxtında edilib. Yəni kreditlərlə bağlı hər hansı şikayət, problem olmadığından mənim də heç nədən xəbərim olmayıb".
Buna da bax: Beynəlxalq Bank özəlləşdirilməyə hazırlanır
"Eşitdim, adıma 15 min kredit var, şoka düşdüm"
Adına kredit götürülənlərin bir neçəsi təqsirləndirilən sabiq müdir müavininin qohumlarıdır. Onlardan biri olan Məhəmməd Həsənov deyir ki, kreditlə müəyyən avadanlıqlar almaq istəyəndə adına 15 min manatlıq kredit borcu olduğunu eşidib, şoka düşüb. Xatırlayıb ki, bir müddət öncə qohumu Əlisultan Məmmədov ona bankda müəyyən sənədlərə qol çəkdirmişdi:
"Əlisultana zəng elədim. Dedi ki, anlaşılmazlıq olub. Guya mənə arayış verdi. O da yalan idi. Qohumuq. Tələbim pulun ödənilməsidir. Düşmənçilik, ədavət aparmırıq ki..."
Buna da bax: Dövlət gələn ildən Beynəlxalq bankın borclarını ödəməyə başlayır [video]
"Maaşımı bank tutur"
Başqa bir zərərçəkmiş Sərdar Həsənov da sabiq müdir müavininin qohumudur. Deyir ki, adına 10 min manat kredit götürülüb: "Əlisultan bankda direktor idi, çağırıb dedi ki, kreditə pul lazımdır. Sənədlərə qol çəkdim, kassadan pulu götürüb Əlisultan Məmmədova verdim. Bir müddət sonra maaşımdan pul tutmağa başladılar. Əvvəl 170 manat tutulurdu. Əlisultan mənə bu pulu qaytarırdı. Amma bir müddət sonra vermədi. Mənim maaşımdan da 400-500 manat tutulmağa başlandı. Onda öyrəndim ki, adıma 10 min kredit var. Mən də dedim ki, pulu bağla. Aldığım bütün maaşı bank tuturdu. Əvvəl dedi ki, "ödəyəcəm", sonra dedi ki, "ödəmirəm". Maaşım tutulur deyə, uşaqlarım ac qalır".
"Bankdan alacağım var, maaşım verilməyib"
Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'
Ə.Məmmədov qohumlarının adına kredit götürdüyünü məhkəmədə etiraf edib. O, vətəndaşlara dəymiş ziyanın bir hissəsini də ödəyib. Bu gün məhkəmədə ziyanın qalan hissəsinin ödənilib-ödənilməməsi haqda suala cavabında deyib ki, hazırda maddi imkanı olmadığından bunu eləyə bilmir: "Bankdan alacağım var. Maaşımın qalan hissəsi verilmir. Başqa alacaqlarım da var. Amma ala bilmədiyim üçün zərərin qalan hissəsini, hələlik, ödəyə bilmirəm".
Məhkəmə davam edir.
Buna da bax:
XATIRLATMA
Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.
ABB bir müddət öncə 3,3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Onun öhdəlikləri dövlətə ötürülür. ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsait xərclədiyi bildirilir.