Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:03

Beynəlxalq müşahidə missiyası: 'Səslərin sayılması prosesi məyusedici olub'


Mətbuat konfransı
Mətbuat konfransı

Azərbaycan XİN-dən cavab

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) parlament seçkiləri ilə bağlı açıqlamasına cavab verib

Sənəddə ilkin olaraq sözü gedən açıqlamada təqdir etdikləri məqamlardan bəhs edirlər.

Bura namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, seçki prosesinin yaxşı idarə olunması, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində şəffaflıq kimi müsbət məqamlar və başqa məsələlərin təsbit olunması göstərilir.

“BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük. Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü biruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcək. Habelə qeyd edirik ki, BSMM-in bəyanatında öz əksini tapmış məsələlər, eləcə də 2 ay sonra ATƏT Demokratik Təssisatlar və İnsan Haqları Bürosunun (DTİHB) dərc ediləcyi yekun hesabatı Azərbaycan hakimiyyət qurumları tərəfindən ətraflı şəkildə təhlil ediləcək”.

Sənədin sonunda da yazılıb:

“... Bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir və ölkəmizin demokratik inkişafı yolunda növbəti uğurlu addımdır.Azərbaycan Respublikası ədalətli və konstruktiv əsasda beynəlxalq tərəfdaşlar, o cümlədən ATƏT/DTİHB ilə əməkdaşlığını davam etdirməyə hazırdır”.

ABŞ səfirliyi də seçkilərlə bağlı bəyanat verdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda ABŞ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) monitorinq missiyasının 9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair narahatlıqlarını bölüşür:

“Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu. Seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları, o cümlədən qutuların toplu bülletenlərlə doldurulması, qrup şəklində səsvermə, tutuşdurma prosedurlarına məhəl qoyulmaması və səslərin sayılması zamanı şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi”.

Bəyanatda yazılıb ki, Azərbaycan seçki prosesindəki pozuntuları tez bir zamanda araşdıracağına söz verib:

“DTİHB-nin hesabatından məlum olur ki, çox sayda qayda pozuntuları baş verib.”

Bəyanatın sonunda da oxuyuruq: “Biz güclü, sabit, demokratik və firavan gələcəyi təmin etmək üçün göstərdikləri səylərdə Azərbaycan hökuməti və insanlarıyla işləməyə sadiq qalırıq”

***

«Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb», - Azərbaycandakı seçkini müşahidə edən beynəlxalq missiya belə nəticəyə gəlib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə bəyanatında deyilir ki, namizədlər çox olsa da, real siyasi müzakirənin olmamasına görə seçicilər nəticəyönümlü seçim edə bilməyiblər.

«Seçki günü baş tutan səsvermə prosesi, müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmazlıqların göstəricisidir», - hesabtda vurğulanır.

«Çox təəssüf edirəm ki, əldə edilə biləcək irəliləyişlər həqiqi demokratik seçkilərə imkan yaradan rəqabət mühiti ilə nəticələnmədi. Seçki günü səslərin sayılması məyusedici oldu. Bəzi real dəyişikliklərə ümid edirdim. Ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının ciddi işıqlandırılmaması, ictimaiyyətdə və televiziyada debatın olmaması cəmiyyətin seçkilərə diqqətinin az olmasının səbəblərindən biridir», – ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi Artur Qerasimov bildirib.

O deyib ki, bu seçkidə bir sıra perspektivli namizədlərə iştirak imkanı yaradılmayıb.

Məntəqələrin 7 faizindən çoxunda...

Səsvermə günü məntəqələrin 7 faizindən çoxunda pozuntu qeydə aldıqlarını vurğulayan koordinatorun sözlərinə görə, səslərin sayılması məntəqələrin yarısından çoxunda ciddi pozuntularla müşayiət olunub: «Protokolların verilməməsi, istifadə olunmamış bülletenlərin ləğv olunmaması kimi hallar qeydə alınıb. Bəzi məntəqələrdə seçki qutuları başqa otaqlara aparılıb. Orada nə olduğunu biz bilmirik».

Gerasimov jurnalistlərin sualına cavabında bir də pozuntuları sadalayıb: «Səslərin hesablanmasına dair məlumatların yarısından çoxunda problemlər vardı. Ciddi pozuntular baş verdi. Protokolların verilməməsi, istifadə olunmamış bülletenlərin ləğvində qaydalara əməl olunmaması, səslərin olduğu qutuların başqa otağa aparılması... Müşahidəçilərin gözündən kənar olması üçün başqa otağa apardılar. Biz bilmirik orada nə baş verirdi. Belə hallar bir deyil, iki deyil, çoxlu sayda oldu».

A.Qerasimov Azərbaycanda seçicilərin sayı ilə bağlı Dövlət Statistika Komitəsi ilə MSK-nın rəqəmləri arasındakı ziddiyyətə də diqqət yetirib. Bildirib ki, bu qurumların təqdim etdiyi rəqəmlər arasında 2 milyona qədər fərq var. Bu da seçki sistemiylə bağlı şübhələr yaradır.

Mətbuat konfransı
Mətbuat konfransı

AŞPA nümayəndə heyətinin rəhbəri Frank Şvabe REAL sədri İlqar Məmmədov və bir sıra başqa namizədlər haqqında Avropa Məhkəməsinin qərarlarının icra olunmaması və onların namizəd olmaq hüququnun məhdudlaşdırılmasından danışıb. Onun sözlərinə görə, bir sıra hallarda isə namizədə iştirak imkanı yaradılsa da, qalib gəlmək imkanı verilməyib.

«Səslərin hesablanması prosesinin 61 faizi pis təşkil olunmuşdu. Protokollar axtarmalı olurduq, möhür axtarırdıq. Bu da qaydaların düzgün təşkil olunmaması deməkdir», - o vurğulayıb.

F.Şvabe Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarlarını icra etməyə, Venesiya Komissiyası və ATƏT-in seçki ilə bağlı tövsiyələrinə əməl etməyə çağırıb.

Azərbaycanda seçki pozuntularıyla bağlı Avropa Məhkəməsinin 23 qərarının icra olunmadığı da vurğulanıb.

ATƏT PA nümayəndə heyətinin rəhbəri Elona Hoca-Qjebrea qadın namizədlərin az olduğunu söyləyib. Yada salıb ki, Azərbaycanda nazirlərin heç biri qadın deyil: «Namizədlərin cəmi 21 faizi qadın idi. Azərbaycanın siyasi həyatında qadınların rolu çox aşağıdır».

«Seçki polisi deyilik»

Bu tərkibdə parlamentin legitim qəbul edilib, üzvləriylə əməkdaşlığa gəlincə, bu suala ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Piter Teyler belə cavab verib: «Biz seçki polisi deyilik. Biz legitimləşdirmə işi ilə məşğul olmuruq».

A.Qerasimov əlavə edib ki, legitimlik qərarını xalq verir.

«Biz ölkəboyu seçki kampaniyasını izlədik və belə nəticəyə gəldik ki, seçicilər üçün nəticəyönümlü müzakirə, məsuliyyətli seçim təmin edilməmişdi», - bunu da səfir P.Teyler deyib.

Mətbuat konfransında «Xalq qəzeti» və başqa hökumətyönlü media orqanlarının əməkdaşları müşahidə missiyasını ikili standartlarda, qərəzli olmaqda, Dağlıq Qarabağ münaqişəsi zamanı hüquqları pozulan insanların durumunu nəzərə almamaqda suçlayıblar.

Müşahidə missiyasının təmsilçiləri bildirib ki, onları Azərbaycan hökuməti seçkini müşahidə etməyə dəvət edib.

Ə.Əhmədov
Ə.Əhmədov

YAP sədr müavini: «ATƏT yenə obyektiv və ədalətli ola bilmədi»

«Fevralın 10-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticəsinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının birgə bəyanatı yayılıb. Qeyd etməliyəm ki, bəyanat sözügedən təşkilatların ənənəvi tam obyektiv olmayan mövqeyindən fərqlənməməsi ilə seçilir».

Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədov öz Facebook səhifəsində yazıb.

Ə.Əhmədovun fikrincə, cəmi 125 yer uğrunda mübarizədə 1300-dən çox namizədin iştirak etdiyi seçki kampaniyasında həqiqi rəqabətin olmaması kimi nöqsan göstərmək üçün müşahidəçilərin böyük fantaziyası olmalıdır:


«Nəzərə alınmalıdır ki, sözügedən müşahidəçilərdən savayı seçkilərin gedişini izləyən çoxsaylı beynəlxalq müşahidəçilərin rəyləri obyektivliyi və konkretliyi ilə seçilir. Təəssüf ki, ATƏT-in müşahidə missiyası yenə də ədalətli və obyektiv ola bilmədi. Ən azından, hər gün yaydıqları bəyanatda özünə yer tapmış, lakin seçki prosesində heç kimin görə bilmədiyi «nöqsanların» olması belə qənaətə gəlməyə əsas verir».

Ə.Əhmədov sonda da yazıb: «Bununla yanaşı, ədalət naminə seçki prosesinin yaxşı təşkilinə dair fikirlərin də yayılan bəyanatda əks olunmasını da qeyd etmək yerinə düşərdi. İstənilən halda, artıq arxada qalan seçki kampaniyasının demokratik atmosferdə, yüksək rəqabət şəraitində keçməsinin ən obyektiv şahidləri seçicilər və namizədlərin özü sayıla bilər. Heç şübhəsiz, 9 fevral seçkiləri Azərbaycanın demokratiya yolunda inkişafında əhəmiyyətli mərhələni təşkil edir».

Məzahir Pənahov söz verir ki, pozuntular ciddi araşdırılacaq
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Xatırlatma

Fevralın 9-da keçirilmiş erkən parlament seçkilərində yerli müşahidəçilər, media təmsilçiləri çoxsaylı pozuntuları sənədləşdirərək yayıblar. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə quruma hansısa şikayət daxil olmadığını, olarsa, araşdırılacağını bildirib.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam verib. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət edib və bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah edib.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Müxalifətdən Milli Şura və bəzi başqa qüvvələr bu seçkiləri boykot edib. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG