Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

M.Əliyev: 'Əvvəlcədən formalaşdırılmış siyahı əsasında keçirildi'


M.Əliyev
M.Əliyev

«Əslində, bu seçki necə gözlənilirdi, elə də keçdi. O mənada ki əvvəlcədən formalaşdırılmış siyahı əsasında keçirildi», – «Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev deyir. O, Milli Şuranın seçkidən təxminən 10 gün öncə siyahıları elan etdiyini yada salır.

M.Əliyevin sözlərinə görə, hakimiyyətin müstəqil namizədin parlamentə düşməsinə imkan verməyəcəyi əvvəlcədən bəlli idi. «Sadəcə, məqsəd bir sıra namizədləri parlamentdən kənarda qoymaq, onların yerinə yenilərini gətirmək idi, başqa bir şey yox idi», – deyə izah edir.

O, yalnız son nəticələr elan olunduqdan sonra parlamentin neçə faizinin yeniləşdiyi haqda qəti danışmağın mümkün olacağını bildirir. Amma indilik Milli Məclisə Erkin Qədirli və ya Vüqar Bayramov kimi namizədlərin düşdüyünü qeyd edir:


«Mən bu adı çəkilənləri müxalifət saymıram, YAP komandasından deyillər, bitərəflərdir. Məncə, məqsəd komissiyaları canlandırmaq, onları hərəkətə gətirməkdir. Onların daha fəal, daha komponent olmasını istəyirlər, hökumətlə parlament arasında işbirliyi yaradılmasına çalışırlar. Bu mənada onların iştirakı lazımdır».

M.Əliyev seçkilərdən az sonra referendum keçiriləcəyini istisna etmir. O, ölkədə durumun «kritik», «böhranlı» olduğunu iddia edir və böhrandan çıxmaq üçün hərəkət etməyin vacibliyini vurğulayır: ​«Birinci vitse-prezident Mehriban Əliyevanın rolu güclənir. Yeni parlamentin formalaşmasında onun komandasının böyük rolu olub. Hökumət kimi parlament də onun patronajlığı altında formalaşmaqdadır, vahid idarəetmə məsələsi var burda. Ona görə hesab edirəm ki, nəsə baş verəcək».

Siyasi ekspert Hikmət Hacızadə seçkiləri şərh edir
Gözlə

No media source currently available

0:00 0:06:46 0:00

H.Hacızadə: 'Bu seçki Azərbaycan tarixində görünməyən bir şou oldu'

«Bu seçki Azərbaycan tarixində görünməyən bir şou oldu», – İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR Center) rəhbəri, siyasi şərhçi Hikmət Hacızadə fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərini dəyərləndirərkən belə deyir. O, AzadlıqRadiosuna açıqlamasında bu seçkilərin niyə keçirildiyinin, məqsədinin bəlli olmadığını da bildirir:

«Total saxtakarlıqla keçirildi. Mən bu seçkini legitim saymıram. Bunlar hamısı videoya, audioya, kağıza fiksə olunub. Bunlar hamısı millətimizə, dünyaya çatdırılacaq. Əsas da odur ki, hakimiyyət bu seçkini niyə keçirib, biz başa düşmədik. Yenə parlamentin 80 faizi həmin adamlardır. Tam xaosdur».

Suallarına cavab tapa bilməyən H.Hacızadə hakimiyyətin strateqlərini tənqid edir: «Onların heç nədən başı çıxmır, nə gələcəyi görürlər, nə də iş görə bilirlər. Ölkə gör kimlərin əlindədir. 10-15 ildir səhiyyədə islahat apara və sığortanı tətbiq edə bilmirlər. İndi də bu seçki. Nəyə lazım idi bu biabırçılıq? Tam məyusluq».

Bununla belə, H.Hacızadə demokratik gənclərin seçkilərdə həvəslə iştirakını yüksək dəyərləndirir. Onun fikrincə, toplanan təcrübə gələcək seçkilərdə gərəkli olacaq.

Z.Oruc
Z.Oruc

Z.Oruc: 'Parlamentə... 40 faiz yeni insanlar daxil olublar'

«İctimai rəydə gözdən düşmüş, xeyli zəifləmiş, dövlətin yürütdüyü siyasətə adekvat olmayan, islahatlar prosesində mövqe göstərməyə qadir olmayan köhnə parlamentdən yeni, simalı parlamentə – xalqın Məclisinə ehtiyac vardı». Hakimiyyətyönlü siyasətçi Zahid Oruc yeni Milli Məclisə seçkilərin keçirilməsinin səbəblərindən danışarkən belə deyir. O, yeni parlamentin «xalqın Məclisi» olacağına inanır, hər kəsi də obyektivliyə dəvət edir.

Z.Oruc həm əvvəlki Milli Məclisin üzvü olub, həm də Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, budəfəki parlamentdə təmsil olunmaq üçün yetərli səs toplayıb.

O, seçkilərin keçirilməsi haqda səslənən tənqidlərlə, qiymətləndirmələrlə razılaşmır. Bundan başqa, parlamentdə böyük əksəriyyətin «köhnə» deputatlar olması haqda rəyə də etiraz edir: «Hesab edirəm ki, parlamentin əvvəlki tərkibinin 80 faizi qalmayıb. Daha real təhlil aparanda görəcəyik ki, parlamentə bəlkə 50-55 faiz köhnə tərkibdən qalmış olsa da, 40 faiz yeni insanlar bura daxil olublar».

Z.Oruc seçkinin müxtəlif mərhələlərini həm beynəlxalq, həm də yerli müşahidəçilərin, sıravi vətəndaşların izlədiyini, namizədliyini vermək istəyənlərə maneə yaradılmadığını, «epizodik hadisələr istisna olmaqla» təbliğat kampaniyası zamanı rahatlıqla mübarizə aparıldığını deyir. O, son zamanlar saxtakarlıq haqda danışmaqla saxtakarlığa yol verildiyini bildirir.

«Dünən qarlı hava şəraitində, kəskin soyuqda on minlərlə bərdəli fədakarlıq edib, ortaya iradə qoyublar, şəffaf mübarizənin nəticəsini yekunlaşdırıblar və bunu tanımaq lazımdır», – Z.Oruc söyləyir.

MSK-nın ilkin informasiyasına görə, Z.Oruc 94 saylı Bərdə kənd seçki dairəsi üzrə 69.6 faiz səs yığıb.

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Müxalifətdən Milli Şura və bəzi başqa qüvvələr bu seçkiləri boykot edib. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG