Həbsdə dekabrın 15-dən aclıq aksiyasına başladığını bildirən ictimai fəal Bəxtiyar Hacıyevin səhhətinin pisləşdiyi deyilir.
Bu barədə dekabrın 24-də onunla görüşən vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, buna baxmayaraq B.Hacıyev aclığı davam etdirdiyini qeyd edib.
Vəkil vurğualayıb ki, B.Hacıyevin sözlərinə görə, onu həkim müayinə edib:
"Bəxtiyar Hacıyev bildirdi ki, həkim ona qanında şəkərin kritik dərəcədə aşağı düşməsini və özünün komaya düşə biləcəyini dedi. Bəxtiyarın sözlərinə görə, o bir gün ərzində yarım kilo arıqlayıb, ürək bulantısı var ".
Bu deyilənləri, hələlik, Penitensiar Xidmətindən dəqiqləşdirmək mümkün olmayıb.
Xatırlatma
Dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal B. Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.
Hacıyevi ilyarımadək həbs təhlükəsi gözləyir. O, ittihamları qəbul etmir. Aclıq aksiyasına da başladığını apelyasiya şikayəti ilə bağlıməhkəməsində açıqlamışdı.
Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ildə də həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il həbs cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.