Hüquq müdafiəçilərinin siyasi məhbus saydığı azı 22 nəfər Belarusda məcburi psixiatrik müalicəyə cəlb edilib. Onlar dövlət rəsmilərini təhqir etməkdə, ekstremist fəaliyyətə yardımda, dövlət bayrağını endirməkdə və terrorçuluqda ittiham olunurlar.
Hələ sovet dövründə tənqidçilərin və siyasi rəqiblərin psixiatriya müəssisələrinə yerləşdirilməsi ənənəsi var idi. Hüquq müdafiəçiləri və həkimlər bu ənənənin cəza məqsədilə müasir Belarusda yenidən canlandığını deyirlər.
Adi həbs cəzalarından fərqli olaraq, məcburi psixiatrik müalicənin konkret başa çatma tarixi yoxdur. Belə şəxslər amnistiya və ya əfvdən yararlana bilmirlər. "Bu insanlar bir növ boz zonadadırlar; hətta deyərdim ki, qara zonadadırlar", –psixiatriya üzrə təhsil almış keçmiş həbsxana həkimi Vasil Zavadski bildirib.
Hüquq müdafiəçilərinin sözlərinə görə, 2020-ci ildən bəri məcburi psixiatrik müalicədən buraxılan heç bir siyasi məhbus barədə məlumat yoxdur.
Cinayət təqibindən psixiatriya xəstəxanasına
2021-ci ilin sentyabrında Minskdəki mənzilində Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları ilə atışmada öldürülən Andrey Zeltserin dul həyat yoldaşı Mariya Uspenskaya elə həmin gün saxlanılıb. O, əvvəlcə Akrestsina təcridxanasına yerləşdirilib, sonradan isə Valadarka həbsxanasına köçürülüb. Həmin ilin dekabrında o, guya müayinə olunmaq üçün Minskin Novinki kompleksində yerləşən psixiatriya müəssisəsində üç həftə saxlanılıb.
Uspenskayaya DTK əməkdaşı Dmitri Fedasyukun öldürülməsində iştirak ittihamı irəli sürülüb və Minsk məhkəməsi onun psixiatriya xəstəxanasında məcburi müalicə almasına qərar verib. Bu müalicə üçün hər hansı son tarix qoyulmayıb. "Vyasna" İnsan Hüquqları Mərkəzi Uspenskayanın hazırda Minskdəki Respublika Psixi Sağlamlıq Elmi-Praktik Mərkəzində saxlanıldığını bildirir. Onun azad edilməsi üçün ilk növbədə həkimlər müalicəyə artıq ehtiyac olmadığı qənaətinə gəlməli, bundan sonra isə müvafiq hüquqi prosedur keçirilməlidir.
Polotsk şəhərindən olan rəssam və yazıçı Nelli Alfyorova 2024-cü ildə qapalı məhkəmə prosesindən sonra məcburi müalicəyə göndərilib. O, əvvəllər seçki müşahidəçisi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə videolar yayımlayıb; daha sonra isə dövlət rəsmisini təhqir etmək ittihamı ilə cinayət təqibinə məruz qalıb.
Natalya Manıla həbsindən əvvəl siyasi məhbuslara kömək etdiyi üçün ekstremist fəaliyyətə yardım göstərməkdə ittiham olunaraq məcburi müalicəyə göndərilib.
Natalya Mikuliç dövlət rəsmisini təhqir etmək, sosial düşmənçiliyi qızışdırmaq və böhtan atmaq kimi bir sıra ittihamlar əsasında psixiatriya müəssisəsinə yerləşdirilib. Bu siyahını daha da uzatmaq olar.
"Müalicə" qərarını kim verir?
Psixiatrik ekspertiza keçirilməsini polis əməkdaşı, müstəntiq, prokuror və ya hakim tələb edə bilər. "Vyasna"nın hüquqşünası Svetlana Qolovnyovanın sözlərinə görə, məcburi müalicənin tətbiqi barədə yekun qərarı məhkəmə verir. O bildirib ki, ölkənin avtoritar lideri Aleksandr Lukaşenkonu və digər dövlət rəsmilərini təhqir etməkdə ittiham olunan şəxslər tez-tez psixiatrik ekspertizaya göndərilirlər.
Əvvəllər Belarusda işləmiş, hazırda isə Finlandiyada çalışan belaruslu psixiatr Sergey Popovun dediyinə görə, həkimlər yalnız müayinə aparırlar, şəxsin sonrakı taleyini isə məhkəmə müəyyənləşdirir. Qanuna görə, məcburi müalicə alan şəxslər azı altı aydan bir tibbi müayinədən keçirilməlidirlər. Həkimlər pasiyentin artıq müalicəyə ehtiyacı olmadığı qənaətinə gəlsələr, müvafiq rəy hazırlayaraq məhkəməyə təqdim edirlər. Popovun sözlərinə görə, bu proses heç də şəffaf deyil və həkimlər müalicəyə artıq ehtiyac olmadığını müəyyən etsələr belə, təhlükəsizlik orqanları qərarlara təsir göstərə bilirlər.
Həbsxanadan betər
Keçmiş siyasi məhbus Polina Şarendo-Panasyuk Belarus həbsxanalarında cəza çəkdiyi müddətdə bir neçə dəfə psixiatrik ekspertizadan keçirilib. Onun barəsində məcburi müalicə qərarı çıxarılmasa da, o, müayinə üçün Minskdəki Novinki psixiatriya kompleksinə göndərilib. O, beton divarlar və tikanlı məftillərlə əhatələnmiş, ciddi mühafizə edilən həmin müəssisə haqqında danışarkən deyir ki, məhbuslar təcridxanalardan ora qandallı gətirilirdilər: "Şərait həbsxanadakı kimidir, bəlkə də daha pisdir".
Şarendo-Panasyuk danışır ki, onlara əyinlərinə xeyli böyük gələn paltarlar verilir və əllərini arxalarında saxlayaraq yerimələri tələb olunurdu. Müayinə korpusundakı otaqlarda dörd dəmir çarpayı var idi və bütün mebellər döşəməyə bərkidilmişdi. Tualetdən gündə yalnız dörd dəfə, duşdan isə həftədə bir dəfə istifadə etməyə icazə verilirdi.
"Psixiatrlarla danışmaqdan qəti imtina etdim və onlara bildirdim ki, bu, cəza məqsədilə psixiatriyadan istifadədir", - keçmiş siyasi məhbus söyləyir. O, siyasi məhbusların məcburi psixiatrik müalicəyə göndərilməsi təşəbbüsünün məhz hüquq-mühafizə orqanlarından gəldiyini deyir. Həmçinin əlavə edir ki, belə şəxslər adi məhbuslar kimi azadlığa buraxılma mexanizmlərindən yararlana bilmirlər: "Adi məhbuslar gec-tez, cəzalarını çəkdikdən sonra amnistiya və ya əfv yolu ilə azadlığa çıxırlar. Bəs insanı müalicədən necə azad etmək olar? Bunun heç bir yolu yoxdur".