Keçid linkləri

2026, 07 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 20:04

Məhbus mübadiləsi ilə azad edilən jurnalist: 'Belarusa qayıdacağam'

Andjey Poçobut
Andjey Poçobut

Jurnalist Andjey Poçobut Belarusa qayıtmağa hazırlaşır. O, bunu sentyabrın 5-də Polşanın Belostok şəhərində Belarus Polyakları İttifaqının Baş Şurasının iclasından sonra "X" sosial şəbəkəsində yazıb.

AzadlıqRadiosunun rus xidməti xəbər verir ki, Şura ittifaqın sentyabrın 13-nə planlaşdırılan qurultayını təxirə salmaq barədə qərar qəbul edib. Qurultay altı ay ərzində keçirilməlidir. Poçobut bundan əvvəl sentyabr qurultayında iştirak üçün Belarusa qayıdacağını demişdi. Ancaq dediyinə görə, qurultayın təxirə salınması Qrodnoya qayıtmaq planlarını dəyişmir.

"Sərhədi dəqiq nə vaxt və harada keçəcəyimi hələ bilmirəm, ancaq bu, gələn həftə [bu həftə -red.] baş verəcək. Oraya şəxsi səbəblərə görə getmirəm. Bu işə həyatımın mühüm hissəsini həsr etmişəm. Bu fəaliyyətin davamlı olmasını və ittifaqın genişlənməsini istəyirəm", – "Polskie Radio Białystok" onun belə dediyini bildirir.

A.Poçobut Belarus jurnalisti, Belarus Polyakları İttifaqının fəalıdır. O, 2021-ci ilin martında Qrodnoda saxlanılıb. 2023-cü ilin fevralında məhkəmə onu düşmənçilik salmaqda və milli təhlükəsizliyə qarşı çağırışlarda təqsirli bilərək, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə 8 illik həbs cəzasına məhkum edib.

Poçobut 2026-cı il aprelin 28-də Belarusla Polşa arasında məhbus mübadiləsi çərçivəsində azad edilib. Polşanın baş naziri Donald Tusk həmin vaxt onunla çəkilmiş fotosunu paylaşmışdı. Tusk yazırdı ki, Poçobut Belarusa qayıdıb-qayıda bilməyəcəyini soruşub.

"Sarsılmazdır. Onun ilk sözləri "Ora qayıda biləcəyəmmi" oldu. Mən "Buna yalnız sən qərar verirsən. İndi sən azad insansan" cavabını verdim", – Tusk qeyd edib.

XS
SM
MD
LG