Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Lukashenka Amerikadan neft almaq istəyir


Öz neftayırma zavodlarının qüdrətli müttəfiqi Rusiyadan təchizat asılılığını azaltmağa can atan Belarus ilk dəfə olaraq Birləşmiş Ştatlardan neft almaq istəyir.

AzadlıqRadiosunun müxbiri Todd Prince-in yazdığına görə, bu elə bir vaxtda baş verir ki, Moskva Belarusu “ittifaq dövləti” daxilində daha dərin inteqrasiyaya çəkməyə çalışır.

Əslində son 20 ildə Rusiya-Belarus ittifaqı əsas etibarilə kağız üzərində qalıb.

Xəbər verilir ki, Belarus Dövlət Neft şirkətinin Belneftekhim konserni Minskin üzərindən sanksiyaların götürülməsi məqsədilə David Gencarellini ABŞ hökuməti qarşısında lobbiçilik üçün kirayələyib.

ABŞ Xarici Agentlərin Qeydiyyatı sənədlərindən məlum olur ki, Gencarelli Belarusa onun neftayırma zavodlarının Amerika neftini ala bilməsi üçün ABŞ Maliyyə Nazirliyindən lisenziya əldə etməkdə kömək etməlidir.

AzadlıqRadiosu yazır ki, son otuz ildə lobbiçiliklə məşğul olan Gencarelli hələlik bu xəbər barədə şərh verməyib.

Belarusun Vaşinqtondakı səfirliyi də bu xəbərə reaksiya göstərməyib.

Rusiya ona ucuz enerji satmaqla Belarusu indiyədək öz nüfuz dairəsində saxlaya bilib.

Neft emalı Belarus iqtisadiyyatının və ixracatının əsas sahələrindən biridir. Belarusun emal etdiyi neft onun daxili ehtiyaclarından çoxdur.

Lakin indi Rusiya Belarusa verdiyi subsidiyaları azaldacağını deyir. Şərhçilərin fikrincə bu, Minski ittifaqa daha möhkəm bağlamaq üçün edilir.

Belarus prezidenti Alyaksandr Lukashenka deyib ki, o ölkə ticarətində Rusiyanın payını 50 faizdən 30 faizə endirməyi planlaşdırır. Bu məqsədə çatmağın yollarından biri də ABŞ neftini idxal etməkdir.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya proqramının direktor müavini Jeff Mankoff AzadlıqRadiosuna deyib ki, Minsk onun üçün qoyulmuş qırmızı xətlərin haradan keçdiyini yoxlamaq istəyir:

“Düşünürəm ki, onlar başqa variantlarının olmasını istərdilər, lakin indilik bu, (Rusiyaya - red) təzyiq vasitəsidir. Yəni “siz bizim subsidiyamızı kəsirsiniz, onda biz xam nefti amerikalılardan ala bilərik”.

Lukashenka may ayında Qazaxıstana səfəri zamanı da ölkəsinin neft idxalını şaxələndirmək istədiyini demişdi. O vaxt Rusiyadan gələn neftin çirklənməsi ilə bağlı problem vardı.

Belarus keçmişdə Venesuela və Azərbaycandan da neft alıb, lakin Rusiya Minskin xam neft idxalının az qala hamısını verir.

ABŞ-ın neft hasilatı son onillikdə rekord həddə çatıb və avqust ayı üçün bu rəqəm günə 12, 3 milyon barreldir.

ABŞ xam nefti ötən iyul ayında ilk dəfə olaraq Ukraynaya ixrac edilib. Lakin Belarus hələki sanksiyalara görə bu imkandan istifadə edə bilmir.

Vaşinqton Belarus üzərinə sanksiyaları ilk dəfə 2006-cı ildə ölkədəki insan haqlarının bərbad vəziyyətinə görə qoyub. Bir il sonra Belneftekhim də sanksiyalar siyahısına daxil edilib.

Birləşmiş Ştatlar 2015-ci ildə Belneftekhim üzərindəki sanksiyaları 6 ay müddətinə dondurmuşdu. O vaxt Lukashenka seçkiyə müşahidəçiləri buraxmış və bəzi siyasi məhbusları azad etmişdi.

Sanksiyalardan güzəşt hər altı aydan bir təzələnir. Sanksiyaların dondurulmasının indiki 6 aylıq müddəti oktyabrın 25-də bitir.

Gencarelliyə məhz belə bir vaxtda müraciət edilib. Onun ABŞ hökumət agentlikləri ilə sentyabr və ya oktyabrda görüşəcəyi gözlənilir.

AzadlıqRadiosu yazır ki, əgər Gencarelli uğur qazana bilsə, Belarus ondan Belneftekhim konserni üzərindən sanksiyaların birdəfəlik qaldırılması üçün lobbiçilik etməsini istəyəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG