Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:00

'Belə biabırçılıq olmaz axı...'


İsa Qəmbər, Osman Kazımov və Mustafa Hacılı
İsa Qəmbər, Osman Kazımov və Mustafa Hacılı

Dövlət əleyhinə açıq çağırışlarda suçlanan Bastainfo saytının baş redaktoru Mustafa Hacılı məhkəmədə özünü təqsirli bilməyib və indiki mərhələdə ifadə verməkdən imtina edib. Deyib ki, öncə şahid qismində tanınan şəxslər, o cümlədən Bastainfo-dakı yazılardan təşviş keçirdiyini iddia edən üç qadın dindirilsin, sonra özü də ifadə verəcək. Bu, yanvarın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Məhkəmədə öncə prokuror ittiham aktını elan edib. Məlum olub ki, M.Hacılı saytda 5 iyulda yayımlanmış «Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb», 6 iyulda isə «Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb» başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub. Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.

İttihamda yazılıb ki, M.Hacılı «Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədilə» bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib. İddia olunur ki, Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım MəmmədovaZülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər, narahatlıq keçiriblər.

«O şəkli Mustafa Hacılı necə əldə edə bilərdi?»

M.Hacılının vəkili Osman Kazımov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs nəinki özünü təqsirli bilmir, ümumiyyətlə, ittihamın mahiyyəti onlara aydın deyil. Vəkil prokurorun ittihama aydınlıq gətirilməsini tələb edib: «Belə biabırçılıq olmaz axı...»

Ardından üç şahid dindirilib - Heybət Əmrah, Könül Alıyeva Rüfət Baxışov. Onlar saytın əməkdaşlarıdır və Bastainfo-ya ictimai əsaslarla yazılar yazdıqlarını söyləyiblər.

K.Alıyeva bildirib ki, saytla bağlı başlanmış cinayət işində əsas göstərilən məqalələrin hər ikisi başqa mənbədən götürülüb, istinadla dərc olunub: «İstinadla dərc olunmuş məqaləyə görə bizə qarşı cinayət işi başlanıb. Absurddur».

O.Kazımov deyib ki, saytın əməkdaşlarının dindirilməsi, onların ifadələrinin bu ittihama aidiyyəti yoxdur. Prokurorluq şahidlərin sayını artırmaqdan ötrü bu üsulu seçib.

«Məqalədə Yunis Səfərovun döyülmüş vəziyyətdə olan şəklindən bəhs olunur. O şəkli Mustafa Hacılı necə əldə edə bilərdi? Əgər hadisə polis idarəsində baş veribsə, deməli, foto da oradan ötürülüb və sosial şəbəkələrdə yayılıb. İnsanlar da baxır, dövlətə inamsızlıq yaranır. Adamlar düşünür ki, dövlət nəzarət eləsə, polis idarəsində adamı bu vəziyyətə salmazlar. Bunu Mustafa Hacılı eləmir ki...», – vəkil bildirib.

Məhkəmə yanvarın 29-da davam edəcək.

Xatırlatma

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan «yalan məlumatlar» və «qanunsuz çağırışlar»a dair cinayət işi qaldırıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə M.Hacılı iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da o, təqsirləndirilən şəxs qismində cəlb olunub. M.Hacılıya qarşı 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, M.Hacılı 8 ilədək azadlıqdan məhrum edilə bilər.

M.Hacılı barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG