Keçid linkləri

2024, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 04:54

İmişlidə 'cəhənnəm yolu'nda narahatlıq


Bəhrəmtəpə-Biləsuvar yolu
Bəhrəmtəpə-Biləsuvar yolu

Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən keçən hissəsindən üzü Biləsuvara sarı burulub azacıq irəliləyən kimi asfalt örtük yoxa çıxır. Yerli sakinlərin ifadəsi ilə desək, «sanki «Koroğlu» dastanında Qıratın sınaqdan keçirildiyi ərazi başlanır». Düzdür, yol kənarında təmir işləri aparılmağını və həyəcan bildirən lövhələr var. «Azəravtoyol» ASC adından müvəqqəti narahatlığa görə üzr istənilir. Amma Biləsuvarda məskunlaşan Cəbrayıl köçkünü Seymur Məmmədov deyir ki, yoldakı narahatlıq heç də müvəqqəti hal deyil:

«Biz burada məskunlaşandan bəri yol elə bu kökdədir. Müxtəlif vaxtlarda aparılan təmir işləri ya yarımçıq qalıb, ya da keyfiyyətsiz edilib. İndi heç bir iş görülmür. Xəstələri nə Biləsuvar, nə də İmişli xəstəxanasına vaxtında çatdırmaq olur. Hamilə qadınları yaşayış məntəqələrindən erkən çıxarırlar. Çünki doğuş ərəfəsində aparılanda, ya ana ölür, ya da uşaq düşür. Bu, «cəhənnəm yolu»dur. Burada yaşayan adamlar da, əkinlər, ağac və kollar da daim toz altındadır».

Cəbrayıl köçkünü Seymur Məmmədov
Cəbrayıl köçkünü Seymur Məmmədov

TOZ YOLLARDA DAİMİ DUMAN YARADIB

Yol bütövlükdə bərbad vəziyyətdə deyil. Sürücülər də, yerli sakinlər də onun 6 kilometrlik başlanğıcından və Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən bir neçə il əvvəl asfaltlanan 24 kilometrlik qurtaracağından narazı deyillər. Bərbad durum ortada olan 32 kilometrlik hissəsidir. Yağıntılı günlərdə yolun hərəkət hissəsində dərin çalalar yaranır və oradan heç də bütün nəqliyyat vasitələri keçə bilmir. Bəzi sürücülər öz istiqamətlərində olan maneəni aşa bilmədiklərindən qarşı tərəfin yoluna keçməli olurlar ki, bu da qəza təhlükəsi yaradır. Quraqlıq vaxtlarda isə havaya qalxan toz dumanından yolda 10 metrdən artıq məsafə görünmür. Buna görə günün günorta çağı avtomobillər fənərlərini yandırmalı olur.

Sakinlər bildirir ki, 2011-ci ilin payızında güclü yağışdan sonra bu yolun 28-ci kilometrliyində xeyli avtomobil palçıqda batıb qalıb. Həmin maşınların böyük hissəsi qonşu rayonların yol istismar idarələrinin, digər təşkilatların texnikalarının köməyi ilə yedəyə alınaraq çıxarılıb. Xilasetmə işləri bir sutkadan artıq vaxt aparıb.

Cəlilabad sakini olan «Kamaz» sürücüsü Elşən Həsənov bildirir ki, quraqlıq vaxtda belə, bərbad yol hissəsini qət etməyə bir neçə saat vaxt sərf edir:

«Bir saatlıq yolu biz 5 saata gedirik. Onu da gedə bilsək... Maşınlarımız tez-tez bu yolda sınıb qalır. Belə vaxtda ya kənar yerdən usta, ya da qoşub aparmağa ağır texnika gətirdirik. Bu yola heç bir maşın dözməz. Üstəlik, vəziyyət qaçılmaz qəza şəraitidir. Bu yola girəndə əlimiz göydə olur ki, mənzil başına salamat çataq».

Yağıntılı günlərdə yolun hərəkət hissəsində dərin çalalar yaranır
Yağıntılı günlərdə yolun hərəkət hissəsində dərin çalalar yaranır

HƏR GÜN AZI 10 MİN NƏFƏR BU YOLDAN KEÇİR

Bu, ölkənin cənub bölgəsində əsas avtomobil yollarındandır. O, «Azərbaycan Respublikasının avtomobil yolları xəritəsi»ndə R-42 indeksi ilə «respublika əhəmiyyətli avtomobil yolları» təsnifatında yer alıb. Yolun ümumi uzunluğu 62 kilometrdir.

İmişlinin Çaxırlı, Qızılkənd, Aranlı, Hacırüstəmli kəndləri, habelə Cəbrayıl rayonundan olan məcburi köçkünlərdən ötrü salınan 11 qəsəbə bu yolun kənarında yerləşir. Burada həmçinin, «Azərsun Holdinq»in kənd təsərrüfatı kompleksi və konserv zavodu da var. Həmin müəssisədə çalışan iki min nəfərdən artıq işçi də hər gün bu yolu gedib-gəlmək məcburiyyətindədir. Sakinlərin deməsinə görə, yolun asfalt örtüyünün dağılmağı elə həmin kompleksin tikintisi aparılan vaxtdan başlayıb. İmişlinin Bəhrəmtəpə qəsəbəsində və Araz çayı boyunca olan bir neçə kəndində qum və çınqıl yataqları var. Həmin yataqlardan çıxarılan məhsullar da cənub bölgəsinə bu yolla aparılır. Yolda tozu artıran qumun maşınlarda üstüaçıq aparılmasıdır. Qəribədir ki, bu texnikaların bəziləri yol istismar qaydalarına nəzarət etməli olan «Azəravtoyol» ASC-yə məxsusdur.

Nəhayət, bu yoldan Lənkəran, Cəlilabad, Biləsuvar, Salyan rayonlarından Gəncə şəhərinə doğru istiqamətlənən sərnişin avtobusları keçir. Sakinlər bildirir ki, son illər adları çəkilən şəhərlər arasındakı marşrut xətləri də dəyişib. Bəzi sürücülər bu «cəhənnəm əzabı»nı yaşamamaqdan ötrü 50-100 kilometr əlavə məsafə qət etməklə dolayı yollardan istifadə edir.

İmişlinin Hacırüstəmli kəndinin sakinləri
İmişlinin Hacırüstəmli kəndinin sakinləri

«NƏ TƏCİLİ YARDIM GƏLƏ BİLİR, NƏ DƏ POLİS»

Bu yol üstündə ən çox əziyyəti, demələrinə görə, İmişlinin Hacırüstəmli kəndinin sakinləri çəkir. Kənd bərbad yol hissəsinin tən ortasında yerləşdiyindən buradan həm İmişliyə, həm də Biləsuvara gedib-gəlmək çətindir. Xüsusilə yağıntılı günlərdə hərəkət məhdudlaşır. Sakinlər bildirir ki, kəndə hələ də təbii qaz gəlib çatmayıb, elektrik enerjisinin verilişində fasilələr olur. Yolun bərbadlığına görə avtobus da işləmir:

«Hadisə olanda, nə təcili yardım vaxtında çata bilir, nə də polis. Bura sanki dünyanın qurtaracağıdır. Bizə bolluca toz uddururlar. Ağaclarımızı da heç vaxt yaşıl görməzsiniz. Burada bütün canlılar toz kəfəninə bürünüb».

Bu il Hacırüstəmli kəndində pay torpaqlarının təqribən yarısında- 402 hektarda pambıq əkilib. Yolun bərbadlığı, deyilənlərə görə, kəndə həm becərmə, həm də yığım və daşıma işi görən texnikaların gəlişini çətinləşdirib.

«ƏMMA» ÇIXMASA, YOLUN ÇƏKİLİŞİNƏ GƏLƏN İL BAŞLANILA BİLƏR

Yolun vəziyyəti ilə bağlı İmişli rayonunun Qızılkənd, Aranlı və Hacırüstəmli kəndlərinin sakinləri Prezident Administrasiyasına, Milli Məclisə, Nəqliyyat Nazirliyinə, hətta Dövlət Təhlükəsizliyi Xidmətinə dəfələrlə kollektiv müraciət ünvanlayıblar. Hələ 2013-cü ildə «Azəryolservis» ASC bildirirdi ki, yolun yenidən qurulmasından ötrü layihə-smeta sənədləri hazırlanır. Eyni zamanda, tikinti işlərinin maliyyələşdirilməsi məqsədilə beynəlxalq qurumlarla danışıqlar aparılır.

«Azəravtoyol» ASC
«Azəravtoyol» ASC

Üstündən 3 il ötəndən sonra-2016-cı ildə «Azəryolservis» ASC-nin hüquqi varisi olan «Azəravtoyol» ASC-dən də təxminən eyni məzmunlu cavab gəlib:

«Yolun yenidən qurulması xarici investisiya hesabına həyata keçiriləcək. Aidiyyəti sənədləşmə işlərindən və texniki prosedurlardan sonra layihənin icrasına başlanılacaq».

«Son vəziyyət yaxşıdır»- bunu «Azəravtoyol» ASC-nin mətbuat katibi Anar Nəcəfli deyir. Onun deməsinə görə, Mingəçevirdən Bəhrəmtəpə istiqamətində olan ümumi yolun yenidən qurulması layihəsi hazırda icra olunur:

«Bu layihə üzrə Mingəçevirlə stansiya arasındakı yol tamamlanıb. Yevlaxdan Ağcabədiyə, sonuncudan isə Bəhrəmtəpəyə olan hissədə tikinti-yenidənqurma işi gedir. Layihənin davamı olaraq təxminən 2018-ci ilin sonlarında Bəhrəmtəpə-Biləsuvar yolunun yenidən qurulmasına başlanılacaq. Layihə-smeta sənədləri Avropa Yenidənqurma və İnkişaf Bankına təqdim edilib. Nəzərdə tutulan yol tikintisi işləri onların ayıracağı maliyyə vəsaiti hesabına görüləcək».

QANUN BU BƏHANƏYƏ HAQQ QAZANDIRMIR

«Avtomobil yolları haqqında» Qanuna görə, dövlət avtomobil yollarının yaradılması və saxlanılması tədbirləri ölkənin ümumi sosial-iqtisadi inkişaf proqnozlaşmasının tərkib hissəsidir. Yolların saxlanılması, onların təyinatına görə istifadə edilməsi zamanı istifadəçilərin və nəqliyyat vasitələrinin fasiləsiz, təhlükəsiz hərəkətinə təminat yaradılmalıdır.

Yol fəaliyyəti həyata keçirilən zaman ekologiyanın və əhalinin sağlamlığının mühafizəsi tələbləri də yerinə yetirilməlidir.

Ekspertlərin fikrincə, Bəhrəmtəpə-Biləsuvar yolunda bu qanunun bir çox tələbləri pozulur. Üstəlik, sözügedən qanunda ölkə əhəmiyyətli yolların təmirinin, yenidən qurulmasının xarici investisiyadan asılılığı da qeyd edilməyib.

XS
SM
MD
LG