Bugün, iyulun 28-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər bölgədə mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların həlli ilə bağlı məsələləri müzakirə ediblər.
Nazirliyin bildirməsinə görə, iki ölkə (Azərbaycan və Ermənistan) sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb.
Qurumun açıqlamasına görə, nazir son günlərdə Ermənistan tərəfindən təxribatlara əl atılması və nəticədə Azərbaycanın bir hərbi qulluqçusunun həlak olması, iksinin isə yaralanması barədə qarşı tərəfə məlumat verib.
"Azərbaycan tərəfinin bu təxribatlara cavab olaraq müvafiq tədbirlər gördüyü və sərhəd mövqelərimizi müdafiə etdiyi qeyd olunub. Nazir Azərbaycanın vəziyyətin gərginləşməsində maraqlı olmadığını və bütün fikir ayrılıqlarının siyasi, diplomatik yolla həllinin tərəfdarı olduğunu vurğulayıb" - məlumatda deyilir.
Açıqlamaya görə, Ceyhun Bayramov Ermənistanın məsuliyyətini dərk etməsinin və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur.
Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.
Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Gərginliyə görə, öz növbəsində Azərbaycanı günahlandıran Ermənistanın da açıqlamasına görə, son gündə onun 3 hərbçisi ölüb, ikisi isə yaralanıb.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri üçtərəfli bəyanat imzalayıblar.Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.